Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:32

Azərbaycan hökumətinin ən böyük yanılması...


Şerif. Karikatura. "Analoqu olmayan quyu"
Şerif. Karikatura. "Analoqu olmayan quyu"

“Azərbaycan hökuməti təəssüf ki, hələ də düşünür ki, iqtisadiyyatda müəyyən dəyişikliklər etməklə, idarəetməyə toxunmadan ciddi irəliləyişə nail olmaq mümkündür. Ən böyük yanılma burdadır”

Dekabrın 16-da hökumət daha bir strateji yol xəritəsini açıqlayıb. Sənəd Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal və emalı ilə bağlıdır. Yol xəritəsində nəzərdə tutulan fəaliyyətlərin gerçəkləşdirilməsinə, azı, 1 milyard 170 milyon manat yatırım tələb olunur.

Buna da bax:​ Büdcədə 1 milyard manat kəsir yaranıb

İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosu-na müsahibəsində bu barədə danışıb:

Natiq Cəfərli
Natiq Cəfərli

– Əslində, kənd təsərrüfatında, ümumiyyətlə, iqtisadiyyatın təhlükəsizliyinə, bank-maliyyə sisteminə aid olmayan sahələrdə dövlətin iştirakı minimuma endirilməlidir. Hansı ölkə ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatına dövlət nəzarətinin gücləndirilməsi yolunu tutubsa, orda irəliləyiş əldə edilməyib. Hətta keçmiş Sovet İttifaqının təcrübəsi də sübut etdi ki, dövlətin bu sahədə dominant rol oynaması, nəticə etibarilə, problemlərə gətirib çıxarır, onların həllinə yox. Azərbaycanda indiyədək kənd təsərrüfatına milyardlarla manat xərclənib, bir neçə dövlət proqramı qəbul edilib. Regionların inkişafı ilə bağlı, Kənd təsərrüfatına dəstək haqda proqramlar qəbul edilib. Bunlar niyə effekt verməyib? Hökumət, ilk növbədə, qəbul etdiyi proqramların, xərclədiyi milyardların niyə ciddi effekt verməməsi barədə suala cavab - bir növ hesabat verməli idi. Bu hesabat verilməsə, idarəetmədəki problemlər aradan qaldırılmasa, bu proqramın da ciddi effekt verəcəyinə inam yetərincə azdır.

Buna da bax: Azərbaycan iqtisadiyyatı hey kiçilir

– Sizcə, hökumət bu məsələyə heç qarışmamalıdır?

– Hökumətin kənd təsərrüfatı, ərzaq məsələlərində rolu ancaq stimullaşdırma şəklində, vergi və gömrük rüsumlarının tənzimlənməsindən ibarət olmalıdır. Dövlət iqtisadiyyatın bir çox sahələrində əsas oyunçu olmaqdan çəkilməlidir, o cümlədən kənd təsərrüfatında. Bugünədək milyardlar xərclənən proqramların effektsizliyinin səbəbi dövlətin yetərincə yüksək səviyyədə müdaxilə və hesabatlılığın olmamasıdır. Bu proqram da köhnə fəlsəfəylə, köhnə yanaşma və idarəetməylə icra olunacaqsa, çox təəssüf ki, bunun da həyatımızda müsbət təsirini hiss etməyəcəyik.

– Natiq bəy, amma hökumət bu yol xəritəsinin hazırlanmasına xarici mütəxəssislər cəlb etdi, onlar ayrıca təmtəraqla təqdim etdi. Effekt olmayacaqsa, bu qədər əmək, vəsait niyə sərf olunurdu?

– Bu proqramı xarici ekspert hazırlasın, ya yerli, dəxli yoxdur. Yanaşma dəyişməlidir. Məsələn, icra strukturlarının işə yanaşması dəyişməsə, nəticə olmayacaq. Bu günədək qəbul olunan proqramlar da kağız üzərində çox gözəl görünürdü. Hədəflər də qoyulmuşdu ki, regionların inkişafına xidmət edəcək, ÜDM-də regionların payını yüksəldəcək, vergi daxilolmalarını artıracaq. Amma 15 ildir həyata keçirilən proqramın nəticəsində bu gün məlum olur ki, ÜDM-də regionların payı 3-4 faizi, vergi toplamalarında 6-7 faizi keçmir. Kağız üzərində çox yaxşı görünən proqramların həyata keçirilməsində problem var.

Buna da bax:​ Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

– Nədir o problemlər?

