Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

Seymur Baycan: 'Sovet niyə dağıldı?'


Rusiyada fəhlələr Leninin sovet dövründən qalma heykəlini yuyur.
Rusiyada fəhlələr Leninin sovet dövründən qalma heykəlini yuyur.

"Mən artıq beşinci sinifdə oxuyanda Azərbaycanda fəaliyyət göstərən institutlara qəbul olunmaq üçün nə qədər rüşvət vermək lazım olduğunu bilirdim. Bilirdim ki, AMİ-yə girmək üçün 20-25 min manat, “Narxoz”a girmək üçün 15 min manat rüşvət vermək lazımdır. Filologiya fakültələrinin qiyməti hardasa 5-7 min manat idi".

Seymur Baycan

Sovet niyə dağıldı?

Yazıçı Seymur Baycan.
Yazıçı Seymur Baycan.

Bir türk dostum onunla köhnə əşyalar satılan bazara getməyimi xahiş etdi. Dedi ki, tək getsə bəzi şeyləri başa düşməyəcək, şərh edən adam lazımdır. O bazarda ağıla gələn və gəlməyən hər cürə əcaib şeylər, qəribə əşyalar satılır. Elə şeylər satılır ki, o şeyləri satmaq adamın heç vaxt ağlına gəlməz. Amma görürsən biri ədəb-ərkanla oturub, qarşısına da satılması, bazara çıxarılması adamın ağlına gəlməyən əşyanı qoyub müştəri gözləyir. Məsələn, ətçəkən maşının qulpunu, yaxud köhnə yazı taxtasını, cırıq qaloşu, neçənci ilinsə, hansı məktəbinsə dərs cədvəlini, sovet dövründə buraxılmış limonadların butulkalarını, köhnə konserv qablarını bazara çıxarıb satmaq kimin ağlına gələr. İmkan düşdükcə köhnə əşyalar satılan bazara gedirəm. Zamanın keçdiyini kobud formada göstərən əşyalara baxdıqca yaddaşım qıcıqlanır, bir çox mənzərələri, hadisələri xatırlayıram. Əvvəllər o bazar daha zəngin idi. Son illərdə Tiflisə gələn xarici qonaqlar xüsusən sovet dövrünə aid əşyaları, döş nişanlarını, bayraqları, medalları alıb apardılar. Nağıl dili yüyürək olar. Artıq bazardayıq. Döş nişanlarını, medalları, sovet zamanına aid sənədləri göstərib imkanım çatan qədər şərhlər verirəm, əhvalatlar danışıram. Çalışıram keçmişin təsiri altında hissə qapılmayım, obyektiv olum. Deyirəm: “ Bax bu oktyabryat nişanıdır. Oktyabryatdan sonra pionerə keçirdin, sonra komsomola, sonra da partiyaya. Pionerə keçəndə ocağın başında dayanıb pioner andı içirdin. Məni heç pioner andını axıra qədər deməyə qoymadılar. Elə iki-üç cümlə demişdim ki, ocağın başından kənara çəkib boynuma qırmızı pioner qalstuk bağladılar. Hərçənd pioner andını əzbərləməyi məktəbdən dönə-dönə tapşırmışdılar...” Bazarda gördüyü şeylər və əşyalar, danışdıqlarım türk dostum üçün maraqlıdır.

Buna da bax: Qorbaçov Qarabağ probleminə görə Heydər Əliyevi suçlayır

Tacikistanda spvet dövrünə aid əşlayarın satıldığı bazar.
Tacikistanda spvet dövrünə aid əşlayarın satıldığı bazar.

Sonra sovet pullarını göstərib bu pullara o zaman nə almaq, nə etmək mümkün olduğu haqqında danışıram. Bizim evdə uşaqlar oğurluq etməzdilər. Ona görə də pullar dərinliklərdə yox hər zaman əlçatan yerdə olardı. Bir dəfə on manat pul oğurladım, amma qorxudanmı yoxsa nədənmi xərcləyə bilmədim. Təzədən gətirib yerinə qoydum. Özümdən savayı heç kimin bu oğurluqdan xəbəri olmadı. Bazardayıq. Əlimdə sovetin yüzmanatlığını tutmuşam. Orasına-burasına baxıram. Bu zaman satıcı sual verir:

- Sən haralısan?

- Mən buralıyam, qafqazlıyam. Dostum isə Türkiyədən gəlib. Sovet dövrü ilə maraqlanır.

- Ona de ki, o yüz manatla o vaxt Moskvaya gedib bir həftə gəzib geriyə qayıtmaq olardı.

Satıcının dediklərini türk dostuma tərcümə edirəm və dilim dinc durmur satıcıya sual verirəm:

- Səncə sovet zamanı yaxşı idi?

