Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:28

Richard Kauzlarich: 'Azərbaycanda səfir olduğum müddətdə…'


Richard Kauzlarich
Richard Kauzlarich

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Richard D.Kauzlarich Dakota neft kəməri layihəsinə etiraz edənlərə Azərbaycandakı təcrübəsindən danışıb.

«Fox News»da dərc olunan məqaləsində Richard D.Kauzlarich qeyd edir ki, Dakota kəməri ölkəsinin xarici bazardan asılılığını azalda bilər.

«İXRACATÇILARDAN ASILILIQ AZALIR»

«Amerika Birləşmiş Ştatlarında neft istehsalı son illər xeyli artıb. Səbəblərdən biri Amerikanın ikinci iri neft istehsalçısı olan Şimali Dakotadakı inkişafdır. Ölkənin Enerji İnformasiya Agentliyi daxili istehsalın 2016-cı ildə ötən ilə nisbətən aşağı olacağını proqnozlaşdırsa da, vəziyyət dəyişməyib», - məqalədə vurğulanır.

«Daxili istehsal Birləşmiş Ştatların ixracatçılardan asılılığını azaldır və nefti xarici bazarlardan daşımaqdan ucuz başa gəlir. Dakota neft kəmərinin funksiyası elə bundan ibarətdir. Kəmər gündə 470 min barrel nefti Şimali Dakotadan Birləşmiş Ştatların digər bölgələrindəki bazarlara və neft emalı mərkəzlərinə ötürəcək. Həm də operativ və təhlükəsiz yolla… Neftin kəmərlə daşınması, dəmiryolu, yaxud yük maşınları ilə müqayisədə daha ucuzdur, həm də ətraf mühitə ziyan vurmaq təhlükəsi daha aşağı olur», - keçmiş səfir qeyd edir.

Son zamanlar Dakota layihəsi tənqidçilərin kəskin hücumuna məruz qalıb, layihəyə etiraz aksiyaları, həm də zorakılıqla müşayiət olunan etirazlar keçirilib. Sentyabrın 10-da Obama administrasiyası Şimali Dakotadakı Oahe gölü yaxınlığında tikintinin dayandırıldığını elan edib.

«DAKOTA DA BTC KİMİ SƏRFƏLİ OLACAQ»

Richard D.Kauzlarich yazır: «90-cı illərin ortalarında, Azərbaycanda səfir olduğum müddətdə Azərbaycan neftinin istehsalı və ixracı ilə bağlı danışıqlarda iştirak edirdim. Qarışıq dövr idi, Azərbaycan Sovet İttifaqından yenicə ayrılmışdı və müstəqilliyini təsdiqləməyə çalışırdı. Azərbaycan nefti 3 ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin sərhədlərindən keçirdi və söhbət sahilə, eləcə də Qara dəniz sahilində ətraf mühitə, həmçinin Amerikanın enerji təhlükəsizliyi maraqlarına təsirdən gedirdi. Neft ya Sovet dövründən qalan dəmiryol vasitəsilə daşınmalı, ya da yeni kəmər tikilməliydi. Bütün siyasi, kommersiya və ətraf mühitlə bağlı səs-küyə rəğmən çayların altından, mübahisəli, mədəni və tarixi əhəmiyyəti olan ərazilərdən keçən kəmər tikildi. Vaxt keçdi, Dakota xəttindən iki dəfə böyük olan Bakı-Tbilisi-Ceyhan neft kəməri həm ətraf mühitin qorunması, həm də iqtisadi baxımdan sərfəli olduğunu göstərdi. Məncə, Dakota kəməri də sərfəli olacaq, çünki Birləşmiş Ştatların neftə tələbatını daxili bazarın hesabına ödəməyə yardım edəcək».

Rəsmilər Dakota layihəsiylə bağlı yerli icmalarla dəfələrlə görüş keçirib, kəmərin marşrutunu tədqiq edib, dəyə biləcək ziyanı əngəlləməkdən ötrü arxeoloji və ətraf mühitlə bağlı araşdırmalar aparılıb. Richard D.Kauzlarich kəmərin su ehtiyatlarına, ya da mədəniyyət abidələrinə xüsusi ziyan vura biləcəyini təsdiqləyən faktın olmadığını, bəzi qrupların bu layihəni dəstəklədiklərini vurğulayır.

Richard D.Kauzlarich 1994-97-ci illərdə Birləşmiş Ştatların Azərbaycandakı səfiri olub.

XS
SM
MD
LG