Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Diktatordan qurtulmağın mümkünsüzlüyü


İraq, Səddamın dağıdılmış heykəli.
İraq, Səddamın dağıdılmış heykəli.

-

"Sən bir diktaroru öldürməklə hər şeyin dəyişəcəyini düşünəcək qədər çox saf insansan. Bu cəmiyyətdə, millətdə bir diktatoru öldürsən, digəri peyda olacaq".

Yusif Hansen

DİKTATORUN ÖLÜMÜ

(hekayə)

Gənc yazar Yusif Hansen
Gənc yazar Yusif Hansen

Dilənçilər məhəlləsində yaşayan qocanın qapısını döyəndə əlləri, dizləri əsirdi. Qocanın evinə böyük ümidlə gəlmişdi. Gələcəyi dəyişəcəyinə, digər insanlar ilə birgə rahat həyat yaşayacağına dair xəyallar ilə sərxoş olmuşdu.

Keçmişə qayıtmaq üçün zaman maşını kəşf edən qoca haqqında təsadüfən küçədə iki yad insanın söhbətindən eşitmişdi. Zaman maşını barədə söhbətlərə gülən gənclər qocanın artıq dəli olduğunu düşünürdülər.

Həmin vaxtdan beyninə keçmişi dəyişmək barədə fikrlər rahatlıq vermirdi. Sonunda qocanı axtarıb tapmışdı. Və indi həmin qocanın qapısını döyürdü.
Qapını açan kişi onun üzünə baxaraq nə istədiyini soruşdu. Donub qalmışdı. Və nəhayət dillənib içəri keçmək üçün icazə istədi.

Buna da bax: "Mən müharibədə ölmək istəmirəm"

Əvvəlcə necə başlayacağını bilmirdi. Kişinin üzünə baxıb dayanmışdı. Cəsarətini toplayıb kəkələyərək dedi:

- Sizin zaman maşınınızdan istifadə etmək istərdim.

Qoca güldü və qapını örtərək otağa keçdi. Ardınca o da getdi.

- Zaman maşını ilə hara getmək istəyirsən? - qoca soruşdu.

- 90 il öncəyə. - o cavab verdi.

- Nə etmək istəyirsən orda? - qoca maraqlandı.

- Hüseyni öldürəcəm. Diktatoru. Hələ uşaqlıqda ölsə, nə özü ölkəni idarə edə bilər, nə də ondan sonra oğlu.

- Keçmişdə dəyişiklik etmək fikri necə ağlına gəldi? Dəyişiklik heç də yaxşı nəticə verməyə bilər, - qoca gülümsəyərək dedi.

- Ən azından cəhd etmək istəyirəm. Bəlkə diktarorun ölümü ölkə, millət üçün bir şans oldu. - o cavab verdi.

- Tutaq keçmişə getdin. Bir uşağı öldürməyə necə əlin gələr? - qoca suallar verməyə davam edirdi.

- O uşaq indi bizim belə pis gündə, aclıq içində yaşamağımıza səbəb olub. - o sifəti qızarmış halda cavablandırdı sualı.

Qoca arxasını çevirdi və əlini yellədi. Yavaş hərəkət edərək dilləndi:

- Sən onu öldürsən də heç nə dəyişməz.

Qocanın onun istəyini yerinə yetirməməsinə əsəbiləşdi. Onun arxasınca addımlamağa başladı. Amma qoca fikrini dəyişmirdi. O yalvarsa da.

Qocanın evinə 3 gün getdi. Nəhayət dördüncü gün razı sala bildi.

- Sənin yalnız 24 saat vaxtın olacaq. Vaxt bitən kimi geriyə qayıdacaqsan, - qoca dedi, - sabah səhər gəl onda.

Razı sala bildiyi üçün çox sevinirdi. Düşünürdü ki, sabah keçmişi dəyişməklə yeni həyat üçün bir şans qazanacaq.

Bütün gecə gözünə yuxu getmədi. Ətraf işıqlananda yatağından qalxdı və qocanın evinə yollandı.


***

- Nə ilə öldürəcəksən onu? - qoca soruşdu.

Belində köynəyin altında gizlənmiş silahı göstərərək: - Bununla. - cavab verdi.

Qoca onu zaman maşınına oturdu. Damarına iynə vuranda dedi:

- 24 saatın var. Vaxt tamam olanda özün geri qayıdacaqsan. Səndən sonra mən də gəlirəm. 90 il öncədə görüşənədək.

İynədən sonra başı gicəlləndi və bayıldı. Özünə gələndə çılpaq vəziyyətdə yerin üstündə uzanmışdı. Qoca isə başının üstündə dayanmışdı.

- İlk dəfə bir az çətin olur. Bir azdan tam özünə gələcəksən. - qoca dedi.

Ayaq üstündə dayanmağı bacaranda qoca onunla sağollaşdı və getdi. Məktəb kitablarından keçmiş prezidentin bütün həyatı ilə tanış olduğundan onu harda tapacağını bilirdi. Sakit addımlarla o da gəldiyi işi görmək üçün yoluna davam etdi.


* * *

Gələcəyin amansız diktatoru olacaq Hüseynin yaşadığı məhəlləyə çatmışdı. Evini tapıb binanın tininə söykənib dayandı. O, adi 10 yaşında uşaq idi. Öz həmyaşıdları ilə futbol oynayırdı.

Buna da bax: "Türkiyənin diktaturaya çevrilməyi"

Onu öldürməyə qərarlı olsa da bunu etməyə özündə cəsarət tapa bilmirdi. 1 saata yaxın uşağı müşahidə etdi. Bəlkə də onu öldürə bilməzdi. Gələcəkdə nə edəcəyindən asılı olmayaraq indi hələ uşaqdır.

Müşahidə etdikcə uşaqda gələcəyin sərt, amansız insanını hiss edirdi. Həmyaşıdları ilə davranmağında, danışmağında bu açıq-aşkar görünürdü. Bu verdiyi qərarın doğru olmasına inamı artırırdı.

Saatına baxdı. Növbəti gün saat 4-ə qədər hələ vaxtın olduğunu düşünüb planını icra etməyi ertələməyi qərarlaşdırdı.

Həmin günü yalnız müşahidə etdi, gecəni parkda yuxuladı. Səhər isə yenə Hüseynin evi qarşısına gəldi. Hüseyn küçədə yox idi.

Günortaya doğru uşaqlar küçədə göründü. Vaxtın bitməsinə 1 saatdan çox qalmışdı. Lakin hələ də planını icra etməmişdi.

Uşaqlar arasında qəflətən münaqişə yarandı. Hüseyn özündən boyca böyük birini yerə yıxdı. Üstünə çıxıb sifətinə zərbələr endirirdi. Bu onun anidən hərəkətinə səbəb oldu.

Uşaqlara yaxınlaşanda artıq ara sakitləşmişdi. Hüseyn ayaq üstə dayanmışdı. Yaxınlaşdı və arxası ona çevrilmiş Hüseyni adı ilə çağırdı.
Hüseyn geri dönüb əsəbi baxışla ona baxdı. Belində olan silahı çıxarıb Hüseynə tuşladı. Uşaqlar, eləcə də Hüseyn donub qalmışdı.

Atəş açdı. Hüseynin köynəyi qana bulaşdı. Lakin ayaq üstə durmağa davam edirdi. Növbəti atəş də onu yerə yıxmadı. Revolverdə olan bütün güllələri atəş açdı.

Hüseyn yerdə hərəkətsiz uzanmış, uşaqlar qaçıb getmiş və o isə əlində silah donub qalmışdı. Polis maşınlarının səsi ilə beyni işlədi. Arxaya dönüb silahı belinə qoyaraq istiqamətini düşünmədən qaçmağa başladı.

O qaçırdı, dayanmadan qaçırdı. Halsızlıq hiss edirdi və ayağının altında yerin tərpəndiyini hiss edirdi. Birdən yıxıldı və huşunu itirdi. Ayılanda isə qocanın evində olduğunu aşkarladı.

* * *

- Axı niyə gələcək dəyişmədi? - narahatlıqla qocadan soruşdu.

Qoca əlini onun çiyninə qoyaraq gülümsündü.

- Bu sözlərim qocaların gənclərə verdiyi nəsihət kimi çıxmasın. Sən bir diktaroru öldürməklə hər şeyin dəyişəcəyini düşünəcək qədər çox saf insansan. Bu cəmiyyətdə, millətdə bir diktatoru öldürsən, digəri peyda olacaq. Özün gördün, sən onu öldürməklə tarixdən silindi. Lakin yerini ayrısı tutdu. Ona görə də belə şeylərə fikir vermədən öz həyatını yaşa, harda xoşbəxt olacaqsansa, oralara get. - qoca dönərək sağollaşmadan çıxıb getdi.

O, qocanın arxasınca baxırdı və sonunda gözdən itdi. O, hər şeyi dəyişmək üçün çalışdı. Amma alınmadı. Əvəzində isə əlini bir uşağın qanına batırdı. Bu fikirlər isə onu heç rahat buraxmırdı.

XS
SM
MD
LG