"Leyli və Məcnun" operasında Leyli rolunu qohumumuz Əhməd Bədəlbəyliyə həvalə elədik. Çünki onun incə beli, balaca boyu, zərif, cingiltili səsi, az da olsa, qadınlıq illüziyası yarada bilərdi (təbii ki, o, səhnəyə qadın geyimində çıxırdı).
İlk Azərbaycan operası necə yaranıb...
Ceyhun Hacıbəylinin xatirələrindən...
Lap gənc yaşlarımızdan qardaşım Üzeyirlə (məndən üç yaş böyükdü) mən musiqiyə aludə olmuşduq. Qarabağın təbiəti, xüsusilə də onun gözəl paytaxtı Şuşa lirika və poeziya baxımından romantizmlə zəngin idi, yaradıcılığa ruhlandırırdı insanı. Ən istedadlı müğənnilər və ifaçılar qarabağlıdırlar. Onların arasında müğənnilər Hacı Hüseyn və Qaryağdıoğlunu, tarçalan Sadıqcanı hətta dahi adlandırmaq mümkün idi. Çoxlu qeyri-peşəkar müğənnilər və tarçalanlar vardı ki, səsləri və ifaları ilə istənilən digər xanəndələrdən, ya da ifaçılardan qətiyyən geri qalmırdılar.
Ana tərəfdən qohumlarımızın arasında – dayıuşaqları, dayılarım və s. – sanballı şəxlərin xahişi ilə çıxış eləyən dörd müğənni və üç tarçalan vardı... Qardaşım Üzeyirlə mən ürəyəyatımlı səsə malik idik və tezliklə yalnız təcrübə yolu ilə təsniflər (ritmik ifa) bir yana, klassik musiqinin (muğamat, yaxud “dəstgahlar”) bütün incəliklərini öyrənmişdik.
Buna da bax: Üzeyir Hacıbəyovun özü qədər tanınmamış, yazıçı, jurnalist, musiqiçi qardaşı
Etiraf eləyim ki, səsi qorumaq üçün gərəkli olan vokal məşqləri bizə o qədər də asan başa gəlmirdi, çünki atamızın, xüsusilə də əmimizin yanında oxumağa utanırdıq. Əmim sərt xasiyyətli insan idi, üstəlik ailə həyatı uğursuz alındığından əylənmək üçün o qədər də çox səbəbi yox idi...
Teatrla isə ilk dəfə məktəb skamyasında tanış olmuşduq.. Əbdürrəhim bəy Haqverdiyevin məşhur “Dağılan tifaq” pyesinin birinci tamaşasında vokal oxuyurduq. Tamaşa, təhsil almağa başladığımız Şuşa rus-tatar məktəbinin nəzarətçisi Haşım bəy Vəzirovun tükənməz enerjisi və təşəbbüsü sayəsində həvəskar insanların (ən çox müəllimimizin) səyləri hesabına hazırlanmışdı. Rolumuz o qədər də çətin deyildi: biz meşədə gəzməli və mahnı oxumalı idik. Mahnının sözləri belə başlayırdı:
“Əsmə, badu-səba, əsmə
Dəymə tellər, o tellərə,
Şanə vurma o tellərə
Dad əlindən...”
Biz pərdənin arxasında oxuyurduq, səhnəyə çıxanda isə Nəcəf bəyin oğlunun meyidini görməliydik və “Vay, burda bir ölü var!” qışqıraraq qaçmalıydıq.
Bunları eləmək elə də çətin deyildi və biz rolumuzu kifayət qədər yaxşı oynadıq (çoxlu iltifat almışdıq), ancaq bu epizod bizi artıq teatra yaxınlaşdırdı. Elə həmin yorulmaz təşəbbüskar Haşım bəy Vəzirovun təşəbbüsü ilə “Dağılan Tifaq”dan sonra məktəb binasının özündə də (Xan sarayının bir qolu), elə Xandəmirovun yeganə teatr zalında da yayda, müəllimlərin çoxu istirahətə gələndə Mirzə Fətəli Axundovun, Tolstoyun, Mədətov və başqalarının pyesləri səhnələşdirilirdi. Bir dəfə isə musiqi vokal məclisində Məcnunla Leyli çıxış eləmişdi – idillik musiqili vokal dialoqunu iki tələbə oxuyurdu.
Füzulinin bu romantik poemasının süjeti ilə hələ məktəbdən əvvəl tanış idik, ona görə də proqrama salınmış bu qısa nömrə bizə həddindən artıq təsir elədi.
Bizim publika üçün son dərəcə münbit mövzu idi!
Ancaq o vaxtlar içimizdə alayarımçıq cücərən bu ideyanı formalaşdıra bilmirdik.
Həmin ideya Bakıya gələndən, orda rus və italyan truppalarının opera tamaşaları ilə bilavasitə tanış olandan sonra daha real şəkil aldı. Məzmunca “Leyli və Məcnun”a yaxın olan “Romeo və Cülyetta”, “Tristan və İzolda”, “Traviata”, “Toska” bizə xüsusilə dərin təsir eləmişdi.
Sentimentallıq – romantikaya meylli qarabağlıların təbiətində var. Onu da deyim ki, biz hələ Şuşadan Bakıya gəlməzdən əvvəl qardaşım Üzeyir Qori müəllimlər seminariyasında skripkada çala-çala not sistemini öyrənmişdi. O, tətillərdə Şuşaya gələndə səylə ifasını təkmilləşdirirdi. Ki, bu da mənim Avropa musiqisinin elementləri ilə tanış olmağıma, operalardan ayrı-ayrı hissələri, ya da romansları vəs. öyrənməyimə imkan verirdi. Öz növbəmdə mən də onu doğma musiqimizdə olan yeniliklərdən xəbərdar eləyir, ya da muğamatın bu və digər formalarını onun yadına salırdım.
* * *
Bakıda opera tamaşaları ilə yaxından tanış olandan sonra Şuşada ağlımıza gələn qeyri-müəyyən ideya daha real forma almağa başladı.
Şuşadakı kimi Bakıda da təşəbbüs qardaşıma məxsus idi. O öz ideyalarını mənimlə bölüşür və əvvəlcə eləmək istədiyi işin ümumi cəhətləri, sonra da yaradıcı işin detalları haqqında fikrimi soruşurdu.
"Leyli və Məcnun" operası 1965-ci ildə.
Uzun sözün qısası, 1907-ci ilin baharında işə başladıq. Şərait də buna imkan verirdi: Üzeyirlə birlikdə “İslamiyyə” mehmanxanasında yaşayırdıq, ailəmiz isə əyalətdə, böyük qardaşımız Zülfüqarın yanındaydı.
Biz mətnin üzərində çalışırdıq, lirik nömrələrin əksəriyyətini Füzulidən “götürürdük” və onları öz yazdığımız bütöv mətnə birləşdirikdik.
Ayrı-ayrı vokal nömrələri üçün fərqli muğamlar (məsələn, Məcnunun atası üçün – rast və çahargah, Məcnunun özü üçün – şikəsteyi-fars, bayatı-Şiraz və Segah vəs), folklor musiqisindən götürülmüş ahənglər, ya da orijinal motivlər seçirdik. Qardaşım sözügedən son elementləri notlara köçürürdü. O, yavaş-yavaş xor ifaları üçün polifonik tendensiyaları da daxil eləyirdi.
Məlumdu ki, bizim və ümumiyyətlə, şərq musiqisi yalnız unison və oktava ilə kifayətlənib, polifoniyaya sahib deyil. Sonralar qardaşım polifoniyadan istifadəni daha da təkmilləşdirmişdi və beləcə bu vacib islahatın pionerinə çevrilmişdi.
Təşəbbüsümüzdən xəbərdar olan nadir dostlarımız arasında məşhur dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin iştirakı xüsusilə qiymətli idi.
O özü Avropa musiqisi və not sistemi ilə tanış olduğu üçün bizə dəyərli məsləhətlər verirdi. Sonralar hətta bir dəfə pyüpitrin arxasında Üzeyiri əvəz də elədi.
İş hiss olunmadan irəliləyirdi və bir neçə aydan sonra partitura hazır oldu. Quruluş haqqında düşünmək, orkestri seçmək, münasib aktyorlar tapmaq lazım idi.