- Əlbəttə yaxşı idi. Sovet vaxtı mən knyaz kimi yaşayırdım.

- Nə işləyirdin?

- Mühəndis.

- Harda?

- Tikintidə.

- Sovet zamani knyaz kimi yaşamaq üçün oğurlamaq lazım idi. Yəqin sən də oğurlamısan.

- Mən nə oğurlaya bilərdim?

- Taxta, armatur, sement, qum...

- Mən oğurlamamışam.

- Oğurlamamısansa yüz əlli manat maaşla necə knyaz kimi yaşamısan?

Cavab yoxdur. Nələrsə deyir, amma bu cavab deyil. Ümumi şeylər danışır. Limonad beş qəpik idi, tramvay üç qəpik...

Sovet niyə dağıldı? Bu suala müxtəlif cavablar var. Adamın peşəsinə, tutduğu mövqeyə, savadına uyğun olaraq sovet niyə dağıldı sualına cavablar da müxtəlif olur; Soveti Amerika dağıtdı. Sovet dağılmalı idi. Soveti Qorbaçov dağıtdı. Soveti yüksək vəzifəli artıq burjualaşmış partiya nümayəndələri dağıtdılar ki, respublikaları öz mülkləri kimi rahat idarə edə bilsinlər.

Cavablar müxtəlifdir və hər kəs öz cavabını bacardığı qədər əsaslandırmağa çalışır.

Buna da bax: Gorun çattasun, a Lelin, bu da axurun

Şəxsən mənim sovet niyə dağıldı sualına qəti cavabım yoxdu. Bilmədiyim şeylər haqqında danışmaq istəmirəm. Əvvəllər “sovet necə idi” sualına tələsik cavab verməyə çalışırdım. İndi bu sualı verən adamın özünə sual verirəm. Hansı cəhətdən? Sovetin hansı dövrün nəzərdə tutursunuz? Harda? Kim üçün?

Əlbəttə ki, yetmişinci illərin soveti ilə otuzuncu illərin sovetini, yaxud Qafqazdakı sovetlə Orta Asiyadakı, Rusiyadakı soveti eyniləşdirmək olmaz.

İndi Tiflisdə xeyli xaricilər var. Sovet dövrü ilə maraqlanırlar, araşdırmalar aparırlar, məqalələr, kitablar yazırlar. Sovet zamanından, sovet kinosundan, sovet ədəbiyyatından bir balaca məlumatlı olduğunu, obyektiv danışdığını gördükdə adamdan əl çəkmirlər. Elə hey suallar verib danışdırırlar . Öyrənmək və öyrətmək istəyirlər.

Ərkim çatan və potensialına inandığım bir neçə adama (Nərmin Kamal, Nicat Qarayev, Emin Aslan, Aygün Aslanlı...) özlərinə münasib, uyğun bir mövzu seçib sovet dövrünə aid araşdırmalar aparıb kitab yazmalarını təklif etmişəm. İmperiyanın çöküşünü görmək, yaxud imperiyanın çöküşünü görən adamlarla iç-içə yaşamaq balaca şey deyil. Bu böyük bir mövzudur. Necə yaşayıblar, nə işlə məşğul olublar, bunu qoyaq bir tərəfə, sovet ölkəsi bizim atalarımızın, babalarımızın, yaşadığı bir ölkə olub. Vaxt keçəcək soveti görmüş adamlar həyati yavaş-yavaş ya da sürətlə tərk edəcəklər və biz canlı mənbələrdən məhrum olacağıq. Təəssüf ki imperiyanın çöküşünün bir mövzu olaraq nə qədər ciddi bir mövzu olduğunu dərk etməməkdəyik. Sovet zamanına aid müxtəlif istiqamətli kitablar yazılmalı, ingilis, alman, fransız və başqa dillərə çevrilməlidir. Sovet zamani oxumuş, işləmiş yaşlı nəslin nümayəndələri də xatirələrini yazsalar ( bacardıqları qədər obyektiv və qərəzsiz) çox yaxşı bir iş görmüş olarlar. Rasim Qaracanın öz xatirələrini yazdığını eşitdim. Buna çox sevindim. Kitablaşmaq, folklordan uzaqlaşmaq vacibdir. Sovet dövründə baş verən hadisələrdən xəbərsiz olduğumuza görə biz bu gün bir çox suallara cavab tapa bilmirik.

İndi isə ayağımızı yerə qoyaq, bir az canlı, real həyat mənzərələrinə istinad edək. Yayda Kutaisi şəhərinin yaxınlığında yerləşən Tsxaltubo qəsəbəsinə getmişdim. Bu qəsəbədə sovet dövründə çox gur bir həyat varmış. Ona görə ki, qəsəbədə çoxlu sanatoriyalar fəaliyyət göstərirmiş və sovetin hər yerindən bura adamlar istirahət etməyə, müalicə olunmağa gəlirmişlər. Qəsəbədə yaşı qırxı keçmiş hansı adamla söhbət etsəniz həmin adam mütləq qəsəbənin keçmiş gur, şən həyatından həvəslə, bir az da təəssüflə danışacaq. Sovetlər dağılır, qəsəbənin gur həyatı məhv olur. Satanoriyalar fəaliyyətini dayandırır. Hərə bir tərəfə dağılır. Adamlar dəstə-dəstə Rusiyaya, Türkiyəyə işləməyə gedirlər. Bəzi sanatoriyalara isə Abxaziyadan qaçqın düşmüş adamlar yerləşdirilir. İndi sanatoriyalardan bəziləri fəaliyyətini təzədən bərpa edib. Amma yaşlı nəslin nümayəndələri deyirlər ki, qəsəbənin keçmiş gur həyatını təzədən qaytarmaq çətin məsələdir. Evində qaldığım adam da hər fürsət düşdükcə qəsəbənin sovet dövründəki gur həyatından danışmaqdadır. Danışır, danışır, axırda da deyir ki, yox mən nə qədər danışsam da sən buranın o vaxtki həyatını təsəvvür edə bilməzsən. Bütün danışılanlardan bu nəticəni asanlıqla çıxarmaq olar; adamlar çox rahatlıqla oğurlaya bilirmişlər. Hətta onları dinlədikcə düşünürdüm ki, adamlar rahat oğurlaya bildikləri zaman üçün darıxırlar. Necə ki, indi bizim ölkədə nə qədər adam var əlləri göydədir neftin qiyməti qalxsın və əvvəlki həyatlarına davam etsinlər.

Məsələn, qəsəbədə bir nəfər deyirdi ki, bizim evdə yeşik-yeşik konservalar, qutu-qutu kərə yağı olurdu. Soruşuram: “Hardan?” Gizlətmir, açıq şəkildə deyir ki, anam sanatoriyada təsərrüfat işləri üzrə müdir işləyirdi. Sanatoriyada hər gün üç yüz adam gündə üç dəfə yemək yeyirdi. Ordan gətirirdi. Sonra bir əhvalat danışır. Deyir o vaxt bizə Rusiyadan bir prokuror qonaq gəlmişdi. Həmin prokuror deyirmiş ki, burdakı sovet hökuməti deyil, nəsə başqa quruluşdu.

Evində qaldığım adam deyir ki, burda o vaxt hamı oğurlayırdı. Hətta bir süpürgəçi Anya vardı, o da oğurlayırdı. Soruşuram: “ Bəs o nə oğurlayırdı?” Cavab verir ki, Anya süpürgə oğurlayırdı. İdarədən yolu süpürmək üçün ayda ona on iki süpürgə verirdilər. Altısını satırdı. Birini də elə bizim evə satırdı. Üç manata.

Buna da bax: SSRİ öldü, MDB doğuldu, tarixi sənədi imzalayanlar danışır

1990-cı ildə Azərbaycanda sovet hakimiyyətinə qarşı etirazlar.
1990-cı ildə Azərbaycanda sovet hakimiyyətinə qarşı etirazlar.

Doğurdan da Qafqazdakı sovet hökuməti Rusiyadakı sovet hökumətindən xeyli fərqli idi. Niyə Bakıda fəaliyyət göstərən hansısa institutun müəllimi Moskvada fəaliyyət göstərən hansısa institutun müəllimindən yaxşı yaşayırdı? Ona görə ki, Bakıdakı müəllim qəbul imtahanlarında, başqa imtahanlarda daha rahatlıqla rüşvət alırdı. Rayonlardan tələbələri pendirdən tutmuş nehrə yağına, qoyun şaqqasına qədər pay gətirirdi. Ona görə ki, mən artıq beşinci sinifdə oxuyanda Azərbaycanda fəaliyyət göstərən institutlara qəbul olunmaq üçün nə qədər rüşvət vermək lazım olduğunu bilirdim. Bilirdim ki, AMİ-yə girmək üçün 20-25 min manat, “Narxoz”a girmək üçün 15 min manat rüşvət vermək lazımdır. Filologiya fakültələrinin qiyməti hardasa 5-7 min manat idi. Gözümün qabağında ikini ikiyə vura bilməyənlər rüşvət verib “Narxoz”a qəbul olunurdular və bu adamlar atalarının, qohumlarının hesabına yaxşı işlərdə işləyirdilər. Hətta səhv etmirəmsə “Narxoz”da o zaman rüşvət o dərəcədə tüğyan edirmiş ki, mərkəzdən gəlib institutu bağlayıblar birləşdiriblər Rusiyanın hansısa institutuna. Bu əhvalatı Zamin Hacı daha yaxşı bilir. Daha ətraflı yazsa biz də oxuyub xeyli feziyab olarıq. İndi “Narxoz”un o vaxtkı rüşvətxor müəllimləri sovet dövrünü şövqlə xatırlayırlarsa onları hardasa başa düşmək lazımdır. Məşhur bir söhbət var. Olmuş əhvalatdı. Respublikanın rəhbərlərindən biri pambıq tarlasında pambıqçılarla söhbət edir. Qoca bir pambıqçıdan soruşur ki, keçən il nə qədər pul qazanmısan? Arvad deyir: “Üç min” Rəhbər şəxs istəyir arvadla zarafat etsin. Sual verir: “Qoca arvadsan neynirsən bu qədər pulu?” Arvad bu suala çox dəqiq bir cavab verir. Elə bir cavab ki, o dövrü başa düşmək üçün kifayətdir. Qoca pambıqçı suala belə cavab verir: “Üstünü düzəldib nəvəmi instituta qoyacam”

