Həbsdə olan ilahiyyatçı Taleh Bağırov “Nardaranda törədilən vəhşiliyin” məhkəmə zalı çərçivəsindən kənara çıxdığını vurğulayıb
"Hakimiyyət daxilində də müxtəlif klanlar var. Bəzi klanlar əzələ nümayiş etdirmək istəyir. Ramil Usubov Nardarandakı biabırçı əməliyyatla hakimiyyətə ciddi zərbə vurub. O biri klanlar buna görə onu tənqid edir, çünki Nardaranda törədilən vəhşilik bu məhkəmə zalının çərçivəsindən kənara çıxıb. Beynəlxalq hüquq-müdafiə təşkilatları bu məhkəmə prosesini zərrəbinlə izləyir. Bütün dünya, əslində, nə baş verdiyini gördü, bildi. Ramil Usubov da bu biabırçılığı ört-basdır eləmək üçün hər cür yola əl atır".
Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov “Nardaran işi” məhkəməsində dindirilən şahidlərə təzyiqlərdən danışarkən belə deyib.
Buna da bax: Taleh Bağırov Qiyas İbrahimovun anasına məktub yazıb
"Doğrunu danışdıqlarına görə..."
Şahidlərə təzyiq məsələsini vəkil Yalçın İmanov qaldırıb. Müdafiəçi bildirib ki, oktyabrın 28-də məhkəmədə ifadə verən şahidlər - Samir Babayev və Valeh Abbasov dindirmədən dərhal sonra Sabunçu Rayon Polis İdarəsinə aparılıblar. Onlarla yanaşı, bu iş üzrə şahid olan və növbəti məhkəmə iclaslarında dindiriləcək 10 nəfər Nardaran və Maştağa sakini də həmin gün saxlanıb. Bu 10 nəfər axşam saatlarında buraxılsa da, Samir Babayev və Valeh Abbasov azad edilməyiblər.
"Onlar bir gün saxlanandan sonra - oktyabrın 27-də azad ediliblər. Məlum olub ki, bu adamları Sabunçu rayonu 14-cü polis bölməsinə aparıb, orada onlara işgəncə, o cümlədən elektroşok veriblər. Oktyabrın 26-da - adları çəkilən şəxslər dindirilən gün, məhkəmə zalında Sabunçu Rayon Polis İdarəsinin mülki geyimli əməkdaşları vardı. Təqsirləndirilən şəxslər onları tanıyandan və biz etiraz edəndən sonra çıxarıldılar. Deməli, onlar buraya şahid ifadələrinə nəzarətə göndərilmişdilər. Şahidlər də doğrunu danışdığından, məhkəmədən dərhal sonra onları tutub aparıb cəzalandırıblar. Hələ dindirilməmiş 10 nəfərə də xəbərdarlıq ediblər", - Yalçın İmanovun sözləridir.
Vəkilin fikrincə, şahidlərə bu şəkildə təzyiq ittihamçı tərəfinin iflasıdır: "Bu məhkəmə prosesi bütün dünyaya göstərdi ki, təqsirləndirilən şəxslər ittihamda göstərilən əməllərin heç birini törətməyiblər. Xüsusən Taleh Bağırzadənin siyasi hakimiyyəti tənqid etməsi əsas səbəbdir. İttiham tərəfinin sübutları darmadağın olduğuna görə, belə üsullara əl atırlar".
Buna da bax: Nardaran işi: 'Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı...'
Şahidlərin təzyiq altında olduğunu vurğulayan Y. İmanov onların bu durumda məhkəmədə dindirilməsini mümkünsüz saydığından, vəsatət qaldırıb ki, işə baxan hakim Əlövsət Abbasov baş prokuror Zakir Qaralova məktubla müraciət etsin: Sabunçu RPİ-yə də sorğu göndərilsin və həmin şəxslərin hansı əsasla saxlanıldığı araşdırılsın”.
"Məhkəmə özünə hörmətsizliyə cavab versin"
"Bu cür məhkəmə aparmaq düzgün deyil. Məhkəməni şouya çevirmək, ilk növbədə, Azərbaycanın imicinə zərbədir. Şahidlərə qarşı törədilənlərlə bağlı tədbir görülməsə, məhkəmə prosesinin bu şəkildə davam etdirilməsinə etirazımızı bildiririk", - Taleh Bağırovun vəsatətə münasibəti belə olub.
Təqsirləndirilən şəxslərdən həbs edilərkən yetkinlik yaşına çatmamış Ramin Yarıyevin vəkili Gülşən Salmanova polisin belə davranışını, ilk növbədə, məhkəməyə sayğısızlıq sayır. O deyir ki, məhkəmə də bu hörmətsizliyə görə qətiyyətli mövqe ortaya qoymalıdır: "Bu nə özbaşınalıqdır? Məhkəmə bir vəsatətə görə dərhal Vəkillər Kollegiyasına müraciət elədiyi kimi, bu məsələyə də təcili şəkildə reaksiya verməli, baş prokurora müraciət olunmalıdır".
Buna da bax: Nardaran işi: Peşəkar futbolçular da dindirilib...
Məhkəmə vəsatəti təmin edib - amma müraciət baş prokurora yox, Bakı şəhər Prokurorluğuna göndəriləcək və Sabunçu RPİ-yə də sorğu veriləcək.
"Yalan danışan polislər cəzalandırılsın"
Təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova xəstəxanadan həkim arayışını və fotoşəkli məhkəməyə təqdim edib. Arayışda Ş. Abduləliyevin xəstəxanaya necə və kimin çatdırdığı göstərilib, hətta onu gətirən maşının da nömrəsi əksini tapıb. Fotoşəkil də həmin vaxt çəkilib. Arayış və fotoşəklin cinayət işinə əlavə olunması barədə vəsatət qaldıran vəkil deyir ki, bu materiallar məhkəmədə ifadə verən polislərin yalan danışdığını sübut edir.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, o cümlədən Nardaran əməliyyatı zamanı Şamili zərərsizləşdirdiyini deyən Müslüm Tarverdiyev məhkəmədə bildirmişdi ki, güllə yarası almış şəxsləri əməliyyat qrupunun rəhbərinin çağırdığı təcili yardımla xəstəxanaya çatdırıblar. Hələ də bədənində 3 güllə gəzdirən Şamil Abduləliyev və əməliyyat nəticəsində yaralanmış digər təqsirləndirilənlərsə ifadələrində göstərmişdilər ki, polislər onları yaralı vəziyyətdə atıb gediblər. Onları sonradan Nardaran camaatı əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçu xəstəxanasına çatdırıb.
Buna da bax: 'Nardaran işi' üzrə şahidlər polisə aparılıb
"Dindirilməzdən əvvəl polislər yalan danışmağa görə cinayət məsuliyyəti daşıyacaqlarından xəbərdar olunsalar da, yenə yalan ifadə veriblər. O səbəbdən xahiş edirəm, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün barələrində xüsusi qərar çıxarıb prokurorluğa göndərə, onların zərərçəkmiş statusuna da xitam verəsiniz", - vəkil Zibeydə Sadıqovanın vəsatətində belə deyilir.
Hakim vəsatətin yalnız həkim arayışı və fotoşəklin iş materiallarına əlavə olunması hissəsini təmin edib. Polislərlə bağlı məsələyə gəlincə, bildirilib ki, buna məhkəmənin sonunda müşavirədə qiymət veriləcək.
"Bu, siyasi simasızlıqdır"
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərdən qaz idarəsinin işçisi Firdovsi Sadıqov dindirilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Facebook” statusuna şərh yazmış F. Sadıqov İmam Hüseynin mübarizəsindən söz açan statusa bir kəlmə "doğrudur" yazdığına görə "Bandotdel"ə çağrıldığını deyir.
Buna da bax: Nardaran işi: Şahidlər Taleh Bağırovun əleyhinə olan ifadələrini təsdiqləmir
Şahidin istintaqa ifadəsində "Fuad Qəhrəmanlının fikirlərini bəyənmədiyi, onun dövlət çevrilişinə cəhd, milli, dini nifaq salmağa yönəlik hərəkətlərə yol verdiyi, bu kimi xəyanətkar şəxslərin sonu olmayan yollara apardığı" barədə fikirlər var. Amma onun özü məhkəmədə bildirib ki, Fuad Qəhrəmanlını tanımır, onun cəmi bir statusunu görüb və tanımadığı şəxs barədə belə sözlər deyə bilməzdi: "Mən siyasətçi deyiləm. Bunlar mənim fikrim deyil. Müstəntiqə də dedim ki, burdan evə gedən kimi kompüteri də, "Facebook"u da bağlayacağam".
Fuad Qəhrəmanlı ona təşəkkür edib: "Bu addımlar, əslində, hakimiyyətin siyasi simasızlığını göstərir. Bu qədər ləyaqətsizliyə getmək olmaz. Hakimiyyətin 37-ci ili xatırladan repressiya siyasətində üzə duran kimi çıxış etmədiyiniz üçün təşəkkürümü bildirirəm".
Məhkəmədə "Azadxəbər" sayt və qəzetinin baş redaktoru olmuş İlkin Məmmədov, bu media orqanında jurnalist çalışmış Samir Mirzəzadə də şahid kimi dindirilib. Onlar Taleh Bağırovun dövlət əleyhinə çıxışlarını eşitmədiklərini çıxışların ya dini mövzuda, ya da ölkədəki haqsızlıqları tənqidlə bağlı olduğunu deyiblər.
"Mən heç kimi təhqir etmirəm"
Fasilədən sonra hakim məlumat verib ki, şahidlərə təzyiq məsələsinin araşdırılmasından ötrü Bakı şəhər Prokurorluğuna müraciət ünvanlanıb və prokurorluq məsələni araşdırmağa vaxt istəyib.
Buna da bax: ’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'
"Bu məhkəmədə dəfələrlə polislərin Mehriban Əliyevanı təhqir etməsi məsələsi deyilib. Lakin indi polislər bu məsələdən başqa cür istifadə etmək istəyirlər. Şahidləri öyrədirlər ki, "gedin, məhkəmədə deyin ki, Taleh Bağırov İlham Əliyevi söyüb". Mənim çıxışlarım internetdə də var. Mən heç kimi təhqir etmirəm. Bu İlham Əliyev olsa belə, yenə söyüş söymərəm. Azərbaycan hakimiyyətini dağıdacaq, axırına çıxacaq əsas qüvvə Daxili İşlər Nazirliyidir", - Taleh Bağırovun məhkəmədə dilə gətirdiyi sözlərdir.
Təqsirləndirilən Cabbar Cabbarov məhkəmədə Mehriban Əliyevanın ünvanına təhqiramiz ifadə səsləndirən polislərin adlarını da açıqladığına, amma məhkəmənin tədbir görmədiyinə diqqət çəkib.
Məhkəmə noyabrın 7-də davam edəcək.
XATIRLATMA
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.
Buna da bax: