“Qardaşım Akif Quliyevin müalicəsi üçün dövlət xəstəxanasına üst-üstə 11 min manat xərcimiz çıxıb. Ancaq sonradan məlum oldu ki, müalicə səhv aparılıb. Vəziyyəti ağırlaşan qardaşımı Bakıya – 1 saylı Şəhər Klinik Xəstəxanasına gətirdik. Burada da əlavə 5 min manat xərcimiz çıxdı”.
Bunu AzadlıqRadiosu-na Göyçayın Qaraməryəm kənd sakini Səbuhi Quliyev deyir.
Buna da bax: Bakı sakini: «Yoldaşım həkimlərin arasındakı hərc-mərcliyə qurban getdi»
“Soğan qabığı kimi soyub”
İyunun 3-də Akif Quliyev elə Göyçay ərazisində avtomobil qəzasına düşüb. Onunla bərabər avtomobildə olan yaxın qohumları da xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Səbuhi Quliyevin sözlərinə görə, həkimlər ailəni, az qala, “soğan qabığı kimi soyub”:
“Qardaşıma oksigen balonunun qoşulması üçün reduktor lazım idi, xəstəxanada olmadığından, həmin reduktoru yaralı qohumlardan birinin ailə üzvü alıb verdi. Həkim Famil Namazov bildirdi ki, yaralılara görə Bakıdan həkim briqadası gəlməlidir. Həm təcili tibbi yardım avtomobili, həm də həkimlərin gəlməsi üçün, azı, 2-3 min manat xərc tələb olunur. Bir sözlə, bizim xəstəxanaya ümumilikdə 11 min manat xərcimiz çıxdı”.
Buna da bax: Baş pediatr: «Rüşvət» sözü Azərbaycan səhiyyəsinə uyğun gəlmir
Yanlış müalicə?
Səbuhi Quliyev deyir ki, xəstəxananın travmatoloqları Elman İbadov, Mərdalı Hacıyev və cərrah Famil Namazov onun qardaşını yanlış müalicə etdiklərindən, xəstəni Bakıdakı 1 saylı Klinik Xəstəxanaya gətiriblər. Burada daha 5 min manat xərcləməyə məcbur qalıblar.
Quliyevlər ailəsi xəstəxana işçiləri ilə bağlı Göyçay rayon prokurorluğuna müraciət edib. Akif Quliyevin sözlərinə görə, prokurorluq maddi maraq güdərək, işi ört-basdır edib:
“Qəzada xəsarət alan daha bir qohumumuzun ailə üzvü Teymur Yahyayevdən xəstəxanada bizdən pul tələb olunmadığı barədə izahat aldılar. Həm də yazdırdılar ki, xəstəxanada yaralıya yaxşı baxılıb. Bircə izahatla işi bağladılar. Bu ailəni susdurmaqdan ötrü həmin şəxsin qızına əlillik dərəcəsi verilməsi üçün lazım olan sənədlər verdilər”.
Buna da bax: «Pulum yoxdur, ata ola bilmərəm?..»
“Bu necə prokurorluqdur ki...”
Ancaq Quliyevlər də sakit oturmayıblar. Bu dəfə Baş Prokuror Yanında Korrupsiyayla Mübarizə İdarəsinə müraciət ediblər. İdarə isə şikayətin araşdırılması üçün müraciəti elə xəstəxananın özünə göndərib. Səbuhi Quliyev deyir, xəstəxananın baş həkiminin müavini Ləman Hacıyeva onun əvəzindən izahatlar yazaraq, geriyə - prokurorluğa göndərib:
“Ərizəçi mən olmuşam. Hər yerə yazan mənəm. Bir də xəbər tutdum ki, mənim ərizəmi araşdırmaq üçün xəstəxanaya göndəriblər. Başa düşmürəm, xəstəxana istintaq orqanıdır, nədir?!. Mənim şikayətim elə bu xəstəxananın həkimlərindən, rəhbərliyindəndir. Elə bil, istintaq orqanı istintaqı tapşırır oğruya və deyir, öz əməlini özün istintaq elə. Ləman xanım da qəşəngcə mənim adımdan özünə sərf edən formada izahatlar yazıb, qoyub işin içinə, göndərib geriyə... Baş prokurorluğu da aldadıb. Bu necə prokurorluqdur ki, hansısa bölgə xəstəxanasının baş həkiminin müavini də ona kələk gəlir...”.
Buna da bax: Bir avtoqəzanın müəmması…
“Akif Quliyev izahat verdi ki... pul tələbi olmayıb”
Göyçay rayon Mərkəzi Xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, Qaraməryəmli kənd sakini Səbuhi Quliyevin, az qala, ölkənin bütün rəsmi qurumlarına yazdığı şikayətlər araşdırılıb və təsdiqini tapmayıb: “Hətta o vaxt Səbuhi Quliyev şikayətlər yazanda, öz qardaşı Akif Quliyev izahat verdi ki, heç bir şikayəti yoxdur, xidmətdən razıdır, pul tələbi olmayıb”.
Səbuhi Quliyevin qardaşı - qəza vaxtı yaralanmış və “əsərin qəhrəmanı” sayılan Akif Quliyev də belə bir izahat yazdığını təsdiqləyir:
Buna da bax: Yevlax xəstəxanasında nigaran xəstə
Akif Quliyev: “Qarşımda şərt qoymuşdular ki...”
“Düzdür, mən belə bir izahat yazmışam. Ancaq görün, hansı şəraitdə yazmışam... Xəstəxanadan evə buraxılandan sonra bir müddət həkim nəzarətində qalmalıydım. Göyçay xəstəxanasının həkimləri isə mənə gəlib baxmırdılar. Qarşımda şərt qoymuşdular ki, qardaşımın yazdığı şikayətlərə görə izahat yazım və yalanlayım. Mən də həkim nəzarətinə ehtiyacım olduğu üçün məcbur qalıb, istədiklərini yazdım. Ancaq sonralar verdiyim izahatlarda bunu ətraflı qeyd etmişəm”.
Buna da bax: Xəstənin pul kisəsi tükənsə də, özü sağalmır
Baş həkim dəyişib
Səbuhi Quliyev xəstəxana rəhbərliyinin və həkimlərin hərəkətlərinin araşdırılmasını və cəzalandırılmasını tələb edir.
Bir faktı da diqqətə yetirməyə dəyər ki, bütün proseslərin mərkəzində olmuş baş həkim Famil Zeynalov bu yaxınlarda vəzifəsindən çıxarılıb.