Əlbəttə rüşvətsiz öz savadı hesabına da institutlara qəbul olanlar da olurdu. Bu asılı idi qəbul imtahanında oturan müəllimin vicdanından. Elə adamlar olurdu ki, beş il, altı il imtahan verirdi instituta qəbul oluna bilmirdi. Hər dəfə kəsib geri qaytarırdılar. Elələri da var idi ki, Azərbaycanda instituta girə bilmirdilər gedib Rusiyada instituta qəbul olunurdular.

Sovet niyə dağıldı? Bu suala həmişə uzaqlarda deyil yaxınlarda, göydə deyil, yerdə, yəni sovet zamanında yaşamış adamların danışdıqları söhbətlərdə, sovet zamani çəkilmiş filmlərdə, sovet zamanı yazılmış romanlarda cavab axtarmağa çalışmışam. On ilin söhbətidir. Maşınla N. rayonundan Bakıya gəlirəm. Maşında dörd nəfərik. Sürücü, bəndənizdən əlavə iki sərnişin. Sürücü diplomlu sürücüdür. Ən pisi də odur ki, necə olubsa bir yox iki diplom alıb. Bir diplomlu sürücüyə birtəhər dözmək olur, iki diplomlu sürücü lap məşəqqətdir. Adam sovet zamanı tikintidə mühəndis işləyib. Sovet zamanının gözəlliklərindən danışır. Deyir ki, vallah yaxşı vaxt idi. Adam kimi yaşayırdıq. Əməlli-başlı dolanırdıq. Sonra danışır ki, qumu, sementi, armaturu, taxta-şalbanı necə satırmış. Gizlətmir. Deyir ki, filan yerdə məktəb tikirdik bu qədər sement satdım getdim Moskvaya. Kef elədim. Filan yerdə xəstəxana tikirdik bu qədər armatur satdım getdim Bakıya, İnturistdə oturdum zad... O birilər də ona qoşulurlar. Onlar da öz oğurluqlarını gizlətmirlər. Açıqca danışırlar. Nə qədər oğurladıq, necə oğurladıq, sonra bu oğurladıqlarımızı harda xərclədik. Danışırlar, danışırlar sonra da Qarbaçova lənət və qarğış yağdırırlar. Deyirlər ki, Allah Qarbaçovun evini yıxsın, gül kimi dolanırdıq, ölkəni dağıtdı. Susmuşam. Söhbətə müdaxilə etmirəm. Axırda dözmədim. Dedim, bəylər, bayaqdan təxmini hesablamışam, hardasa üç nəfərə elə yüz min siz oğurlamısınız. Sovet okean deyildi, bu həngamənin qabağında bir gün dağılmalı idi. Sonra da deyirsiz sovet niyə dağıldı. Razılaşmadılar. Üçü də düşdü üstümə. Mənə başa salmaq istəyirdilər ki, oğurlamaq pis şey deyildi, hamı oğurlayırdı, biz də oğurlayırdıq. Sovet buna görə dağılmayıb. Soveti Qarbaçov amerikalılardan pul alıb dağıtdı. Mübahisə düz 20 yanvar metrosuna qədər davam etdi. Axırda ümumi bir razılığa gələ bilmədik.

Dovlatovun adını unutduğum bir əsərindən bir məqam təxminən yadıma düşür. Dovlatov yazır ki, o vaxt hamı oğurlayırdı. Hətta bir nəfər tikintidən içi palçıqla dolu vedrə oğurlamışdı. Vedrəni evə gətirib çıxarana qədər palçıq qurumuşdu...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG