-
Bu ilin iyul ayında Ermənistanda Beynəlxalq “Qızıl ərik” kino festivalının 13-cüsü baş tutub. İyulun 17-nə kimi davam edəcək festival, hər il olduğu kimi Ermənistanın paytaxtı İrəvanda keçirilir. Festivalın məqsədi Erməni kinosunun müasir və keçmişdə çəkilmiş örnəklərini, həmçinin dünya filminə aid əsərləri tamaşaçılara çatdırmaqdır.
Festivalda nümayiş olunan “Sonuncu sakin” filmi xüsusilə erməni mediasının diqqətini cəlb edib. Belə ki, 2016-cı ildə çəkilmiş film Qarabağ müharibəsi zamanı erməni əhalisi qaçmış kəntdə ruhi xəstə olan qızı ilə birgə qalan yeganə erməni Abqar və ona yardım edən azərbaycanlı qonşusu İbrahimin əhvalatından bəhs edir.
Filmin ssenarisi erməni yazıçısı Çovinar Xaçaturyanın 90-cı illərdə baş vermiş hadisələrdən bəhs edən “Gürcevanın sonuncu sakini” povesti əsasında hazırlanıb.
Filmin rejissoru Jivan Avetisyan öz filmini qətiyyən hərbi drama hesab etmir. O deyir ki, “Bu daha çox dərin, güclü insan faciəsidir. Biz bunu milli mövzuda film hesab edirik, amma istərdim ordakı hadisələr dünyanın istənilən nöqtəsindəki, istənilən insan üçün anlaşılan olsun”.
Filmdə hadisələrin çoxu Azərbaycanın ərazisi olan Qarabağda baş verdiyi üçün, azərbaycanca dialoqlar da çoxluq təşkil edir.
Filmdə iranlı, litvalı, yunan, amerikalı, rus və erməni aktyorlar oynayır. Yeri gəlmişkən filmdəki baş rollardan biri, azərbaycanlı İbrahim rolunu Abbas Kiarostaminin “Albalı dadı” filmindən bizə tanış olan iranlı aktyor Homayoun Ershadi oynayır. Xatırladaq ki, bundan öncə Homayoun Ershadi Azərbaycanın çəkdiyi “Əli və Nino” filmində Əlinin atası rolunda oynayıb.