«Şübhəsiz, prezidentin onlayn «təhqir olunması»na görə cinayət məsuliyyəti nəzərdə tutan yeni müddəalara əsasən həbs olunan şəxs siyasi məhbus olacaq. Azərbaycanda cinayət qanunvericiliyinə əlavə edilən yeni müddəalar açıq-aşkar insan hüquqları sahəsində beynəlxalq standartları və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərini pozur».
ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Christopher Smith-in bu günlərdə Azərbaycanın Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı bəyanatında belə deyilir.
HÖKUMƏT CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏRİ LƏĞV ETSİN
«Azərbaycan hökumətini bu müddəaları ləğv etməyə və siyasi məhbusları, o cümlədən hökuməti tənqid etdiyinə görə əsassız olaraq həbs olunanların azad etməyə çağırıram», - Ch.Smith bəyanatında vurğulayır.
Buna da bax-Aqil Abbas: 'Mənim atamın goruna 932 adam söyüb, hesablamışam'
Ch.Smith Azərbaycanda insan haqlarının vəziyyətinə diqqət çəkən «Azərbaycan Demokratiya Aktı»nın (H.R. 4264) sponsorlarından biridir. Bu qanun Azərbaycan hökumətinin yüksəkvəzifəli üzvlərinə viza verilməsindən imtina olunmasını nəzərdə tutur.
Sənədə görə, sanksiyalar Azərbaycan hökuməti siyasi məhbus sayılan şəxslərin azad edilməsi məsələsində böyük irəliləyiş əldə etdikdə, vətəndaş cəmiyyətinin təqibinə son qoyduqda, habelə azad və ədalətli seçkilər keçirdikdə ləğv oluna bilər.
XATIRLATMA
Ötən həftə ölkə parlamenti baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə Cinayət Məcəlləsinə dəyişikliklər edib.
Buna da bax-'Azərbaycanda 1-ci şəxsin monarx səviyyəsinə yüksəldilməsi müşahidə edilir'
Cinayət Məcəlləsinin 323.1-ci (Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələr edilib.
Həmin maddə ilə ittiham edilən şəxs 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Bundan başqa, Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi əlavə olunub. Həmin maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur. Üstəlik, həmin şəxs 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilə qədər həbs cəzası ala bilər.