Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:30

'Zamirə Hacıyevanı gətirmək üçün Britaniyaya istintaq qrupu gedib'


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Cahangir Hacıyevin həyat yoldaşını Daxili İşlər Nazirliyinin polkovniki (əslində, polkovnik-leytenant – red.) Hacı Məmmədovun dəstəsi oğurlamışdı. O, MTN-in "Qara kəmər" əməliyyatı nəticəsində azad edildi. O vaxtdan Cahangir Hacıyevlə Daxili İşlər Nazirliyi arasında problemlər yaranmışdı. Ona görə də biz bu işin istintaqının DİN-in tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ-də) aparılmasının əleyhinə idik".

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev oktyabrın 3-də keçirilən məhkəmədəki müdafiə çıxışında belə deyib və bildirib ki, C.Hacıyevlə digər 7 təqsirləndirilənə verilmiş mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlar əsassızdır: "Bu, mülki xarakterli məsələdir və mülki icraatda da baxılmalıdır. İstintaq da, məhkəmə də qərəzli aparılıb".

“Bunlar mütəşəkkil dəstədirsə, bəs…”

Vəkilin sözlərinə görə, Beynəlxalq Bank işi üzrə BMCMİ-dəki cinayət işi bankın İdarə Heyətində C.Hacıyevin birinci müavini olmuş Emil Mustafayevin ərizəsi əsasında başlanıb. C.Hacıyevin 38 gün “bandotdel”də saxlanıldığını, fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyən müdafiəçinin fikrincə, onun barəsindəki həbs-qətimkan tədbiri əsassız seçilib. Həbs qərarından şikayəti Avropa Məhkəməsi artıq icraata götürüb:

Buna da bax:​ Zamirə Hacıyevanın axtarışa verildiyi deyilir

"İstintaq dövründə və sonradan məhkəmədə qeyri-adi dərəcədə qanunsuzluqlarla üzləşdik. And içmək üçün bircə vəsatətimiz də təmin olunmadı. Prokuror Cahangir Hacıyevə fantastik cəza təklif elədi. Ayrılmış kreditin hara getdiyi araşdırılmadı. Burada mütəşəkkil dəstədən söhbət gedə bilməz. Bunlar mütəşəkkil dəstədilərsə, bəs Emil Mustafayev, Akif Əliyev haradadır? Kredit müqavilələrinə onlar qol çəkiblər. Kredit ayrılan daxili layihələrə Dünyamin Xəlilov, xarici layihələrə Xaqani Bəşirov rəhbərlik edib. Nə qədər tələb etsək də, onları çağırıb dindirmədilər. İstintaqda deyirlər ki, Xaqani Bəşirov Fransa vətəndaşıdır, onu necə gətirək? Nədənsə həmin layihələrdən danışanda, onlarda vahimə yaranır. Nədən qorxurlar?".

“C. Hacıyevdən sonra Beynəlxalq Bank 600 milyon ziyan eləyib”

Vəkil Fəxrəddin Mehdiyev C.Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın gəlirlə işlədiyini, dövlət büdcəsindən bir manat da vəsait almadığını deyib. Bankın ən son 2014-cü ildə 25 milyon dollar təmiz gəliri olub. Ötən il C. Hacıyev vəzifədən kənarlaşdırılandan sonra bank həmin ili 600 milyon ziyanla başa vurub: "Üstəlik, dövlət büdcəsindən 3 milyard da Beynəlxalq Bankın sağlamlaşdırılması adı ilə vəsait ayrılıb. Bütün bunlardan sonra baxın, görün ki, ziyan vuran kimdir. Ziyan məlum, subyekt məlum, qaldırın da cinayət işini…”.

Buna da bax:​ Cahangir Hacıyevin müavini onun əleyhinə ifadə verdi

“Hanı villalar, təyyarələr?”

Məhkəmədə hərtərəfli və obyektiv araşdırma aparılmasına şərait yaradılmamasından gileylənən vəkil Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevin C,Hacıyev barədə səsləndirdiyi ittihama da toxunub: “Maliyyə Nazirliyinin sözçüsü təqsirsizlik prezumpsiyasını pozaraq, C. Hacıyevin ofşor hesablara 5 milyard köçürdüyünü iddia edir. Amma bu adamı gətirib dindirmədiniz, əlində fakt varsa, qoysun ortaya. Deyirdilər ki, C. Hacıyevin villaları, təyyarələri var, haradadır onlar?”.

C.Hacıyevin şəxsiyyətindən söz açan vəkil onun ixtisasca ərəbşünas olduğunu, sonradan Texas Universitetinin magistraturasında beynəlxalq maliyyə və hüquq təhsili aldığını, maliyyə məsələlərinə dair dünyanın ən peşəkar ekspertlərindən biri sayıldığını vurğulayıb.

“Qarayaxanlar ölkəyə bir manat da investisiya cəlb edə bilməyib”

C.Hacıyevin o biri vəkili Aqil Layıcov çıxışında Zamirə Hacıyevanı saxlayıb gətirmək üçün Britaniyaya istintaq qrupunun getdiyini, amma onu gətirə bilmədiklərini söyləyib: “Biz Dünyamin Xəlilovun, Xaqani Bəşirovun dindirilməsi barədə vəsatət qaldırsaq da, təmin edilmədi. Bəs necə olur ki, qrup yaradıb Zamirə Hacıyevanın arxasınca gedirsiniz, amma gedib Xaqani Bəşirovu dindirə bilmirsiniz? Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs nooldu?”.

Buna da bax:​ Cahangir Hacıyev: 'Qızımın banka borcu olmayıb'

Aqil Layıcov deyir ki, Maliyyə Nazirliyi C.Hacıyevə qara yaxmaqla məşğul olub, ancaq dövlətə bir manat da investisiya gətirməyib: “C. Hacıyev həbsdə və əl-qolu bağlı olsa da, bu gün də ölkəyə ona qarşı kampaniya aparanlardan daha çox investisiya cəlb etmək iqtidarındadır. Onun maliyyə sahəsindəki reytinqi Maliyyə Nazirliyinin reytinqindən iki dəfə yüksək olub. Bu da ona qarşı qərəzin yaranmasına rəvac verib”.

Məhkəmədə vəsatətlərin heç birinin təmin olunmadığını, lazımi sənədlərin müvafiq qurumlardan alınacağı barədə hakimin verdiyi vədə əməl etmədiyini vurğulayan vəkil bildirib ki, Beynəlxalq Bank işi üzrə istintaqın müddəti barədə də ciddi qanun pozuntusuna yol verilib: “Məhkəmə ittiham tərəfinin 80-ə qədər şahidini dindirdi, amma bizim bir nəfər də şahidimiz dindirilmədi. Biz bu işin ağırlığını, spesifikliyini anlayırıq, amma heç olmasa, formal da olsa, bəzi addımlar atılmalı idi. Bu cinayət işi 2015-ci il aprelin 2-də başlanıb. Qanuna görə, istintaq maksimum 13 ay aparıla bilər. Bu işin istintaqı, uzağı, 2016-cı ilin mayında yekunlaşmalı idi. Amma iyulda yekunlaşdırılıb məhkəməyə göndərildi. Bu da çox ciddi qanun pozuntusudur”.

Hər iki vəkil çıxışının sonunda C.Hacıyevə bəraət verilməsini istəyib.

Beynəlxalq Bankın filiallarına rəhbərlik etmiş digər təqsirləndirilən şəxslər – Kənan Orucovun, Məmməd Cahangirovun, Yusif Ələkbərovun və İlqar Abdullayevin də vəkilləri çıxışlarında ittihamın əsassız olduğunu deyərək, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmə oktyabrın 5-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

C. Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər.

Məhkəmədə prokuror C.Hacıyevə 17 il həbs cəzası verilməsini təklif edib.

XS
SM
MD
LG