Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:39

Ucarlı Kəklik xanım: 'Mənim sözümü İlhama çatdır, qızım'


Arxiv fotosu
Arxiv fotosu

“154 manat təqaüd alıram, 55 manat da ruhi xəstə olan qızım alır. Qaldığımız yerin başımıza uçacağını görən qonşunun yazığı gəlib. Bizi müvəqqəti evinə sığındırıb. Ancaq biz orda yaz gəlincə qala bilərik”.

Ucarın Şahlıq kənd sakini Kəklik Yəhyayeva yaşayışlarından danışır. Daha doğrusu, danışmaq istəyir, ancaq telefon xəttinin o başında qəhər boğazında düyünlənir. Səsi qırıq-qırıq gəlir:

“Bu zülmü itə eləməzlər ki, bizə edirlər. Bu zülm yerdə qalmaz”, – deyir. Kəklik xanım cəmi 209 manatla nə qarnını doyura, nə də hər ay həkimlərin yazıb ona verdiyi uzun-uzadı dərman siyahısındakıları ala bilir. Ailəyə ünvanlı sosial yardım da verilmir.

Buna da bax:​ 'Hasarımı uçurtdular, evimizə giriş-çıxışı bağladılar'

“HƏR GÜN ÖLÜB-DİRİLMƏKDƏNSƏ...”

Kəklik xanım illərdir ki, insultdan əziyyət çəkir. Elə gənc qızı da həm ruhi, həm də diabet xəstəsidir. Tez-tez bayılmaları olur. İstismar müddətini çoxdan başa vurmuş uçuq, sökük, rütubətli, qaranlıq mənzil anayla-balanın səhhətini daha da ağırlaşdırıb. Evin kişisi çoxdan onları tərk edib. Yük Kəklik xanımın zərif çiyinlərinə düşüb. Deyir, daha daşıya bilmir:

“Bir gecə səsə qalxdıq. Gördük, tavan uçub. Bir gün öncə çarpayını otağın bu tərəfinə çəkmişdik. Yoxsa, ana-bala tavanın altında qalacaqdıq. Bəlkə də qalmağımız yaxşı olardı. Hər gün ölüb-dirilməkdənsə...”

Buna da bax:​ Aptekçi reseptdəki dərmanların üstündən bir-bir xətt çəkirdi...

Bir tərəfdən aclıq, bir tərəfdən şəraitsizlik, digər tərəfdən gənc qızının ana sinəsinə dağ çəkən xəstəliyi... Kəklik xanım danışır:

“Ona meyvə, tərəvəz, vaxtında qidalanmaq lazımdır. Tifil çox vaxt ac durub, ac yatır. Şəkər kəllə-çarxda olur. Üstəgəl, ruhi xəstəliyi... Dərmanlarının vaxtı keçəndə çox təhlükəli olur. Pensiyalar da iki aydır gecikmələrlə verilir. Mənim sözümü İlhama (Prezident İlham Əliyevi nəzərdə tutur - red.) çatdır, qızım. De ki, iki bədbəxtin dərmanı o pensiyadan asılıdır, heç olmasa, onu gecikdirməsin”.

Buna da bax:​ 'Küçədəki sayğaca görə məsuliyyəti niyə mən daşıyım ki?'

KÖMƏK ETMƏYƏ ÇALIŞIRLAR

Ucar rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, fövqəladə hallar komissiyasının üzvləri Kəklik Yəhyayevanın yaşadığı evə baxış keçiriblər, ev qəzalı tikili kimi qeydiyyata götürülüb. Ailəyə evdə yaşamaq məsləhət görülməyib.

Ancaq Yəhyayevlərə təzə ev tikiləcəkmi, yaxud, köhnə evdə bərkitmə-təmir işləri aparılacaqmı, bu, hələlik, sual altındadır. Belə məsələlərin həllinə İcra Hakimiyyətinin büdcəsində vəsait nəzərdə tutulmadığından bunu bələdiyyət etməlidir: “Biz çalışarıq, o xanıma, ən azı, tikinti materialı verilsin, fəhlə ayrılsın, mümkün qədər kömək olunsun”, – qurumdan bildirilib.

Buna da bax:​ 'Axı mən uşağı məktəbə ac və ayaqyalın necə göndərim?'

Qurum sözünü tutsa, Kəklik xanım da daha “yaz gələndə hara gedəcəyik” sualı ilə yüklənməyəcək.

XS
SM
MD
LG