«Məhkəmə bankın xeyrinə qətnamə çıxarandan sonra filiala getdim. Elə müştərilərin yanındaca bank işçisi Azad Abıyevə dedim ki, «məni aldadıb oxumadığım sənədlərə qol çəkdirdin, evimi girov qoydurdun, sənin dələduzluğun üzündən ev-eşiyimi itirdim. Adınızı bank qoymusunuz, fırıldaqçılıqla məşğul olursunuz, camaatın ev-eşiyini əlindən alıb küçədə qoyursunuz». Azad elə müştərilərin gözü qarşısında qolumu burub sındırdı».
Bakı sakini Fatma Əliyeva AzadlıqRadiosuna danışır ki, 24 noyabr 2014-cü ildə «Nikoil Bank»ın 9 saylı filialında kredit mütəxəssisi Azad Abıyevlə 12 min 500 manat məbləğində kredit müqaviləsi imzalayıb. Götürdüyü kreditin əvəzində Bakı şəhəri, Naxçıvanski küçəsindəki 1-otaqlı mənzili 52 min manat dəyərləndirilərək bank tərəfindən girov götürülüb.
3 MİN 200 MANATI GÖTÜRÜB
Fatma xanımın sözlərinə görə, sənədlərdə 12 min 500 manat qeyd olunsa da, onunla müqaviləni bağlamış Azad Abıyev «2 min 500 manat bank xərclərinə, 400 manat notarial xərclərə, 300 manatsa kreditin ilkin ödənişinə görə çıxılır» deyərək, 12 min 500 manatın üstündən 3 min 200 manat götürüb.
Üstündən 18 gün keçəndən sonra Fatma xanım həmin filiala ikinci dəfə müraciət edib. Bu dəfə Azad Abıyev ona 3 min manat kredit ayırıb. Fatma xanım iddia edir ki, bu dəfə müqaviləni imzalayarkən bank işçisi onu aldadıb: «Dedi, «filialın müdiri yerində yoxdur, müqavilələri tez imzala, mən sənədləşdirməni tez həll edim, qaçım notariusa, müdir işə qayıdınca gəlib məni işimin başında görsün». Mən də ona inanaraq müqaviləni oxumadan imzaladım. Arxayın oldum ki, bundan əvvəlkində məni aldatmayıbsa, bu dəfə də aldatmaz. Yenə də 3 min manatın üstündən 400 manat notarial xərclər adıyla götürdü».
24 MİN 300 DOLLAR
Növbəti ay Fatma xanım filiala ödəniş üçün yaxınlaşanda xəbər tutur ki, o, ayrı-ayrı vaxtlarda götürdüyü 12 min 500 və 3 min manata görə yox, ümumilikdə 24 min 300 dollara görə ödəniş etməlidir. Deməsinə görə, Azad Abıyev onu kənara çəkərək xahiş edib ki, səsini çıxarmasın, ödənişi özü edəcək. Lazım olsa, maşınını satıb krediti bağlayacaq. Fatma xanım 24 min 300 dolların kreditini cəmi 7 ay ödəyib. Nə maşın satılıb, nə kredit bağlanıb. Əksinə, sonrakı ayların ödənişi olmadığından faizin üstünə faiz yığılıb.
Bir də qapını Nizami rayon Məhkəməsi döyəndə Fatma xanım əl-ayağa düşüb. Məhkəmədən bildiriş gəlib ki, bank onun evinin hərraca çıxarılması üçün iddia qaldırıb. Məhkəmə iddianı təmin edəndə Fatma xanım bank işçisinin yaxasından ikiəlli yapışıb. Deməsinə görə, Azad Abıyev ona «102» xidmətinə zəng vurmağa mane olmaq istəyərkən qolunu sındırıb.
Filiala Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsinin işçiləri gələrək hadisəni qeydə alıblar. 4 gündən sonra Fatma Əliyeva bölməyə çağrılıb, ərizəsi və izahatı alınıb. Ancaq deməsinə görə, bu günədək də Azad Abıyevin elə «Nikoil Bank»ın idarə heyətinin üzvü olan qardaşı işin obyektiv araşdırılmasına mane olur.
«KREDİT ONUN DEYİLDİSƏ, NİYƏ ÖDƏYİRDİ?»
«Nikoil Bank»ın 9 saylı filialı hazırda fəaliyyət göstərmir. Keçmiş kredit mütəxəssisi Azad Abıyev deyir, özü də, məsələdə adı hallanan qardaşı da işsizdir. O, Fatma xanımın dediklərini «böhtan» adlandırır:
- Əgər o kredit onun deyildisə, niyə ödəyirdi? Göydə Allah, yerdə şahidlər də bilir ki, mən o qadına əl qaldırmamışam, gəlib, filialda səs-küy salıb, məni təhqir edib, siqnalizasiyanı basıb polisi çağırmışıq.
- Xanım sizdən polisə şikayət edib. İddia edir ki, qolunu sındırmısınız...
- Xanım nəyə görə vaxtında müraciət etməmişdi? 1 ay 14 gündən sonra ekspertizadan kağız alıb ki, guya qolunun sındırılması 14 iyuna təsadüf edə bilər. Deyir, guya qolunun sındığını gec bilib. Elə şey olar? Adamın qolu sınanda ağlı başından çıxır, bu qadın ay yarım ağrıdan bilməyib ki, qolu sınıb?
- Onun deməsinə görə, qardaşınız şikayətlərinin qarşısını alır...
- Özüm də, qardaşım da işsizik. Bizdə o imkan haradandır ki, gedək kiminsə şikayətinin qarşısını alaq... İş Nərimanov rayon polisindədir. Axırı necə olacaq, bir Allah bilir.
- Bir də xanım iddia edir ki, bank baş verən hadisəni ört-basdır etmək üçün guya həmin gün müşahidə kameralarının işləmədiyini bildirib.
- O da yalan sözdür. Kameraların yaddaşı 1 aydan sonra avtomatik silinir. O xanım bilə-bilə polisə elə vaxtda müraciət edib ki, kameranın yaddaşında heç nə qalmayıb.
Fatma xanımın şikayəti üzrə araşdırma Nərimanov rayon Polis İdarəsində aparılır. Araşdırma davam etdiyindən idarədən AzadlıqRadiosuna əlavə bilgi verilməyib.