►“Sizin məruz qaldığınız işgəncələr barədə oxumaq belə qorxulu və dəhşətlidir”
“Nəhayət, sizə yaza bilirəm. Bütün bu vaxt ərzində sizin, yoldaşlarınızın səhhəti üçün narahat olduğumu söyləyə bilirəm. Bağışlayın ki, uzun müddət yaza bilmədim ”.
Tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, hazırda xaricdə müalicədə olan Leyla Yunus həbsdə olan ilahiyyatçı Taleh Bağırova məktubunda belə yazır.
*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənləri bizdə izləyin!
Hüquq müdafiəçisi məktubunda həbsdə olduğu zamanlarda üzləşdiyi ağır çətinlikləri yada salır.
“Öncə hospital, sonra da az qalmışdılar sıradan çıxarsınlar. Ancaq mənim kimi veterenları sıradan çıxarmaq asan deyil. Sizin məruz qaldığınız işgəncələr barədə oxumaq belə qorxulu və dəhşətlidir”.
L.Yunus məktubunda qeyd edir ki, insanları müsəlman, xristian, yəhudi və ateistlərə bölmür. Millətləri də eləcə.
“Var insanlar və insan olmayan pislər. Əgər biz bir-birimizi dəstəkləməsək, insan olmayanlar bizi məhv edər. Bakıda gündəlik həbslər barədə oxuyarkən aydın başa düşürsən ki, məhz insanların bir olmaması pisliklərə yol açır”, L.Yunus yazır.
Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'
Hüquq müdafiəçisi məktubunun sonunda qeyd edib ki, yaxın günlərdə “Uran” əməliyyatına başlayacaq.
“İkinci Dünya Müharibəsinin tarixini tap və 1939-1945-ci illərdə baş vermiş hərbi əməliyyatlar haqda diqqətlə oxu. Bağışla ki, nə etmək fikrində olduğumu başqa cür izah etmək imkanlarım yoxdur”, məktubun sonunda L.Yunus vurğulayıb.
Leyla Yunus 2014-ci ildə həbs edilmişdi. Bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay həbs cəzası almışdı. O qanunsuz sahibkarlıq, vergidən yayınma və daha bir neçə maddə ilə ittiham edilirdi. Hüquq müdafiəçisi ittihamları qəbul etmirdi.
Sonradan 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona verilən cəza şərti hesab olundu və L.Yunus həbsdən buraxılıb.
Hüquq müdafiəçisinin üzərində şərti cəza olduğu əsas gətirilərək, onun ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə L.Yunus ölkədən kənara buraxıldı. Hazırda o, həyat yoldaşı ilə birgə Hollandiyadadır.
“Müsəlman Birliyi Hərəkatının” rəhbəri T.Bağırov isə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur. T.Bağırzadə ittihamları qəbul etmir. Heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.
Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 6 nəfərin həlak olduğu bildirilir. Həmin hadisələrə görə, ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlar 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası alıblar.