Masallı rayonunda bir qrup müəllimlə təhsil şöbəsinin rəhbərliyi arasında narazılıq olduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna Masallı rayonundan adlarının çəkilməsini istəməyən müəllimlər danışıblar. Onların deməsinə görə, narazılığa səbəb rayon təhsil şöbəsinin müdir əvəzi Tariyel Əkbərovun direktorlara müəllimlərlə bağlanan müqavilələrin pozulmasına dair göstəriş verməsidir. Müəllimlərin bildirməsinə görə, müdir əvəzi direktorlara müqavilələrin qanunvericiliyə uyğun bağlanmadığını söyləyib.
Bu məsələdə söhbətin onlarla müəllimin taleyindən getdiyi qeyd edilir.
«Əvvəl müəllimlərdən tələb etdilər ki, işdən çıxmaları ilə bağlı ərizə yazsınlar. Müəllimlər bunu etmədilər, bundan sonra isə təhsil şöbəsi müəllimlərin işdən azad edilmələrinə nail olmaq üçün direktorlara təzyiqlərə başladı»,-deyə şikayətçilərdən biri bildirib.
Həmin şikayətçinin deməsinə görə, əsasən də 2011-2012-ci illərdə məktəblərə qəbul edilmiş müəllimlərlə müqaviləni pozmaq istəyirlər.
«MÜƏLLİMLƏRİN ÇOXUNUN KREDİTİ VAR»
«Əgər bizim məktəblərə müəllim kimi qəbul edilməyimiz, bağlanan müqavilələr qanunvericiliyə uyğun deyildisə, o zaman bu haqda niyə danışmırdılar?», - müəllimlərdən biri sual edib.
Şikayətçilər deyiblər ki, onlar müəllim kimi fəaliyyət göstərməkdən ötrü müasir təhsilin tələb etdiyi testlərdən və yoxlamalardan keçiblər.
«Təsəvvür edin, müəllimlərin çoxunun krediti var. Kimi oğul-qız evləndirməyə hazırlaşır, kimi hansısa problemlərini həll etmək istəyir»,-deyə bir başqa müəllim vurğulayıb.
Müəllimlər üstəlik, deyiblər ki, hələ də, məzuniyyət pullarını ala bilməyiblər: «Ramazan bayramı qurtarsın, yəqin ki, haqlarımızı qorumaq üçün məhkəmələrə üz tutacağıq».
QANUNU POZAN DİREKTORLAR İŞDƏN ÇIXARILACAQ
Masallı rayon təhsil şöbəsinin müdir əvəzi Tariyel Əkbərov isə deyir ki, həmin müəllimlər işə qəbul edilən zaman əmək qanunvericiliyinin tələbələri pozulub. Müdir əvəzinin fikrincə, müəllimlərin işə qəbulu ilə bağlı direktorların müddətsiz müqavilə imzalaması qanunsuzluqdur. T.Əkbərov belə qanunsuzluqlara yol verən məktəb direktorlarının işdən azad ediləcəyini də söyləyib. Amma T.Əkbərov bu məsələdə müəllimlərin günahının nədən ibarət olması ilə bağlı verilən sualı cavablandırmayıb.