Bu yaxınlarda Azərbaycan prezidenti “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərman imzalayıb. Qrant probleminin əsasən qeyri-hökumət təşkilatlarfına aid olması sirr deyil.
Məhz buna görə bir qrup vətəndaş cəmiyyəti fəalı bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketini açıqlayıb.
29 nəfərin - QHT rəhbəri, hüquqşünas, iqtisadçı, jurnalist, hüquq müdafiəçisinin imzaladığı paket yerli və beynəlxalq ictimaiyyətə ünvanlanıb.
Təkliflər paketində «Qeyri-hökumət təşkilatları haqqında», «Qrant haqqında», «Könüllü fəaliyyət haqqında», «Dini etiqad azadlığı haqqında», «Dini ekstremizmlə mübarizə haqqında» qanunlara, Cinayət və İnzibat Xətalar məcəllələrinə dəyişiklik edilməsi təklif olunur.
Təkliflərin əsas hissəsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunla əlaqədardır. Həmin qanuna təklif edilən dəyişikliklər QHT-lərin qeydiyyat və fəaliyyət problemləri ilə bağlıdır.
Təkliflərə görə, hökumət donorların qeydiyyatını tələb edən sistemdən imtina etməlidir. Müəlliflər hesab edir ki, QHT-lərin fəaliyyətinə məhdudiyyət yaradan hərəkətlərə görə məsuliyyət müəyyən olunmalıdır.
Müəlliflər hökuməti bu təklifləri nəzərə almağa və onların qəbul edilməsi prosesini başlatmağa səsləyiblər.
Təkliflər paketinin təşəbbüskarlarından biri, hüquq müdafiəçisi, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov deyir ki, bu təklifləri QHT-lərin fəaliyyətinə tam şərait yaradılması üçün hazırlayıblar. Onun sözlərinə görə, bu təkliflər QHT-lərin müstəqil və davamlı fəaliyyəti üçün zəruridir:
Müstəqil hüquqşünas Ələsgər Məmmədli düşünür ki, mövcud qanunvericilikdə dəyişikliklər etmədən nəticəni dəyişmək mümkün deyil. Bu dəyişiklikləri aparmaq üçün isə hökumətin iradəsi çox önəmlidir.
Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası vaxtaşırı hökumətə çoxsaylı təklifləri təqdim edib və hakimiyyət bunları nəzərə alır. Onun sözlərinə görə bu sahədə olan problemlərin həlli istiqamətində praktiki addımlar atılmaqda davam edir.