Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Azər Əhmədov: Los Angeles-dən Fargoya qədər səyahət


Böyük Utah səhrası.
Böyük Utah səhrası.

-

Azər Əhmədov

YOL QEYDLƏRI

(gerçək səyahət ədəbiyyatı*)

Alı (Siyamək) Səbrinin əziz xatirəsinə

Greyhound həm it adıdır, həm də Los Angeles’ə getmək üçün xidmətindən yararlandığımız avtobus şirkətinin adı. Subaykən 3-4 dəfə getmişəm bu avtobusla, indi ailəliykən brinici dəfədir. ABŞda ən populyar avtobus şirkəti olsa da əsasən kasıb adamlar yararlanır bu şirkətin xidmətindən. Bu avtobuslarda oğurluq, soyğunçuluq halları barədə çox eşitmişəm, amma dost-tanış bizi ürəkləndirir ki, qorxmayın, ən azı Los Angeles’ə qədər gedin, bu tərəflərdə Greyhound təhlükəsizdir, pis olmaz.

ABŞ-da məşhur nəqliyyat şirkətinə məxsuz "Greyhound" avtobusu.
ABŞ-da məşhur nəqliyyat şirkətinə məxsuz "Greyhound" avtobusu.

Santa Barbaradakı son günlərimizin birində qorxunc bir zəlzələ olmuşdu. Zəlzələdən dərhal sonra telefon zəng çalanda elə bildik dost-tanışlardır, bizə ürək-dirək verəcəklər, amma məlum olur ki, Mazda Protegé’mizə müştəri çıxıb, almaq istəyirlər. Tanış bir hindli ailəsidir.

Onsuz da belə yüngül maşınla uzaq yola çıxmağa ürək eləmirdik, maşını satmağa həvəslə razı oluruq. Kaliforniyanı tərk edəcəyimizə bircə gün qalmış maşını satırıq. Amma indi gərək iki min beş yüz kilometr məsafədə yerləşən Quzey Dakotaya getmək üçün bir yol tapaq. Yolüstü müxtəlif yerlərdə dayanmağı planladığımızdan təzə maşın kirələmək çox baha çıxır. Aglımıza gələn bu Greyhound avtobusu olur. “Las Vegas’a qədər gedək, orda bir şey fikirləşərik”, düşünürük.

It-avtobus nazlana-nazlana yerindən tərpənir. Hər şey dogrudan da rahat və gözəldir. Amma Los Angeles’ə çatmağa 40-45 dəqiqə qalmış avtobusun arxa cərgəsində bir balaca səs-küy qalxır. Bir kişi yanındakına acıqlı-acıqlı nəsə deyir. Sonra səs-küy böyüyür, kişi getdikcə səsini qaldırır, sonra da başlayıb yanındakıların hamısını hədələyir, söyür.

Sürücü yalnız hər 3-4 dəqiqədən bir mikrofonla “please keep quiet” deməklə kifayətlənir. Söyən kişi sonra ayağa qalxıb ona-buna sataşa-sataşa avtobusun önünə tərəf gəlir. “Azərbaycan olsaydı, kimsə mütləq güc göstərib yerində otuzdurardı əclafı” məndən öndə oturmuş arvadımla öz aramızda sərnişinlərin qarasına deyinirik, “amma burda hamı sakitcə baxır, heç kimin vecinə deyil”. Kişi mənə çatanda sərt-sərt ona baxmağımı gorub avtobusun o biri yarısında, mənimlə eyni səviyyədəki boş kresolaya oturur. Indi də məni hədələməyə başlayır. Baş və şəhadət barmağı ilə tapanca düzəldib mənə tuşlayır, “nə öldurərdim səni!”, deyir,“düz başından vurardım, bhuu”. Asaram-kəsərəm deməsindən bəllidir ki, üzərində silah yoxdur. Içkili deyil, ağzından iy gəlmir, amma fiziki cəhətdən zəif birisinə bənzəyir. Hərdən də yanımda, pəncərə tərəfdə oturmuş beş yaşlı qızıma göz qoyur. Artıq qərar vermişəm ki, bircə hərəkət də etsə bununla əlbəyaxa olacam. Dalaşsaq ona üstün gələcəyimə əminəm. Sonuncu dəfə orta məktəbdə, 7-ci sinifdə oxuyanda əlbəyaxa olmuşam – yoldaşlarım rəqibimi məndən bir az güclü saysalar da onda da qalıb gələcəyimə əmin idim, qalib də gəlmişdim. Nəsə var da məndə belə qabiliyyət, özüm səviyyədə və hətta bir az daha güclü görünən adamların bəzən əslində fiziksəl olaraq daha zəif olduğunu duyub ürəklənmək.

Buna da bax: "Futbol sevən adamın xatirələri..."

Amma mən əvvəl qaşlarımı çatıb, sonra gözlərimi bərəldib, yumruğumu düyüb, sonra da o biri yumruğumu düyüb, və sonda da ayaqlarımı yerə möhkəm dirəyib davaya özümü tam hazır bir vəziyyətə gətirən anda kişi qəfildən mənə marağını itirib sağ yanındakı, pəncərə tərəfdən oturmuş yaşlı qadına tərəf dönür. Əvvəl guya nəsə kompliment deyir, qadından reaksiya görməyəndə onu sıxcalayıb, əlləməyə başlayır. Döşlərinə əl atır, bundan doymayıb dili ilə də qadını yalamaq istəyir. Yenə də heç kim yerindən tərpənmir. Ətrafıma baxıb göz kontaktı yaradıram adamlarla, heç kim zərrə qədər də olsun maraq göstərmir nəsə etməyə, nə də mənə bir siqnal verən var ki, nəsə et. Yaşlı qadın özundən kənara itələsə də kişi hacıyatmaz kimi təzədən qadına çırpılır. Qadın yenə itələyir.

”Please keep quiet” – sürücünün səsinin tonunda heç nə dəyişməyib. Elə bil uşağa deyir sakit ol. Adamın əsəblərinə toxunur surucunun etinasızlığı. Amma sən demə səsin tonu heç söyən kişinin də xoşuna gəlmirmiş, indi də durub sürücüyə tərəf gedir, baslayır onu da söyməyə. Elə o dəqiqə də sürücü avtobusu saxlayıb polisə zəng vurur. 15 dəqiqə keçməmiş iki polis maşını gəlir. Adamı avtobusdan düşürdüb həbs edirlər. Polislər onu maşına basanda, “mən dünən çıxmışam türmədən, evə gedirdim” deməsini eşidirəm.

----------------------

Los Angeles’də ləngimədən davam edirik Las Vegas’a tərəf. Bu dəfə arvadımla yanaşı oturmuşuq, qızımız da bizimlə eyni səviyyədəki digər iki kresloda uzanıb mışıl-mışıl yatır. Biz sakit-sakit söhbət edirik, hərdən ikimiz də yatan qızımıza baxırıq. Böyüyür artıq, avqustun axırından Fargo’da məktəbə gedəcək, hazırlıq sinfinə. Nə tez böyüdü…

Arvadım Santa Barbarada çox deyinirdi, mənim səfərimizi və sata bilmədiyimiz əşyalarımızın daşınmasını yaxşı təşkil edə bilməməyimdən, və də Kaliforniya kimi ştatı atıb soyuq Dakotaya getməyimizdən gileylənirdi elə hey. Amma səfərə çıxan andan indiyə qədər heç nədən deyinməyib, yanımda olmağından çox sakit və rahatam. Xırda-xırda keçmişdən, gələcəkdən danışırıq. Əlimlə tez-tez saçlarını oxşayıram, özümə sıxıb qucaqlayıram.

Ikimiz də oturacağın söykəncəyini maksimum arxaya əymişik. Birdən arxadakı qadın “qaldırın bu söykənciyi, məni əzirsiniz” deyir. “Söykəncəyi əymək tam normaldır, hamının buna ixtiyarı var” demək istəyirəm, amma özümünkünü qaldırıb, arvadımı gostərib ayrı söz deyirəm:

- O yorulub, dincəlmək istəyir.

- Bilirsən nə var, mənə dəxli yoxdur o neynəmək istəyir. Məni əzir sizin söykəncək.

- Bəs neynəsin, dincəlməsin?

- Bilmirəm neynəsin, mənə nə var. Zəhmət çəksin getsin ayrı yer tapsın özünə.

Başıyla da qızım yatan yeri göstərir. Qadın çox əsəbidir. Dodaqları səyriyir əsəbdən. Qaradərili, 40 yaşlarında bir xanımdır. Bir az da şişman. Yanında 8-10 yaşlarında bir oğlan uşaği var, dəhşət də nadincdir, bayaqdan elə hey qadını əsəbləşdirməklə məşğuldur. Yəqin oğludur. Evli olmadığı aşkardır qadının.

Bir-birimizə baxırıq. Qadının dodaqları hələ də səyriyir. Az qala ağlayacaq. Arvadım tez söykəncəyi qaldırır. Űzr istəyir. Mən də dönürəm. Bir müddət dinib-danışmırıq arvadımla. Daha oxşamıram onu…

----------------------

Nevadaya hələ çatmamış hardan keçəcəyimizi öncədən bilirdik. Yolun qırağındakı termometrdə 122 F (50 C) görüncə artıq anlayırıq ki, çatmışıq. Ölüm vadisi! Dəniz səviyyəsindən 86 metr aşağıda, Quzey Amerikanın ən aşağı nöqtəsi.

Dünyanin ən isti yeri! Tarixdə ən isti temperatur 1913-cu ildə burda qeydə alınıb, 134F (56.7C). Bəzən bütöv il ərzində bir damci da olsun yağış düşmür, gün ərzindəki yüksək temperatur aylarla 40 dərəcə Celcius’dan yuxarida qalır. 2001-ci ildə arda-arda 154 gün belə olub! Torpaq havadan da çox qızır burda, müdhiş 200 farenhayta çata bilir torpaqdakı istilik.

Ölüm vadisi dünyanın ən isti yeri adı uğrunda bir ara Liviyadaki Əl-Əziziyyə qəsəbəsi ilə də yarışıb. Əl-Əziziyyədə 1922-ci ildə 136.4F (58C) temperatur rekord nəticə kimi göstərilibmiş, amma sonradan iqlimşünaslar bu rəqəmin səhv olduğu qərarına gəliblər, birinciliyi təzədən Ölüm vadisinə veriblər.

Buna da bax: "Gunnar düz deyirmiş, İslandiyada da rüşvət var"

Dünyanın bu iki ən isti yerinin adlarına baxın: burdakına “ölüm” adı qoyublar, ordakına “əziz”. Bir müsəlman dindar tanışım var, mənim yerimə olsa deyərdi ki, ölüm də elə əzizdir, gözəldir…

Kaliforniyayla Nevadanın sərhədinə yaxınlaşdıqca, səhralıqda, sağ tərəfimizdə heç vaxt görmədiyim qəribə ağaclar peyda olur, yola davam etdikcə sayları daha da çoxalır. Tezliklə bu ağacların yaratdığı füsunkar “meşəlik” artıq baxdıqca üfüqə qədər uzanır.

2-3 metr hündürlüyündə əyri-üyrü gövdəli ağacdır. Başında adda-budda topa-topa iynə yarpaqları var. Uzaqdan baxanda bu topalar qanqal çiçəyinə bənzəyir, amma qanqaldan çox-çox iridirlər. 20-30 sanitmetrlik radiusunda iri kürələr. Bu yarpaqlardan başqa bütünlüklə gövdədən və quru budaqlardan ibarətdir ağac, yarpaq topaları da budaqların lap ucundadır. Nədir bu ağacin adi? Belə bir şeyi heç şəkildə də görməmişəm. “Kaş atam bizimlə indi burda olaydı”, arvadıma deyirəm. Mütləq tanıyacaqdı bu bitkini. Latınca da uzun bir adını deyəcəkdi. Sonra da dediyinə izahat verəcəkdi, filan növ, filan cins, filan fəsilə, filan sıra… Artıq yarım saatdır ki, gözümü çəkmirəm bu ağaclardan, təkrar-təkrar da nədir gorəsən bu ağacın adı deyib dururam. Öz dilimizdə deyirəm təbii, arvadıma. Nədir bu ağacın adı? Kənardan birisi nə barədə soruşduğumu gozlərimin ifadəsindənmi, səsimin tonundanmı anlayır:”bunlara Joshua ağacı deyirlər, oğul”. Dönüb səs gələn tərəfə baxıram. Qoca bir kişidir. Bir ata mehribanlığı ılə baxır mənə.

Dönüb bir də təzədən Joshua ağaclarının meşəsinə baxıram. Əbədilik gözlərimə hopdururam bu mənzərəni. Ölümün gözəl olub-olmadığını bilmirəm, amma Ölüm vadisi gözəlmiş!

----------------------

Las Vegas’da beş gün qalırıq. Circus-circus hotelində, uşaqlar uçun ən münasib olan hotel budur.

Küçədə bir cütlük gorürəm, kişi (35-40 yaşlarında) lüt qız heykəlciklərinin arasında çöməlib oturub. Sağında və solunda ona qədər heykəlcikdir. Qızlar dallarını çeviriblər. Kişi sağ əlini sağındakı qızın dalının sol yanağına qoyub. Sol əlini də solundakı qızın dalının sağ yanağına. Qadın kişisinin şəklini çəkir fotokamera ilə. Kişinin üzündə əsəbmi, acıqmı, təəssüfmü, tam anlaya bilmədiyim bir ifadə var. Qadının üzündə günah hissi var.

----------------------

Qərara gəlirirk ki, elə yenə avtobusla Denver’ə gedib iki gün orda qalaq. 9-10 saatlıq yoldur. Ordan sonra da daha nə qalır ki, əlavə də bir 12-13 saatlıq yol.

Greyhound səhər lap tezdən çıxır Vegas’dan. Tezliklə Nevada’nın güney doğusundan Arizona’ya girir, və tez də ordan Utah ştatına çatır.

Utah səhrasında Mars dağlarına bənzər dağlıqlar.
Utah səhrasında Mars dağlarına bənzər dağlıqlar.

Utah’a ailəlikcə ikinci gəlişimizdir, 3 il əvvəl ştatın quzeyinə, Salt Lake City ərazisinə səfər eləmişdik. Bu böyük şəhərdən azca aralı Park City şəhərciyində bir həftəyə qədər qalmışdıq. Dəniz səviyyəsindən çox hündürdə, əsasən şam ağacları meşəliklərilə örtülmüş dağlıq ərazidə yerləşir bu balaca şəhər. Biz mayda gəlmişdik, amma ən çox qışda gəlirlər Park City’yə, xizək sürməyə.

İndisə ştatın güneyindəyik. Əfsanəvi Utah səhrasi hələ Nevada ərazisindən başlayıb. Daha dəqiq elmi adi Glen Canyon Group Formasiyasıdır. Kayenta, Moenave, Navajo və Wingate adlanan dörd formasiyadan ibarətdir bu qrup; son Trias və ilkin Yura dövrlərindən başlayır tarixi. Nevada, Arizona, New Mexico, Utah və Colorado ştatlarının ərazisinə düşür, amma ən çox da Utah’ın. Formasiyaların dördünə də yalnız Utah’da rast gəlmək olar.

"Buna da bax: Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)"

Bura Yerin Marsı da deyirlər. Tərkibindəki dəmirin oksidləşməsindən (paslanmasından) torpaq, daş-qayalar qıpqırmızıdır. Qırmızı planet adlandırdğımız Mars da – baxmayaraq ki, indi sərbəst oksigen yox kimidir orda – vaxitilə dəmirin oksidləşməsi hesabına qızarıb, səthində santimetrlər, bəzi yerlərdə hətta metrlər qalınlığında pas yığılıb. Küləyin bu pası havaya sovurması nəticəsində Marsın atmosferi də daima qırmızı olur.

Yaxşı ki, külək əsmir, düşünürəm, yoxsa indi burda da qırmızı toz-torpağa batardıq. Amma külək tez-tez əsir bu səhralıqda. Milyon illərin erroziyası yona-yona bir sənət əsəri yapıb hər qayadan. Avtobus iki saata qədər açıq havada bu möhtəşəm muzeyin içərisi ilə aparır bizi. Bu muzeyi yaradan küləkdir!

Ən gözəl rəssam-heykəltəraş təbiətdir – hisslərimi ifadə etməkçün bu klişedən dəqiq həç nə tapa bilmirəm.

Heyrət edirəm ki, üç il əvvəl gördüyümüz Utah yamyaşıl idi, indi gördüyümüz Utah’sa qıpqırmızı!

-------------------------

Heç bir yaşayış məntəqəsinə rast gəlmədən mükəmməl düzbucaqlı formasında ərazisi olan Colorado’ya çatırıq. Ştatın adı ərazisindəki 5 milyon il tarixi olan Colorado çayının adından götürülüb. Özlərinə fateh (conquistador) deməyi sevən ispan işğalçıları çayın yatağının qırmızı olduğunu görüb ona bu adı veriblər: qırmızı rəngli!