Üzeyir keçmiş seminariya həmkarlarından ibarət simli orkestr yaratdı. Səylə edilən məşqlər nəticəsində bu həvəskar-skripkaçılar öz alətlərindən əvvəlki “cırıltılardan” fərqlənən gerçək səslər çıxartmağa nail oldular. Şərq orkestri başlanğıcda bircə tardan (Onu da “uzun” Zeynal ifa eləyirdi), bir kamançadan (Ohanezşvili) və qavaldan ibarət idi. Sonralar Üzeyir not sistemini tətbiq eləyərək şərq alətlərindən ibarət böyük simli orkestr yaratdı.
O ki qaldı aktyorlara... Bu, həddindən artıq çətin məsələ oldu. Opera üçün oxumağı bacaran aktyorlar tapmaq lazım idi. Bizdə isə elələri hələ ki yox idi. Səsi yerli-dibli olmayan dram və komediya aktyorları vardı, əsl müğənnilər axtarmaq da yaxşı alınmırdı, çünki operada heç bir xanəndə səhnədə çıxış eləmirdi, üstəlik Məcnun rolu da sadə deyildi: kifayət qədər mürəkkəb oyun bacarığı lazım idi. Münasib Leyli tapmaq da çətin məsələydi: o vaxtlar müsəlman qadınları səhnəyə çıxmırdılar.
Buna da bax: 'Leyli və Məcnun' ABŞ-da yeni versiyada...
Uzun axtarışlardan, dostlarla uzun məsləhətləşmələrdən sonra axır ki, biz Hüseynqulu Sarabskinin simasında Məcnunu tapdıq. Sarabski şəhər şurasında işləyirdi, kifayət qədər məlahətli səsə malik idi və artıq bir neçə dəfə həvəskar qismində dramatik tamaşalarda iştirak eləmişdi. Bir sözlə, səhnədə özünü apara bilirdi.
Leyli rolunu qohumumuz Əhməd Bədəlbəyliyə həvalə elədik. Çünki onun incə beli, balaca boyu, zərif, cingiltili səsi, az da olsa, qadınlıq illüziyası yarada bilərdi (təbii ki, o, səhnəyə qadın geyimində çıxırdı).
Üzeyirin təkidləri nəticəsində Leylinin nişanlışı İbn Salamın rolunu mən oynamalı oldum, baxmayaraq ki, səhnəyə çıxmağa həvəsim yox idi.
Əksinə, Məcnunun atası rolu üçün son dərəcə koloritli bir şəxsiyyət – Mirzə Muxtarı tapdıq. Mirzə Muxtar mənşəcə qarabağlı olan yaşlı müəllim idi, muğamatı çox yaxşı bilirdi və vaxtilə zəngin olan səsini tam itirməmişdi. Muğamlardan xəbərdar olmağı ona özünəarxayınlıq və vaciblik hissi verirdi.
Əslində zavallı qoca bu cəhəti ilə öz köməksizliyini gizlətmək istəyirdi, bu isə onu ərköyün, qıcıq insana çevirirdi; öz nömrəsini ifa eləyəndə tez-tez sonu görünməyən boğazlar eləyir, axıra çatana yaxın yenidən bitməz-tükənməz improvizasiyalara başlayırdı.
Tarçalan “uzun” Zeynal da tərs adam idi (əbəs yerə Qarabağın ən sərrast nişançılarından biri hesab olunmurdu), öz partiyasını bitirməyə az qalmış simləri təkrar kökləməliydi ki, bu da onu əsəbləşdirirdi. Hirslə Mirzəyə “Ay Mirzə, qutar də!” deyirdi. Mirzə də cavabında səmimi-qəlbdən “rəhmətliyin oğlu, qoymazsan musiqini tamam eləyim”, -deyə ona etirazını bildirirdi.
Ümumiyyətlə, Mirzə Muxtar lətifə kimi adam idi, görünüşü də ancaq təbəssüm yaradır, gülməli şərhlərə səbəb olurdu.
