Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:06

'Hökumət 200 şagirdi zorla 8 sinif otağına sığışdırır'


Köhnə kənd məktəbi
Köhnə kənd məktəbi

Orand kəndində əhali artır, məktəbsə genişlənmir

“Sovet hökuməti bu məktəbi kənddəki əhalinin sayına görə tikib. O vaxt kənddə əhali az olduğundan, məktəbin tutumu da buna uyğun nəzərə alınmışdı. İndi kənd sakinlərinin sayı əvvəlkindən bir neçə dəfə çoxdur. Hökumət təzə məktəb tikmək haqqında fikirləşməkdənsə, 200 uşağı zorla 8 sinif otağına sığışdırır”.

“Qız uşaqlarını o məktəbə niyə buraxım ki?”

Lerikin Orand kəndindəki Əhəd Rzayev adına orta məktəb-in acınacaqlı durumundan AzadlıqRadiosuna kənd sakini Fəxrəddin Vəliyev danışıb. Məktəb mövsümünün açılmasından iki aya yaxın ötsə də, onun nəvələri məktəbə getmir. “Səbəb nədir” sualını belə cavablayır:

“Məktəbin istismar müddəti çoxdan ötüb. O məktəbə it də aparıb bağlasan, orda qalmaz. Döşəməsi, tavanı qırıq-qırıqdı. Uşaqlar üşüyür, istilik yoxdur. Siniflərin sayı o qədər az, otaqlar o qədər darısqaldır ki, uşaqlar az qalır bir-birinin qucağında otursun. Bir parta arxasında 3-4 uşaq əyləşir. Qız uşaqları oğlan uşaqlarıyla eyni stulda oturur. Mən qız uşaqlarını o məktəbə niyə buraxım ki?”.

Buna da bax: 2 stula 5 şagirdin sığışdığı məktəb

Rütubətli sinif otaqlarındakı partalar, lövhələr, stullar və başqa zəruri ləvazimat ömrünü çoxdan başa vurub. Döşəmədəki deşiklərdən çıxan siçovullar nə müəllimə, nə də dəcəl şagirdə məhəl qoyur. Müəllim və şagirdlər də siçovulların dərs zamanı sinifdə “meydan sulamasına” çoxdan alışıblar.

“Heç ferma kimi də istifadə etməzlər”

Kənd sakini Ələddin Qədirov deyir:

“Kəndimizdəki məktəb binasını 1980-ci illərdə kənd camaatı özü tikib. Heç o vaxt da dövrün tələbinə cavab vermirdi, maddi-texniki bazası aşağı səviyyədə idi. Məktəbimiz şagird sayına görə rayonun 10 qabaqcıl kənd məktəblərindən biri hesab olunur. 20-30 məktəblisi olan kəndlərə 120-180 yerlik məktəblər tikilib, bizə çatanda deyirlər, gözləyin. Məktəbimizin binasından nəinki təhsil ocağı, heç ferma kimi də istifadə etməzlər. Özü də bu məktəb Qarabağ şəhidinin adını daşıyır”.

Buna da bax: Qumux tam orta məktəbi: Dərs keçmək yox, qorxu filmi çəkmək olar

“Məktəb tikintisi plana salınıb”

Lerikin icra hakimiyyəti isə Orandda yeni məktəb tikintisinin planlaşdırıldığını bildirir. Qurumdan “Qaynar xətt”ə deyilib ki, son illərdə Lerikin kənd orta məktəbləri yenilənib: “Ambu, Boykəndil, Çayrud, Hamarmeşə, Veri və başqa kəndlərdə yeni məktəblər istifadəyə verilib. Kəndlərdəki köhnə məktəblərin yenilənməsi növbəli qaydada həyata keçirilir”.

Orandlı məktəblilərsə növbəti illəri gözləməli olacaqlar.

XS
SM
MD
LG