5 millyon il geoloji ölçülərdə çox böyük bir zaman olmaya bilər – Amazon çayının 200 milyon il yaşı var – amma yenə də kifayət edib ki, çay axdığı dağların ürəyində dərin şırımlar açsın, yarğanlar yaratsın. Əfsanəvi Grand Canyon Colorado çayının Arizonaya çatdığı ərazilərində yerləşir, amma dərinliyi və gözəlliyi heyrət doğuran yarğanlara çay yatağının böyük bir hissəsi boyu rast gəlmək olar.

Biz bu çaya yolumuz üstündə rast gəlmişdik artıq – bir dəfə Nevada’dan Arizona’ya keçəndə kəsmişdik onu, bir dəfə də Arizona ilə Utah’ın sərhəddində. Növbəti dəfə Grand Junction’da keçirik çayın üstündən. Bu şəhər ilə Denver arasında çoxlu kurort zonaları yerləşir; ən çox qışda xizək sürmək üçün məşhur olsa da, yayda da çox populyardır buralar. Içi kasıb adamlarla dolu olan avtobusumuz daha çox varlı adamların sevdikləri bu yerlərdə dolaşa-dolaşa nəhayət Denver’ə yaxınlaşır.

Dəniz səviyyəsindən düz 1 mil yuxarıda yerləşir Denver – Mile-High City ləqəbini alib buna görə. ABŞda xoşlayırlar şəhərlərə ləqəb verməyi – New York’un ləqəbi Böyük Almadır, Chicago’nun ləqəbi Küləklər Şəhəri, Los Angeles’in ləqəbi… adı elə ən yaxşı ləqəbdir – Mələklər Şəhəri… Denver’ə qərb tərəfdən daxil olmaq üçün 1 mildən də daha hündür dağlara dırmaşır avtobus, sonra ehtiyatla və yavaş-yavaş aşağı düşdükcə bütün şəhərə doyunca tamaşa etmək fürsəti verir bizə.

-------------------------

Denver’in mərkəzində bir topa adam görürəm. Daşdan düzəldilmiş, uzunsov bir masanın başına yığışıblar.

Şahmat oyunu gedir. Yaxınlaşıb salam verirəm. Hamısı məni taniyirmiş kimi bir ağızdan salamımı alırlar. Oynamaqçun novbəyə dururam. Xırda-xırda gedən söhbətlərə mən də qoşuluram.

-Bələ vəziyyətdə gərək topu dəyişməyəsən. Top qalacaqsa heç-heçəyə şansın var – tösmərək bir kişi qıraqdan məsləhət verir.

Küçə və klub oyunlarında bu tip ümumi məsləhətlərə etiraz etmirlər adətən, xüsusən də məsləhət uduzan tərəfə verilirsə.

-Sən bilirsənmi, mən Buşla Kerrinin seçkilərində Buşun neçə faiz yığacağını dəqiq proqnoz vermişdim – üzü çopur, kepkalı kişi deyir.

-Sən də bunun kimi ukraynalımısan? – hündürboy bığlı kişi məndən soruşur.

-Yox, ukraynlaı deyil, amma o da, mən də ruslara nifrət edirik – yarım saat bundan qabaq tanış olduğum tösmərək kişi əvəzimə cavab verir.

Sifətimə baxıb gülümsəyir, öz-özlüyundə verdiyi cavabın mənim ürəyimcə olduğuna əmindir. Cavabını əslində gözləmədiyimdən bir az şaşqınlıqla baxıram ona, amma kişinin sifətindəki ifadə eynidir, tövrunu dəyişmədən gülümsəyir yenə.

-Heç Buşun seçkilərdə udacağını da çox adam gozləmirdi. Amma mən faizinə qədər düz dedim. Əslində diqqətlə izləsən…

Oynamaq növbəm çatır. Qoca bir kişidir rəqibim. Məndən əvvəlki oyunçularin hamısını məğlub edib.

Buna da bax: "Amerikadan Azərbaycan şeirləri"

Hərəyə 10 dəqiqəlik oyun oynayırıq. d4-lə açır. Ala di, gəldi holland müdafiəsi. Elə debütdəcə ciddi üstünlük qazanıram, qocanın debütdə gedişləri düzgün bilmədiyindən ürəklənib cəsarətlə təzyiqi artırıram. Vaxtda da irəliyəm. Hər gedişdən sonra qocanı süzürəm – sifəti tarıma çəkilib, ağır-ağır nəfəs alır. Deyilənə gorə Karpov Korçnoyla matçında hər gedişi etdikdən sonra düz Korçnoyun gözlərinə baxırmış, Korçnoy da əsəbiləşirmiş bundan. Anand da deyir ki, hər gedişi etdikdən sonra əyilib rəqibinin necə nəfəs almasına diqqətlə qulaq asır. Görsün rəqib onun gedişini gozləyirdimi. Şahmatçılar üz ifadələrini gizlətməkdə ustadırlar, gorünür nəfəslərini hələ gizlədə bilmirlər. Atamın tez-tez işlətdiyi “alçağın nəfəsi də yalandan gedib-gəlir” sozləri yadıma düşür. Bir də Fişer yadıma düşür. Yarızarafat deyirdi ki, şahmat oyununda ən çox xoşladığı an rəqibin artıq uduzduğunu anlamasına tamaşa etməkdir: “gorəndə ki, artıq onun sonu çatır, içindən sınıb dağılır, cilik-cilik olur; biləndə ki, bu gün evə gedib öz saxta boyüklüyü barədə düşünməyəcək yenə…”

Artıq tam qələbə çalacağıma əmin olduğum bir zamanda profilaktik səhv edirəm. Buna şahmatda “qələbədən zəhərlənmə” deyirlər. Gözləmədiyim halda rəqibim gozəl bir gediş tapır, bir anın içərisində hər şey dəyişir, ingiliscə deyilən kimi, masa tərsinə çevrilir. Bu dəfə kurəyim divara mənəm artıq məğlubiyyətdən yaxa qurtarmağa çalışan.