Onun balaca azərbaycanlı balalarına verdiyi rus dili dərsləri çox məşhur idi. Dəsrlikdəki mətndə rus dilində belə bir cümlə yazılmışdı: «В течение веков в Сибири свирепствовала проказа» (Sibirdə əsrlər boyu cüzam tüğyan eləmişdi). Mirzə bu cümləni aşağıdakı şəkildə tərcümə eləyirdi: “В- içində, течение – axa-axa, веков — qərinələr ilə, Сибири — Sibirin, свирепствовала — dadbidad edirdi, проказа —dəcəl-dəcəl uşaqlar («проказники»).
Bütün bunlara baxmayaraq, demək lazımdı ki, Mirzə Muxtar öz rolunu normal oynamışdı. O qədər normal ki, sonralar da rol onda qalmışdı. Onun İbn Salamla Leylinin toy mərasimində özbaşına elədiyi əlavə - klassik melodiyalardan birini ərəbcə oxumağa başlaması tamaşaçılar tərəfindən yaxşı qəbul olunmuşdu.
Leylinin atası rolu gənc həvəskar İmran Qasımova həvalə edilmişdi. İxtisasca podratçı olan İmran bizim tamaşamızda fəal iştirak eləyirdi. O, son dərəcə güclü, təsirli səsə malik olsa da (buna görə də bizim antreprizi ürəyinə salmışdı), şərq musiqisinin qanunları ilə yaxşı tanış deyildi, odur ki, hərdən muğama aludə olurdu və yüksək notlarda xaric oxuyurdu.
Operanın xoreoqrafiya hissəsini (balet) mənim məktəb yoldaşlarımdan birinə - Bəhram Vəzirova həvalə eləmişdik. Beş qardaşın ortancılı olan Bəhram haqqında “Vəzirov qardaşlarının başları da ayaqları kimi qabiliyyətli olsaydı, Qarabağda onların tayı-bərabəri olmazdı” deyirdilər.
Hər halda Bəhramın improvizasiyaları kifayət qədər uğurlu alınmışdı və ərəb rəqslərini heç vaxt görməmiş tamaşaçılar heyran qalmışdılar. Baletmeysterin özünün də heç vaxt ərəb rəqsi görmədiyini deməyə ehtiyac varmı?
Personajların sayı artdığına görə məşqlər üçün eyni məkan tapmaq haqqında fikirləşmliydik. Çünki bu qədər insan artıq mehmanxanadakı otağımıza sığışmırdı.
“Leylinin atası” İmran Qasımov öz evini təklif elədi. Evin böyük zalı vardı və biz məşqlərin bəzilərini ora keçirdik. Ancaq İmranın böyük qardaşı Hacı Qasımov köhnəfikirli adam idi və bizə qarşı skeptisizm nümayiş etdirirdi – bütün bunlar ona yad, əcaib təsir bağışlayırdı. Başını bulaya-bulaya “heç nə alınmayacaq” deyə tez-tez təkrarlayırdı.
Ona elə gəlirdi ki – hərçənd təkcə ona yox – biz adi müsəlman gerçəkliyi ilə uzlaşmayan əlçatmaz, fantastik, qeyri-təbii, hətta qəbahət olan bir fenomenə, bir sahəyə toxunmağa, daxil olmağa çalışırıq.
Məşqləri gah bir, gah başqa yerdə eləyirdik – harda imkan olurdusa, orda.
Buna da bax: Azərbaycanca ilk məktəb, ilk teatr, ilk universitetin yaranmasında o iştrak edib
Başlanğıcda oyunçular arasında ciddi qarışıqlıq, ziddiyət vardı. Hər kəs fərqlənmək istəyir, bu da səhnə nizam-intizamına və ifa dəqiqliyinə zərər vururdu. Xüsusilə də Mirzə Muxtar əsl “enfant terrible” çıxdı. O, partituranın məqsədlərindən daha çox öz nüfuzunun qeydinə qalırdı. O ki qaldı Leylinin atası İmran Qasımova, o, şərq musiqisinin kifayət qədər mürəkkəb fortituralarına sahib olmadığından yaranan boşluğu öz diapazonunun hədsiz uzunluğu ilə doldurmağa çalışırdı (üç oktava yuxarı oxumağı bacarırdı). Ki, bu da İmranın tez-tez xaric oxumağı ilə nəticələnirdi. Üzeyirlə mən onu süvarinin işarəsini gözləmədən yerindən tərpənən, cilovunu gəmirən, hər an uçuruma düşmək təhlükəsi ilə üz-üzə qalsa da, ox kimi irəli atılan inadkar atla müqayisə eləyirdik. İmranı əhliləşdirmək bizə böyük zəhmət bahasına başa gəldi. Həmçinin xor üzvlərinə də öz nömrələrini ifa eləyəndə dik durmağı, döyüşçülərə – onlar da vardı – döyüş zamanı özlərini unudub anarxiya yaratmamağı, zərbələrini musiqinin ritminə uyğulaşdırmağı öyrətmək də çətin idi.
