Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:40

AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]


Azadlıq Radiosu (RFE/RL)
Azadlıq Radiosu (RFE/RL)

Sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində «RFE/RL Inc.» şirkətinin (Azad Avropa/Azadlıq radioları) şikayətinə baxılıb. Şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin avqustun 17-də çıxardığı qərardaddan verilmişdi. Həmin qərardadla məhkəmə AzadlıqRadiosunun Vergilər Nazirliyinə iddiası üzrə icraatı dayandırıb. Səbəb olaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində AzadlıqRadiosu ilə bağlı istintaqın başa çatmaması göstərilib.

Buna da bax:​ AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb edir

"Məqsəd prosesi uzatmaqdır"

Apellyasiya Məhkəməsində radionun nümayəndəsi, vəkil Adil İsmayılov səyyar vergi yoxlamasının nəticəsi olaraq, vergi orqanının tərtib etdiyi aktın, hesablanmış cərimənin heç bir əsasa söykənmədiyini deyib. O, AzadlıqRadiosunun mənfəət vergisi ödəyicisi olmadığından, qazanc əldə etməyən quruma mənfəət vergisi hesablamağın heç bir məntiqə sığmadığını vurğulayaraq, etirazını belə tamamlayıb:

"Hesab edirəm ki, bunu bilə-bilə, AzadlıqRadiosu ilə bağlı istintaqın davam etməsi məsələsini ortaya atdılar ki, məhkəmə prosesini uzatsınlar. Amma istintaqın davam etdiyini təsdiqləyən heç bir sübut da təqdim eləmirlər. Vergi yoxlaması Xədicə İsmayılın həbsindən sonra başlanıb və “Akt”da yazılanlar ona ittihamlarda da öz əksini tapıb. Xədicənin işi üzrə də nəinki istintaq, hətta Ali Məhkəmənin qərarı var".

“Vergilər Nazirliyinə xatırlatma: İndi 2016-cı ildir”

Vergilər Nazirliyinin nümayəndəsi Xamis Seyranov isə icraatın dayandırılması barədə qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. O, AzadlıqRadiosu ilə bağlı hələ də istintaq getməsi haqda sübut tələb edən Adil İsmayılova cavab olaraq, prokurorluğun 27 dekabr 2014-cü il tarixli qərarına diqqət çəkib. Bu məqamda vəkil Adil İsmayılov o vaxtdan iki il ötdüyünü və artıq 2016-cı il olduğunu xatırladıb..

Sərvət Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və qərardadın qüvvədə saxlanıldığını elan edib.

Adil İsmayılov AzadlıqRadiosuna deyib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

İddia ərizəsində nə istənirdi?

AzadlıqRadiosu iddia ərizəsində Azərbaycan Nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılmasını, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qərarının ləğvini istəyir. Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edir. Yoxlama nəticəsində hazırlanmış “Akt”a və onun əsasında qəbul edilmiş qərara görə, şərti rentabellik səviyyəsi 20 faiz götürülərək, AzadlıqRadiosunun Azərbaycan Nümayəndəliyinə 131 min 540 manat 86 qəpik mənfəət vergisi hesablanıb.

XS
SM
MD
LG