Bacardığımı edirəm, belə vəziyyətlərdə soyuqqanlı və hiyləgər olmağı yaxşı bilirəm. Yenə də hər gedişdən sonra qocanı süzürəm. Sifətində hələ də gərginlik və ciddiyyət var. Kim bilir neçə ildir şahmat oynayır burda, elə bu küçədə, elə bu masanın başında. Hamıdan güclüsü odurmu burda? Mənim kimi bir yoldan keçən onu yensəydi necə olardı?

3-4 gedişdən də sonra aydın olur ki, artıq oyunu xilas edə bilməyəcəm.

-Sən bizim yerlərə bir az tez gəlmisən, oğlan.

Sözlərində istehza və kiçiltmə var, gözlərindəsə məzə və mehribançılıq. Qocanın bu sozünə bir qram da cırnamıram. Insan evsiz ola bilər, işsiz ola bilər, amma bir şahmat situasiyasında gözəl bir gediş tapar, və saatlarla, bəzən gunlərlə özünü xoşbaxtların xoşbaxtı sayar.

---------------------

Bu dəfə səhər tezdən Denverdən çıxıb Omahaya tərəf gedirik. Gunorta vaxtı, “düzbucaqlının” quzey-doğu təpəsindən çıxıb Nebarskaya girər-girməz avtobus kiçik Ogallala qəsəbəsində dayanır. Arvadım “get bir səndviçdən-zaddan al bizə, uşaq da acdır”, deyir.

Yaxınlıqdakı Subway’də avtobusdakı sərnişinlərdən də bir neçəsinin növbəyə durduğunu gorürəm. Biri elə mənim arxamdadır. Űzü çapıq-çapıq cavan bir oğlandır. Elə bil bıçaq yerləridir üzündəki. Doğrudan da bıçaq yerləridir, başqa nə ola bilər ki? Budamı türmədən təzə çıxıb?

Ona bircə anlıq baxdığımı görən kimi dərhal mənimlə söhbətə başlayır. Nəzakət xatirinə cavab verdikcə söhbəti dərinləşdirir. Burnunu başqasının işinə soxanlara bənzəyir. Kobudluqla səmimiyyətin sərhəddində oynayır sanki. Bir az da söhbət etdikcə ondan qorxmağa başlayıram. Türmədən lap təzəcəçıxıb, düşünürəm, yəqin bu da türmədən ötrü darıxır. Bircə avtobusda harda oturduğumu bilməsəydi, allahdan avtobusun içi qaranlıqldır, adamlardan gizlənmək olur. Yaxamı ondan qurtarıb avtobusa, arvadımla qızımın yanına dönürəm. Alın, səndviç, tez yeyin, yatın.

----------------------

Günortadan xeyli keçib. 3 saata Omahada olmalıyıq. Günəşli bir gündür. Colorado’nun dağlıq hissələri elə Denver’dən az sonra bitir, ordan bu tərəfə dümdüz düzəngahdır. Baxırsan lap üfüqə qədər bax, ürəyin və gözün istəyən qədər.

Űfüqə yox, ətrafıma baxıram. Hər tərəf pəmbə-pəmbə buludlardır, topa-topa. Buludlar yerə enib! Belə mənzərə görməmişəm ömrümdə! Tez arvadımı və qızımı oyadıram. Gözlərini ovub matdım-matdım baxırlar. Yolda adamlar maşınlardan videokameraları çıxarıb çəkirlər.

Uşaqkən pambıq tarlalarını ozümçün gözəl-gözəl təsəvvür edirdim. Bibimi məktəbdən (Cəbrayılın Xələfli kəndindən) Beyləqana pambığa aparırdılar. Səhər lap tezdən gedirdi, axşam 10-da, 11-də gəlirdi. Gələndə hər gün mənə pambıqdan bəzən iri, bəzən də xırda toplar düzəldib gətirirdi.

Məktəbli bibim Beyləqanda pambıq yığdığı zamanlarda mən onu ağappaq bulud kimi bir şeylərin içərisi ilə üzə-üzə gedən təsəvvür ediridm. Pambıqlar buludlardır sanki, əlini atıb buludlardan bir az qoparırsan, torbana doldurursan. İstəsən lap bütün buludu doldurarsan torbana, bir dəqiqiəyə torban dolar.

3-4 il sonra həyatımda ilk dəfə pambıq tarlası gördüm. Nə qədər miskin bir görkəmi varmış! Ijdanovda vijdansızlar gör məktəb uşaqlarını harda işlədirmişlər!

Qarşıma indi çıxmışdı təsəvvürümdə canlandırdığım və xatirələrimdə yaşatdığım həmin o gözəl “pambıq tarlası”. Amma birdən arvadım deyir ki, bax, adamlar buludları çəkmirlər. Ətrafa deyil, hamı nəsə irəliyə, üfüqə dirəyib kamerasını. Niyəə? Diqqətlə baxanda üfüqdə qaraltı gorürük. Bu qaraltının nəyini çəkirlər? Dogrudan da axı, heç kim buludlara fikir vermir, camaat ayrı şeyə baxırmış. Artıq avtobusun içərisində də adamlar qurcalanır, həmişəki sakitlik yoxdur daha, yatanlar oyanıb, oyaq olanlar ayağa durub. Çox keçmir ki, kimsə dilinə də gətirir o məşum sözü:”tornado!!!”

Kaliforniyada keçirdiyimiz son yayın əvvəlində qum tufanı olmuşdu. Mənim iş otağım altıncı mərtəbədəydi. Pəncərəmi açıq qoyurdum çox zaman. Səhər işə gələndə masamın ustundə neçə santimetr qalınlığında toz vardı. Bütün şəhər, maşınlar, ağaclar tozun içərisindəydi. Toz!

Sonra yayın ortalarına doğru meşə yanğınları başladı. Həftəylə davam edən yanğın bir ara biz yaşadğımız evdən cəmisi yarım kilometr aralıya qədər gəlmişdi, sonra külək yanğının istiqamətini dəyişdi. Şəhərin bir tərəfini köçürtdulər, məşhur botanika bağının bir hissəsi, iyirmiyə qədər də ev yandı. Hollywood aktyorlarının yaşadığı super-varlı məhəllələrdən də bir neçə ev yanıb külə döndü. Dağlardakı heyvanlar (Santa Barbara okeanla dağların arasında yerləşir) artıq Hollywood aktyorlarının da evlərinin yandığını görüb tüpürmuşdulər dabanlarına, şəhərin kuçələri tülkü, dovşan, ilan, kərtənkələ, quşla dolmuşdu. Hətta ayı da görünmüşdü küçələrdə, bizə xəbərdarlıq etmişdilər ki, küçələrə çıxmayaq, ayı var.

Nə ola bilər ayıdan da pis? His! Gecələr daha çox olurdu, adamın burnundan içəriyə, düz beyninə qədər mismar soxurdular elə bil. Neçə dəfə oldu ki, gecələr özümüzə söz verirdik sabah çıxıb gedəcəyik şəhərdən. Sabah his çəkildiyi üçün bəlkə axşam bir də olmaz ümidi ilə yenə qalırdıq. 4-5 gün beləcə səhərlər özümüzü aldadıb, axşamlar lənətləyirdik.

İndi bu son iki ay ərzindəki toz tufani, meşə yanğınları, zəlzələ, Ölüm vadisəndki 50 dərəcə temperatur kimi təhlükələr kolleksiyamıza birini də artıracaqdıq: tornado! Başqa nə qalır görmədiyimiz? zatən gedəcəyimiz Dakotada həyatımızın ən soyuq günlərini yaşayacağımızı bilirdik. Başqa hansı təbii fəlakətlər qalır? vulkan, sunami, qar uçqunu, çay daşqınları…

Avtobusun sürücüsü daima öz ofisləri ilə telefon əlaqəsindəydi. Burulğan artıq yerə dəymişdi yaxın ərazilərin birində; sürücüyə məlumat verilirdi, harda və nə vaxt, və daha harda gözlənilir.

Bir neçə dəqiqədən sonra isə biz çox dəhşətli bir yağişa düşmüşdük. Sürücünün düz arxasında oturduğumuzdan ən azı 270 dərəcəlik bir baxış bucağımız vardı. Bütün istiqamətlərdə şimşək və göy gurutusu ara vermirdi. Mən ilk dəfə dəhşətli yağışları Connecticut’da görmüşəm, çaxan şimşəklərin səsindən gecələr yatmaq olmurdu, şəhərin bütün maşınları ildırımın təsirindən səs-səsə verib siqnal çalırdı. Amma indi gördüklərim tanıdığım, bildiyim heç nəyə bənzəmirdi. Hər 3-5 saniyədən bir göylər büsbütün işiqlanırdı, ildırımlar hər dəfə bir ayri şəkildə xətlər cızırdı havada. Həm baxmaq istəyirdin bu gözəlliyə, həm də gözlərini yumub görməmək bu dəhşəti.

Avtobusdaykən bimirdik ki, yağış yağdısa demək tornado təhlükəsi yoxdur daha. Tornado yalnız buludların kənarında yaranır, hələ yağış olmayan yerlərdə. Canımızda hələ tornado qorxusu, və də elə bu dəhşətli ildırımların qorxusu, düşünürdük ki, yəqin sürücü bir andaca avtobusu bir daldaya çəkib saxlayacaq. Osa öz ofisi ilə söhbət edə-edə aşağı sürətlə də olsa yola davam edirdi. 50 yaşlarında dolu bir xanım olan bu sürücünün səsindəki sakitlik və sülh heyrətə salırdı məni. Daha söhbət də tornado və ümumiyyətlə hava barədə deyildi. Telefonun o başındakı qadınla gündəlik məişət qayğılarından danışırdılar.

Bir saatdan sonra, artıq yağış tam bitəndən sonra, avtobus Omaha’dan çox da uzaq olmayan balaca bir məntəqədə dayandı. “Yarım saatlıq fasilə, uzağa getməyin”, sürücü elan verdi.

Hava qaralıb, axşamdır. Arvadım və qızım yatırlar. Avtobusdan düşəndə nəsə səs-küy eşidirəm, məndən əvvəl düşmüş sərnişinlər bir yerə toplaşıb həyəcanla nəyəsə baxırlar. Iri bir qurbağaymış demə. Yaxınlaşmağa qorxurlar. Bayaq Ogallala’da mənim qorxduğum üzü çapıq “türemşik” də düşüb, yerdədir. Asta-asta topaya yaxınlaşır. Adamları aralayıb qurbağanı əlinə alir. Yekkkə və bədheybət bir qurbağadır. Görürsünüz bunu? – soruşur – anasının əmcəyini kəsəndir bu. Sonra siqaretindən bir udum alıb tüstüsünü şiddətlə qurbağanın üzərinə buraxır. Yaxşı-yaxşı baxın bu əclafa – qurbağanı bir az da yuxarı qaldırır. Bərkdən və ürək dolusu gülür.

Adamların vicdanının nə qədər təmiz olması onlar güləndə bilinir – illər öncə Triest’dəki (Italiyadakı) mənzilimdə bir həftəlik qonaq qalmış özbək riyaziyyatçı xanım Müxəyya Rəsulova deyib bunu mənə - kimin vicdanı daha təmizdirsə o daha ürəkdən gülür. Müxəyyanın sözlərini və bayaq üzü çapıq oğlan haqdakı önyarğılı düşüncələrimi xatırlayıb özüm özümdən utanıram.