Qeyd eləmək lazımdı ki, bütün o təlimlərin böyük hissəsini qardaşım Üzeyir həyata keçirirdi. Hərdən o, gecə aat 2-3-ə qədər oturur,mələk səbri və inadı ilə səhnədə musiqili-vokal ifası üçün harmonik ansambl yaratmağa çalışırdı. Mən öz imkanlarım daxilində ona kömək eləyirdim.
Həmin vaxt bizim Azərbaycan səhnəsinə ilk milli operanı çıxartmaq təşəbbüsümüz maarifçi “Nicat” cəmiyyətinin ətrafında birləşmiş bəzi proqressiv elementlərin diqqət cəlb eləmiş və rəğbətini qazanmışdı (Hələ Əbdürrəhim bəy Haqverdiyevi demirəm). Məqsədimizin ciddiliyinə əmin olan cəmiyyətin bəzi üzvləri ilk milli operanın taleyində fəal iştirak eləməyə başlamışdılar.
Cəmiyyətin rəhbərləri arasında öz nüfuzu və sərvəti ilə məşhur olan Aşurbəyovlar ailəsinin nümayəndələrindən biri – İsa bəy Aşurbəyov təşəbbüsümüzün reallaşmasında xüsusilə fəal iştirak edirdi.
İsa bəy həm də xeyriyyəçi idi, məşhur azərbaycan-türk publisisti və siyasi xadim Əhməd bəy Ağaoğlunun redaktoru olduğu “İrşad” qəzetini maliyyələşdirirdi.
Bizi qardaşım Üzeyirin əsas əməkdaşlarından biri olduğu (mən də jurnalist fəaliyyətimə orda başlamışdım) “Irşad” qəzetindən tanıyan və qəzetin naşiri olan İsa bəy bizimlə dostluq münasibətləri saxlayır, ona görə də əlindən gəldiyi qədər kömək eləməyə çalışırdı.
Nəhayət, o əlamətdar gün, ya da daha doğrusu, axşam gəlib çatdı. Hamı həyəcanlı idi, amma ən çox müəlliflər.
İşin, demək olar ki, bütün ağırlığı Üzeyirin çiyinlərinə düşmüşdü, o, son ana qədər bütün çətinliklərə yorulmadan sinə gərmiş, bütün məşqləri aparmışdı.
Ayın tarixini, heç hansı fəsil olduğunu da xatırlamıram. Təkcə il yadımda qalıb – 1908...
Üzeyir dirijor çubuğunu qaldırdı və Tağıyev teatrını doldurmuş tamaşaçıların gərgin marağı altında tamaşa başladı.
Adətən, teatrda səs-küylü davranan publika bütün tamaşa boyu “hermetik” şəkildə susdu, heç əl çalmağa da cəsarət eləmədi.
Sadəcə hədsiz sentimental tamaşaçıların gözlərindən axan yaşlar və Leylinin atası qızını Məcnuna ərə verməkdən qəti şəkildə imtina eləyəndə yaranan həyəcan hiss olunurdu.
Alqışlar yalnız tamaşanın sonunda səsləndi və tamaşa boyu özünü təmkinli aparan publika, indiyə qədər görmədikləri tamaşadan aldıqları həzzi və razılığı, nəhayət ki, büruzə verdi.
Azərbaycanın kvazi-həvəskar quruluşda hazırlanan ilk opera tamaşası belə başladı və bitdi.
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncənət Mərkəzi Arxivi. 649 №-li fond. "Ceyhun Hacıbəylinin xatirələri"