Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın şaxələndirilməsindən ötrü Azərbaycana 500 mln. dollar kreditin ayrılmasını təsdiqləyib.
APA-nın xəbərinə görə, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək. Yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılmasından ötrü iqtisadiyyatın şəxələndirilməsinə xərclənəcək.
«AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf, hərtərəfli artıma yardımı təmin edəcək», - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Sean O'Sullivan bildirib.
Onun deməsinə görə, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.
1 MİLYARD AYRILIB
Asiya İnkişaf Bankı «Şahdəniz 2» layihəsinin genişləndirilməsi məqsədilə isə Azərbaycanda gözlənilən 1 mlrd. dolları isə artıq ayırıb.
Xəbərdə qeyd edilir ki, maliyyə dəstəyinə «Cənub Qaz Dəhlizi» QSC-dən ötrü 500 mln. dolların ayrılması və əlavə 500 mln. dollarlıq kreditə zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq bankların QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.
Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur. Hələ, bu ilin əvvəlində SOCAR rəsmiləri bildirmişdilər ki, Azərbaycana bu layihə üzrə öhdəliklərini yerinə yetirməkdən ötrü 7 milyard dollara yaxın vəsait lazımdır.