Qəhvə içmək uçun yaxınlıqdakı Arby’s-ə girirəm. Hamı tornadodan danışır. Mənim kimi burdakılar da bərk qorxubmuş. Ən çox ofisiantlardır danışan, 3-4 orta yaşlı qadındır. Içəridəki biz müştərilər də onların ətrafında oturmuşuq, “counter”in başında. Qadınlar həyəcanla danışırlar, səslərində hələ də təlaş var.

Aralarında gənc bir qiz da var, yaxınlaşıb nə istədiyimi soruşur, qəhvə tökür. Yaşı otuzdan az olar, “mən yatmışdım”, o biri ofisiantlara deyir, “heç nədən xəbərim olmayib”. O biri qadınlar “necə yatmışdın, o boyda həngamədən necə xəbər tutmamısan?” kimi sözlərlə sanki bu gənc qızı da təlaşlandırmaq istəyirlər. Nə qədər çalışırlarsa da qızın uzundəki işıqlı təbəssüm bir qram da əskilmir. Çox da oynaqdır, o biri qadınlar sohbətdəykən tez-tez qəhvə maşınında qəhvə hazırlayır, müştərilərin qayğısına qalır. O yan, bu yana keçdikcə arada qadınların da söhbətinə qarışır, bir söz də o deyir. Dediyində qorxu və təlaşdan heç bir əsər-əlamət yoxdur, bu da elə bil qadınları daha da qızışdırır. Mənə yaxınlaşır.

- Yenə qəhvə istəyirsənmi?

- İstəyirəm.

- Süd yenə istəyirsənmi?

- İstəyirəm.

Axşam vaxtı qəhvə hələ bu qədər çox ləzzət eləməmişdi mənə. Yenə qəhvə tökür. Sağ əli ilə tökür, amma mən həm də onun sol əlinə baxıram. Barmağında üzük yoxdur, evli deyil demək. Yenidən sağ əlinə baxıram, nişanlı da deyil. Gözəldir, nəcibdir. Otuza yaxın yaşı olar. Burda ofisiant işləyir, yəqin orta məktəbdən o tərəfə təhsili də yoxdur. Nişanlısı və əri yoxdur. Hamının qorxduğu və qorxutduğu bu otaqda bircə odur dunyanı işıqlı görən. Belə situasiyada, adətən “sənin üzündə kədər niyə belə azdır?” məşhur sualı keçir fikrimdən, amma indi fərqli və daha dəqiq bir sual vermək istəyirəm qıza: sən niyə bu qədər xoşbaxtsan?

------------------------------

Omahadan gündüz saat 10-11 arası çıxırıq. I-29 əsas yolu Omahadan düz şimala millənir, bizi Fargo’ya aparacaq yol bu yoldur. Avtobus yorğa-yorğa gedir, xırda-xırda çayların üstündən, yaşıl tarlaların içərisindən keçə-keçə nəhayət sürət alır. Bir də Sioux Falls şəhərində dayanırıq. Suu’ların Şəlaləsi! Guney Dakota ilə Iowa’nın arasında yerləşən bu şəhərin çox gözəl olduğunu görsək də burda qalıb gəzmək planımız yoxdur. Səfərin bitməsini səbirsizliklə gözləyirik.

Qırmızı Bulud və digər suu döyüşçüləri böyük suu müharibəsi dövründə.
Qırmızı Bulud və digər suu döyüşçüləri böyük suu müharibəsi dövründə.

Suu (“shu” yaxud “syu” kimi də tələffüz oluna bilər, ingiliscə “sioux” kimi yazılır) sayca çox böyük hindu qəbiləsinin adıdır. Dakota, Lakota və Nakota adlı fərqli amma yaxın dialektlərdə danışan üç əsas tayfanı birləşdirir. Döyüşkən və hərb etməyi çox sevən bir qəbilədir, ağlara qarşı ən böyük hərbi müqaviməti məhz suular göstəriblər, ağır zərbələr vurublar onlara. Amma təkcə ağlara qarşı deyil, tarix boyu öz qonşu hindu qəbilələrinə də çox xətər yetiriblər. “Suu” həmin qonşu qəbilələrin brinin sözüdür, mənası “düşmən” deməkdir. Suularsa öz dillərində ozlərinə düşmən yox, dost deyirlər. Mənsub olduqları dialekətlərdə dakota, lakota və nakota sözlərinin hər üçü “dost” (və “müttəfiq”) mənasını verir.

Hindu terminini anlaşılmazlıq yaranmasin deyə məcburiyyət qarşısında qalıb işlədirəm – ABŞda artıq çoxdandır ki, doğru olaraq onlara yerli amerikalilar və yaxud yerlilər deyirlər. Təkcə elə ABŞ ərazisində onlarla fərqli hindu tayflarının qalıqları indi də mövcuddur. Suular Guney və Quzey Dakotalarda, Minnesotada (suu dilindədir bu söz də, minni-su, sota-buludlu), Montana (ispanca “dağlıq yer” mənasını verir) və Wyoming ştatlarında yaşayıblar tarixən. Bu sonuncu ştatın da adı hindu sözüdür. Algonquin hindularının sözüdür. Bu qəbilə ABŞın şərqində, Pennsylvania ərazisində yaşayıb; ordan buralara köçən ağlar sozü də özləri ilə gətiriblər. Űmumiyyətlə, ABŞdakı 50 ştatdan 26-nın adı hindu, 23-ününkü isə Avropa kökənli sözlərdir. 50-ci ştatın – Hawaii’nin – adı isə bu adalarda yaşayan yerli əhalinin dilindəndir, mənası vətən, doğma torpaq deməkdir.

--------------------

Sioux Falls’dan çıxırıq. Cəmisi üç saat yolumuz qalıb. Bu dəfə yenə avtobusun lap önündə oturmuşuq. Arvadımla qızım qapının ağzındakı kreslolarda oturublar, mənsə sürücünün düz arxasında.

