Qubad İbadoğlu AzadlıqRadiosuna müsahibəsində dövlət büdcəsinin 9 aylıq nəticələrini və manatın məzənnəsinin gələcəyini şərh edir
İqtisadçı ekspert Qubad İbadoğlu AzadlıqRadiosu-na müsahibəsində dövlət büdcəsinin 9 aylıq nəticələrini və manatın məzənnəsinin gələcəyini şərh edib. Ekspert, ilk olaraq, dövlət büdcəsinin icrasına toxunaraq, Maliyyə Nazirliyinin yanar-sentyabr ayları üzrə dövlət büdcəsinin icrasına dair məlumatına diqqət çəkib. Bu məlumatda bildirilir ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 103,1 milyon manat, xərcləri 10 milyard 622,2 milyon manat olub və 519,1 milyon manat məbləğində büdcə kəsiri yaranıb.
Buna da bax: Azərbaycan büdcəsi neft pulu olmasa...
-Qubad bəy, büdcənin gəlirlər bölümündə diqqət çəkən məqamlardan biri Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 2 milyard 370,5 milyon manat və ya 42,1 faiz az olması və Gömrük Komitəsinin proqnoza 25,6 faiz çox əməl etməsidir...
- Gömrük Komitəsinin gözlənildiyindən 25.6 faiz çox vəsait toplaması bu sistemdəki son dəyişikliklərdən bəri uçot intizamının artırılması, ödənişlərin rəsmiləşdirilməsi və manatın devalvasiya effekti ilə izah oluna bilər. Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 42,1 faiz az olması büdcədə neft gəlirlərinin xüsusi çəkisinin aşağı salınması ilə bağlı məqsədyönlü siyasətin nəticəsidir. Daxilolmalar üzrə büdcəyə 70,1 milyon manat vəsait daxil olması xeyli sual doğurur. Büdcə gəlirlərinin təsnifatına görə, başqa daxilolamalara inzibati xətalara, o cümlədən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xətalara görə daxilolmalar, vergi, əmək və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar da aiddir. Bütün bu sadalanan mənbələrdən 9 ay ərzində cəmi 70,1 milyon manat vəsaitin büdcəyə köçürülməsi şübhə yaradır. Əslində, bu istiqamətdə daxilolmalar çox olmalı idi.
- Xərclərdə diqqəti çəkən nədir?
- Xərclərə gəlincə, cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinin, proqnozla müqayisədə, 46,4 faiz və 1,6 milyard manat az icra olunması diqqəti daha çox çəkir. Bu isə onu deməyə əsas verir ki, ilin 9 ayında, proqnozla müqayisədə, büdcə xərclərinin bütövlükdə 12,5 faiz az icra edilməsi daha çox inkişaf yönlü vəsaitlərin ixtisarı hesabına baş verib. Büdcənin sosial təyinatlı vəsaitlərinin icra səviyyəsi isə qənaətbəxş olub.
- Azərbaycan Mərkəzi Bankının son günlər izlədiyi məzənnə siyasətini necə qiymətləndirirsiniz?
- Son zamanlar AMB-nin apardığı məzənnə siyasəti iqtisadi qanunauyğunluq və sağlam məntiqlə izah edilə bilməz. Hətta son aylar xarici ticarət dövriyyəsində, cüzi də olsa, müsbət saldonun yaranması da, bu cür birtərəfli siyasətin aparılmasına əsas yaratmır. Çünki AMB də bilir ki, rəsmi statistika idxal əməliyyatlarının gerçək səviyyəsini səciyyələndirmir. Hələ də rəsmi qeydiyyatsız və ya gömrük dəyəri aşağı salınan idxal əməliyyatları davam edir. Bu isə o deməkdir ki, əslində, xarici ticarət dövriyyəsi mənfi saldoya malikdir.
- Sizcə, MB-nin belə məzənnə siyasətində hansı məqsəd güdülür?
- Ölkə iqtisadiyyatı tənəzzüldədir, real iqtisadiyyata kapital qoyuluşu aşağı düşür, kredit qoyuluşları azalır. Belə olan halda ayrıca məzənnə siyasətiyeritmək, məzənnəni siyasi məqsədlər üçün inzibati qaydada tənzimləmək MB üçün həm də məsuliyyəti bölüşməmək deməkdir. Bu isə yaxşı perspektiv vəd etmir, çünki son dəyişikliklər manatı gerçək məzənnəsindən uzaqlaşdırır. Məzənnə siyasəti iqtisadiyyatın durumuna adekvat olmalı və bu siyasət milli valyutanı gerçək məzənnəsinə yaxınlaşdırmalıdır.