Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:03

Çin internet qanunu qəbul etdi


Polis Pekindəki internet-kafeni təftiş edir.
Polis Pekindəki internet-kafeni təftiş edir.

Bu gün, noyabrın 7-də Çin parlamenti kiber- təhlükəsizlik haqda mübahisəli qanunu təsdiqləyib. Xarici təşkilatların və hüquq müdafiəçilərinin etirazlarına baxmayaraq, qanun 2017-ci ilin iyunundan qüvvəyə minəcək. Pekin bu qanuna terror və haker hücumlarından müdafiə baxımından ehtiyac olduğunu bildirir.

Hüquq müdafiəçiləri və beynəlxalq insan haqları təşkilatları isə fərqli fikirdədirlər.

ŞƏXSİ İNFORMASİYALAR SERVERLƏRDƏ YERLƏŞDİRİLƏCƏK

«Reuters» agentliyi yazır ki, tənqidçilər bu qanunun senzura mexanizminin onsuz da güclü olduğu Çində interneti bir az da məhdudlaşdıracağını, istənilən xarici texnologiya şirkətini müxtəlif sahələrdən uzaqlaşdırmaq imkanı yaradacağını söyləyirlər. Ən təhlükəlisi isə odur ki, şəxsi məlumatlar da daxil olmaqla, bütün informasiyalar Çindəki serverlərdə yerləşdiriləcək və daimi araşdırılacaq.

Çin parlamenti rəsmisi Yang Heqing jurnalistlərlə söhbətində deyib: «Çin internet ölkəsidir, ən böyük internet təhlükələriylə üzləşən ölkə kimi bu sistemi təcili qurmalı və təkmilləşdirməlidir».

«Reuters» 40-dan çox beynəlxalq biznes qrupunun keçən yay Çin hökumətinə müraciət göndərdiyini, qanunun mübahisəli tərəflərinə dəyişiklik etməyə çağırdığını yazır. Çin rəsmiləri bu müraciətlərə cavab olaraq, yeni qanunun xarici bizneslə işi olmayacağığını bildirib.

ŞİRKƏTLƏR NARAHATDIRLAR

Amma qəbul edilən versiyada qanunun mübahisəli tərəfləri qalır. Belə ki, qanun Çindəki mühüm informasiya infrastrukturu operatorlarının, yəni server və sayt sahiblərinin şəxsi və vacib biznes məlumatlarını Çində saxlamasını tələb edir.

Pekində internet-kafe
Pekində internet-kafe

Bu isə şirkətlərin xüsusi narahatlığına səbəb olub. Onlar Çin bazarında fəaliyyətlərini davam etdirməkdən ötrü əqli mülkiyyəti hökumətə ötürməli, ya da məhsullarının «arxa qapı»sını açmalı olacaqlarından, yəni istifadəçilərin məlumatlarını 3-cü şəxsə vermək məcburiyyətində qalacaqlarından qorxurlar.

Beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» qanunu tənqid edib, qanunun bəzi elementlərinin onlayn azadlığı bir az da məhdudlaşdıracağını bildirib. Məsələn, internetdən «milli birliyə xələl gətirmək» məqsədilə istifadə etmək cinayət hesab oluna bilər.

FƏRQLİ FİKRƏ BASQI

«Korporasiyalar və hüquq müdafiəçilərinin bir ildən artıqdır səsləndirdiyi beynəlxalq narahatlığa baxmayaraq, Çin hökuməti bu məhdudlaşdırıcı qanunu heç bir əhəmiyyətli dəyişikliklər etmədən təsdiqlədi». «Human Rights Watch»un Çin üzrə direktoru Sophie Richardson belə deyib.

Çinin kiber-təhlükəsizlik üzrə koordinasiya bürosundan Zhao Zeliang jurnalistlərə yeni qanunun hər bir maddəsinin beynəlxalq ticarətə uyğun olduğunu, Çinin qapılarının xarici təşkilatların üzünə bağlanmayacağını deyib.

«Reuters» yeni qanunun Çin prezidenti Xi Jinping-in vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və mətbuata basqısıyla üst-üstə düşdüyünü, tənqidçilərin bu qanunu da fərqli fikrə basqı kimi qiymətləndirdiyini vurğulayır.

XS
SM
MD
LG