Tezliklə qırmızı adlanan – amma bu dəfə ispanca yox, ingiliscə – başqa bir çaya çatırıq. Qırmızı çay (tam adı Red River of the North’dur – Quzeyin Qırmızı çayı) Dakotaların və Minnesotanın qovuşma nöqtəsindən başlayır, getdiyimiz I-29 boyunca düz şimala axır, Minnesota və Quzey Dakota ştatlarını bir-birindən ayırır, sonra Kanadaya keçir, Winnipeg şəhərinə çatır. Sonra axıb şəhərdən 55 kilometr aralı, şimaldakı Winnipeg gölünə tökülür.

Güneydən quzeyə axan çaylardandır. Yazda buzlar əriyən zaman, çayın başlanğıcında buzlar tamam əriyib qurtarsa da, sonunda hələ də bərk olur, bu səbəbdən çayda suyun hərəkəti yavaşıyır və bu daşqınlara səbəb olur. Farqoda sonuncu böyük daşqın 1997-ci ildə olub. Mənə deyirlər ki, həmin o daşqında şəhərin bir hissəsini su basib, həmin su basan ərazidə də bir binanın yuxarı mərtəbəsində yanğın düşüb. Aşağını su basıbmış, yuxarıda da yanğın. Adamlar sözun həqiqi və hərfi mənasında odla su arasında qalıbmışlar. Ondan daha əvvəlki böyük daşqın isə uzaq 1950-ci ildə olsa da, xırda-xırda daşqınlar, yaxud sızmalar, şəhərin içində olmasa da kənarlarında az qala hər il olur. Deyirlər avropalılar burda ilk dəfə məskən salanda hindular gülürmüşlər ki, adam da çayın kənarında şəhər salarmı, bəs çay daşsa nə edəcəksiniz?

Fargo’nun və daha çox da Winnipeg’in tarixində mühüm rolu olub Qırmızı çayın. 20-ci əsrin əvvəlinə qədər Avropadan Quzey Amerikaya gələn əsas ticarət yollarından birinin üstündə yerləşirmiş Winnipeg. Ora gələn ticarət malları həmin bu Qırmızı çayla güneyə götürülürmuş, sonra da azacıq quru yolla böyük Mississipi’yə. 1914-cu ildə Panama kanalı açılanda bu ticarət yolu dəbdən düşüb əhəmiyyətini itirir. O zamana qədər müdhiş bir sürətlə böyüyən Winnipeg’də inkişaf dayanır…

Sürücü xanım qızımızı göstərib soruşur

- Nə yaxşı uşaqdır bu, neçə yaşı var?

- Beş.

- Bu yaşda mən özünü bu qədər yaxşı aparan uşaq görməmişəm. Bayaqdan yol gəlirik, hələ bir dəfə də olsun nadinclik etməyib.

Azər Əhmədovun səyahət boyu gəzdiyi yerlərin xəritəsi.
Azər Əhmədovun səyahət boyu gəzdiyi yerlərin xəritəsi.

​Arvadım təşəkkur edir, “hə, elədir”, deyir, bir az da o tərifləyir. Fərəhlə, mən də qızımıza baxıram. Doqquz gün bundan qabaq yola çıxanda ən çox ondan qorxurdum. Deyirdim dözə bilməyəcək belə uzun yola. Osa bəzən gündə 2-3 dəfə “yorulmadınız ki, darıxmayın, çatacayıq” deyərək arvadımı da, məni də utandırırdı. Qorxduğu oldu, əziyyət çəkdiyi oldu, darıxdığı oldu, amma bir dəfə də olsun şikayət etmədi. Nebraskada ildırımlar çaxan vaxtı bənizi ağarsa da, mənim əlimdən tutub “qorxma, avtobusun içində bizə heç nə olmaz” deməsini xatırlayıram.

İndi sakit-sakit oturub kartof çipsləri yeyir. Bayaqdan gözünü dikib yollara, hər şeyə diqqət eləyir. Vaxtından çox əvvəl ağıllanıb boyümüş qızıma görə ürəyimdə tanrıya təşəkkur edirəm: bu cür nəcib təbiətli bir uşağa nə arvadım layiq idi, nə də mən – arvadımla bunu etiraf etmişik artıq bir-birimizə.

Başımı söykəncəyə dirəyirəm. Istəyirəm mənzilbaşına çata-çatda bir az da olsa yatım. Arxamda bir yaşlı arvad bir cavan oğlanı bayaqdan söhbətə tutub. Hər şeyi soruşur, yaşın neçədir, işin necədir, qizdostun varmı, onu həqiqətən sevirsənmi, o da səni sevirmi? Mən özüm də sevirəm, – deyir, – bir oğlum, bir qızım var, ikisi də böyüyüblər artıq, evlidirlər, xoşbəxtdirlər. Indi də mən özümün xoşbəxtliyimçun çalışıram, elə indi də sevgilimin yanına gedirəm.

Amerikada yaşayan Azərbaycanlı yazar Azər Əhmədov.
Amerikada yaşayan Azərbaycanlı yazar Azər Əhmədov.

Yorğunam, çalışıram yatım, alınmır. Avtobus da atıb-tutur məni, yuxumu pozur. Qərara gəlirəm ki, elə ən yaxşısı başımı arxaya soykəyib mürgüləməkdir. Xəfifcə yırğalana-yırğalana mürgüləyəsən. Nə tam ayıq olasan, nə də tam yatmış; bu ikisinin sərhədində qalasan. Adda-budda da xoşbəxtlik, sevgi, şad yaşamaq və başqa bu kimi gözəl mətləblər haqda sözlər dəyə qulağına. Başın ağırlaşdıqca beynində gözəl-gözəl düşüncələr yaradasan. Bilməyəsən düşündüklərin yuxudur yoxsa gerçəklik.

Oktyabr, 2008. Quzey Dakota. 2016-cı ilin redaktəsi ilə.

*non-fiction travel literature anlamında işlədilib.

XS
SM
MD
LG