– Korrupsiya, pis idarəetmə. Gözəl hədəflər qoymaq olar, amma dəyişiklik baş verməsə, həmin proqramlar korrupsiyanın, pis idarəçiliyin qurbanı olacaq. Məsələ idarəetmənin özündədir. Hökumət bu suala cavab tapmalıdır ki, nəyə görə qoyulan investisiyalar geridönüşü təmin etmədi? Bax, hər şey bu sualın cavabından asılıdır. Ümumiyyətlə, yol xəritəsi qəbul edən hökumət fəlsəfi seçim etməlidir ki, iqtisadiyyat qurur, yoxsa rəqabətədavamlı liberal bazar iqtisadiyyatı? Buna cavab yoxdursa, həmin proqramın reallaşmasında problem yaranır.

– O zaman hökumətin üzərinə düşən vəzifə nədir? İdarəetmədə islahatlara getməlidir?

– İdarəetmə islahatları, struktur islahatları, regional idarəetmə islahatları aparılmalıdır, hesabatlılıq artmalıdır. Bu günədək hansı dövlət qurumu bu proqramlarla bağlı, xərclənən vəsaitlə bağlı hesabat verib? Regionların inkişafıyla bağlı 3 dövlət proqramı qəbul edilmiş, bir neçə nazirlik də operator təyin olunmuşdu. Bu üç proqramın həyata keçirilməsinə kim cavabdehlik daşıyır və bugünədək qoyulan hədəflərə çatmamışıqsa, bunun məsuliyyəti kimin boynundadır? Hesabatlılıq yaranmadıqca, hökumətin şəffaf olmaq vərdişi yaranmadıqca proqramların həyata keçirilməsi çətin olacaq.

Buna da bax: "Öz ofşorlarından vergi tutacaqlar?"

– Belə çıxır ki, son bir həftədə elan olunan yol xəritələri toplumun, mütəxəssislərin aylardır gözlədiyi yol xəritələri deyilmiş?

– Şərqi Avropa ölkələrində, Baltikyanı ölkələrdə, Sinqapurda, Cənubi Koreyada, Çilidə və bir sıra başqa ölkələrdə yol xəritələri hazırlanıb. Sadəcə, onlar, paralel olaraq, həm idarəetmə, həm iqtisadi, həm də məhkəmə islahatları aparıblar. Sinqapur, Cənubi Koreya, Şərqi Avropa ölkələrinin misallarından görürük ki, mütləq müstəqil məhkəmələr də qurulmalıdır. Əks halda effekt olmaz. Azərbaycan hökuməti, çox təəssüf, hələ də düşünür ki, iqtisadiyyatda müəyyən dəyişikliklər etməklə, idarəetməyə toxunmadan ciddi irəliləyişə nail olmaq mümkündür. Ən böyük yanılma burdadır.

Buna da bax:​ Yeni xəritəyə də 1 milyard 170 milyon lazımdır

– Çox böyük ümidlə gözləyənlər var ki, gələn məhz islahatlar ili olacaq. Çünki hökumətin başqa yolu yoxdur, ya islahatlara getməlidir, ya da, çox sətir də çıxsa, məhvə. Necə bilirsiniz, bəlkə indi yol xəritələrini açıqlayan hökumət təzə ildən islahatlara başlayacaq? Azərbaycanı nə dərəcədə belə xoş yeni il sürprizi gözləyə bilər?

– Mən də ümid edirəm ki, gələn il islahatlar olacaq. Başqa yol yoxdur. Azərbaycanın durumu da bunu tələb edir. Əvvəl-axır, hökumət islahatlara getməyə məcbur qalacaq. Sadəcə, vaxt gedir. 2014-cü ildən böhranlı vəziyyət yaranıb. Amma yol xəritələri haqda 2016-ci ilin sonunda danışmağa başladılar. Çox güman, hökumət uzun zaman düşünürdü ki, neftin qiyməti əvvəlki həddə qalxacaq, islahata ehtiyac qalmayacaq. Bir tərəfdən yaxşıdır ki, hökumət böhrandan çıxış üçün addımlar atılmalı olduğunu anlayır. Mən də düşünür və ümid edirəm ki, gələn il bu islahatların gerçəkləşmə ili olacaq və ölkə düşdüyü durumdan islahatlarla çıxacaq. Yoxsa...

– Yoxsa?

– Gələcəkdə sosial problemlərin, sosial gərginliyin artması Azərbaycanı ciddi fəsadlarla üz-üzə qoya bilər.

XS
SM
MD
LG