2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı qətlə yetirilmiş yerli sakinlərin məzarları dağıdılıb. Bu barədə «Nardaran işi» üzrə məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov məlumat verib.
«Həqiqəti deməməsi üçün şahidlərə təzyiq edirlər, məhkəməyə gələn yaxınlarımızı hədələyirlər. Bütün bunlar bir yana, indi lap böyük biqeyrətlik eləyiblər. Yaxınları dörd nəfər kənd sakininin məzarını düzəltdirib, onları söküblər. Bu, insanlığa sığmayan, ən son hərəkətdir. Məzarı sökmək gözün görə-görə namusunu əldən verməkdir», – Cabbar Cabbarov məhkəməyə müraciət edərək, bu cür halların qarşısının alınması üçün tədbir görülməsini istəyib.
«ÖLƏNDƏN SONRA DA İŞGƏNCƏ VERİRSİZ»
«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə deyib ki, bu hərəkətin bir adı var – vandalizm. İlahiyyatçı baş verənlərlə əlaqədar məhkəmə zalından prezidentə müraciət edib:
«Bu hakimiyyət elədiyi hərəkətlərlə İŞİD-i, vəhhabiləri də geridə qoyur. Şəhid olmuş qardaşlarımızın cəsədlərinə işgəncə verməklə kifayətlənməyib, indi də bu yola əl atıblar. Bunlar bu cür hərəkətləri ilə özləri də göstərirlər ki, qətiyyən xalqa layiq hakimiyyət deyillər. Fikirləşmirlər ki, sabah hakimiyyətdən gedəndə özlərinin, yaxınlarının da məzarı ilə eyni cür davrana bilərlər. Mənim sözüm İlham Əliyevədir: Onsuz da sifariş vermisiniz, adamları öldürüblər, heç olmasa, qəbirləri ilə işiniz olmasın».
Təqsirləndirilən Abbas Abbasov deyir ki, ermənilər Qarabağda azərbaycanlıların məzarlarına necə davranıbsa, bu hakimiyyət də öz vətəndaşlarına qarşı eyni addımı atır: «Bu hakimiyyət öz vətəndaşlarına, hətta öləndən sonra da işgəncə verir».
Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov məzar dağıtmağın cinayət hesab olunduğunu desə də, bu məhkəmənin həmin hadisə ilə əlaqədar heç bir tədbir görə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, məhkəmə yalnız daxil olmuş cinayət işi, adamlara verilmiş ittiham üzrə hansısa addımlar ata bilər. O, prokurorluğa müraciət göndərməyi tövsiyə edib.
CAHANGİR HACIYEV DİNDİRİLSİN
Vəkil Yalçın İmanov məhkəməyə bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi haqda vəsatətlər təqdim edib. Vəkilin məhkəmədə dindirilməsini istədiyi şəxslər sırasında Beynəlxalq Bankın keçmiş rəhbəri, bu yaxınlarda 15 il həbs cəzası kəsilən Cahangir Hacıyev, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaran əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanov da var.
Müdafiəçi qeyd edib ki, Cahangir Hacıyev «bandotdel»də Abbas Hüseynovla eyni kamerada saxlanılıb, ona verilən işgəncələrin şahidi olub.
XATIRLATMA
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.