«Bu gün bayramdır, ona görə də cəzalandırılanların, işdən çıxarılanların adlarını açıqlamırıq. Bir gün gözləyin, sabah axşam (sentyabrın 13-də - red.) siyahını açıqlayacağıq». «Neftçi» futbol klubu Müşahidə Şurasının sədri Çingiz Abdullayev AzadlıqRadiosuna belə deyir.
«Neftçi» iki gün öncə, sentyabrın 10-da Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində «Qəbələ»yə 8-0 hesabı ilə məğlub olub.
Çingiz Abdullayev: «Buna dözməyəcəyik, bəzi tədbirlər görəcəyik»
Yerli mətbuat bunu «biabırçı məğlubiyyət» adlandırıb. Sosial şəbəkələrdə, KİV-lərdə klubun oyunu, onun rəhbərliyi sərt tənqid olunub.
Buna da bax: Neftçi 0:8 hesabı ilə uduzandan sonra...
«Bunu demək axmaqlıqdır»
«Neftçi» 4-cü turda «Qəbələ»yə 8-0 hesabı ilə məğlub olub. Yerli mətbuat bunu «biabırçı məğlubiyyət» adlandırıb.
Müşahidə Şurasının sədri çıxış yolu axtardıqlarını söyləyir: «Mən düz üç gündür burdayam. Gecələr də səhərə kimi burdayam, getmirəm. Biz işləyirik. Birinci növbədə bu «Neftçi»dir, bizim ürəyimizdir. Bu gün ağsaqqallarımız yığışıb bura, deyirlər: «Biz hər cür kömək etməyə hazırıq». Bir söz deyim, ana xəstə olanda onu sevən oğul dərman verir, ananı baltalamır».
Çingiz Abdullayev klubun ünvanına, xüsusən də Müşahidə Şurasının ünvanına səslənən tənqidləri doğru saymır:
«Tək Müşahidə Şurası futbola cavabdehdir? Bizdə məşqçi var, oyunçular var, idman direktorları var. Bunu demək haqsızlıq, axmaqlıqdır. Heç kim görmür ki, bizim dublumuz birinci yerdə gedir, «Qarabağ»ı da keçib. Heç kim görmür ki, hazırladığımız uşaqlar çempion olurlar. Bir onu görürlər ki... Biabırçılıq olub, düzdür, razıyam. İndi onu araşdırırıq ki, necə olub peşəkar oyunçular bu hesabla uduzublar. Amma vaxtilə «Neftçi» 10-0 uduzmuşdu, tariximizdə bu da olub. Buna dözməyəcəyik, bəzi tədbirlər görəcəyik».
«Biabırçılıq olub, düzdür, razıyam. İndi onu araşdırırıq ki, necə olub peşəkar oyunçular bu hesabla uduzublar».
«Neftçi»nin Müşahidə Şurasının növbədənkənar iclasında qərara alınıb ki, yürüdülən transfer siyasəti qənaətbəxş deyil və onu reallaşdıranlar cəzalandırılacaq, vəzifədən kənarlaşdırılacaq.
Buna da bax: 'Neftçi' tamam, 'Qəbələ' davam
Bundan başqa, «Neftçi»nin əsas heyətində ciddi islahatlar aparılacaq. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
«Söhbət 8 qat ölkə çempionundan, 6 dəfə ölkə kubokunu qazanan komandadan gedəndə...»
Klub və komanda heyətinin maaşlarına da yenidən baxılacağı, mükafat və bonusların ləğv ediləcəyi bildirilir.
«Söhbət 8 qat ölkə çempionundan gedəndə»
«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli «Neftçi»nin bu qədər sərt tənqid edilməsini təbii sayır. Onun qənaətincə, söhbət 8 qat ölkə çempionundan, 6 dəfə ölkə kubokunu qazanan komandadan gedəndə bu cür münasibət normaldır.
«Həm də «Neftçi» ardıcıl iki il dalbadal Avropada uğursuz çıxış etdi, həm keçən il, həm bu il. Burdan da yığılıb qalan qəzəb vardı. Üstəlik də mövsümə çox pis şəkildə başladı, yəni birinci mövsümdə «Azal»ı məğlub etdi. Ondan sonra isə ardıcıl üç məğlubiyyəti var. Son iki oyunda «Qarabağ»a 3-0, «Qəbələ»yə 8-0 hesabı ilə uduzdu. Axırıncı məğlubiyyət azarkeşləri şoka saldı. Gələn il 80 illiyini qeyd edən klubun məğlubiyyəti məhz belə səs-küy doğurmalı idi», – baş redaktor söyləyir.
Buna da bax: “Neftçi” ispan məşqçi ilə anlaşıb
«Klubun idarəçiliyində ciddi problemlər var...»
Baş redaktor da Müşahidə Şurasını tənqid etdi, amma...
Mahir Rüstəmlinin qənaətincə, klubun idarəçiliyində ciddi problemlər var. O, komandaya rəhbərlik edənlərin – Müşahidə Şurasında təmsil olunanların futbol siyasəti və idarəçiliyinin yanlış olduğunu bildirir. Düzdür, baş redaktor bütün məğlubiyyətə tək onların cavabdeh olmadığını da söyləyir:
«Bunlar futboldan uzaq adamlardır. Böyük bir klubu idarə edərkən də naşı addımlar atırlar. Bu da nəticələrdə əksini tapır. Bundan başqa, «Neftçi» son illər məşqçilərin tez-tez dəyişdirildiyi poliqona çevrilib. Hər məşqçi gəlir, öz sistemini yaradır, oturdur, sonra qovulur, sonra yenisi gəlir. Sonra yaydakı seleksiya siyasətinin boşa verilməsi məqamı da öz sözünü deyir. Yeni alınan oyunçular heç cür komandanı gücləndirməyib. Komandanı çiynində aparası yerli oyunçular var ki, ümidləri doğrultmurlar. Bütün bunları üst-üstə gələndə belə uğursuzluqlar yaşanır».
«Bunlar futboldan uzaq adamlardır. Böyük bir klubu idarə edərkən də naşı addımlar atırlar...»
Bununla belə, Mahir Rüstəmli indiki halda sərt addımlar atmağın tərəfdarı deyil, «bütünlükdə komandanı qovmaq, yenisini yığmaq mümkün deyil». O, «Neftçi»yə «güclü, səviyyəli və yerli futboldan başı çıxan, komandanın təbiətini anlayan baş məşqçi» gətirilməli olduğunu düşünür.
Buna da bax: Vəli Qasımov «Neftçi»də qaldı
«Neftçi»nin baş məşqçisi Vəli Qasımovdur. Klubun yaydığı məlumatda V. Qasımovun oyundan öncəki gecə "hipertonik kriz" ilə xəstəxanaya yerləşdirildiyi, indiki halda vəziyyətinin sabit olduğu deyilirdi. Onunla bağlı qərar, hələlik, bəlli deyil.