"İran coğrafiyasında yaşayan 30 milyondan çox Türklərin bircə qəzeti belə yoxdur. Bu dildə yazıb-yaradan yazıçı və şairlərin aylıq ədəbiyyat jurnalı nəşr etməyinə İran İslam Respublikasının siyasi atmosferi və təhlükəsizlik qüvvələri icazə vermir".
İran Azərbaycanından olan gənc yazıçı Elşən Böyükvənd beynəlxalq yazıçı təşkilatı "P.E.N international"a məktubla müraciət edib. Yazıçı məktubunda İran azərbaycanlılarının dili, ədəbiyyatı ilə bağlı problemlərini, həmçinin ana dili uğrunda mübarizə aparan fəalların İran höküməti tərəfindən həbsini gündəmə gətirir. Oxu Zalı məktubunu olduğu kimi təqdim edir.
Gənc bir yazıçının məktubu
Elşən Böyükvənd
Biz haralıyıq ?
Dəyərli P.E.N rəhbəri! Məni və başqa qələmdaşlarımı tanımamağınız normaldır. Siz Azərbaycan adı eşidəndə Qafqazın güneyi və Xəzər dənizinin qərbində yerləşən Azərbaycan Respublikası, Türk dili və Türk milləti terminlərini eşidəndə isə Türkiyə Cumhuriyyəti yadınıza düşür.
Problem o vaxt, lap buruşub-qarışır ki, siz Güney Azərbaycan, İran Türkləri, Azərbaycan Türkləri və İran Azərbaycanlıları terminlərini eşidirsiniz. Bu kimlik yumağının pırtlaşıq düyünlərini necə açmaq olar ? Bir Avropalı yaxud Amerikalıya öz kimliyimi necə izah edə bilərəm ?
Buna da bax: Elşən Böyükvənd. Arazın o tayında kimlik müzakirələri
Axı bu sual nə qədər çətin olsa da, sizə cavab verməli, özümü, dilimi və kimliyimi qısa cümlələrlə tanıtdırmağa çalışmalıyam.
İran İslam Respublikası yalnız fars dillilərdən və ari irqinə mənsub olan etniklərdən təşkil tapmayıb. İran coğrafiyasında fars dillilərdən sonra türk, ərəb, kürd, bəluç və başqa dillər və başqa etnik qruplar da yaşamaqdadır.
Mənim ana dilim İranlıların hardasa 40 % -ının ana dilidir (İranın keçmiş xarici işlər naziri Dr. Əli Əkbər Salehi-nin Türkiyə səfərində dediyinə görə) Ancaq, bu haqda dəqiq statistika yoxdur. İran dövləti türk, kürd, ərəb, bəluç və türkmən etniklərinin dəqiq sayını demir, gizlədir.
İndi siz soruşacaqsınız ki, yaxşı onda siz haralısız ? Mən rəsmi şəkildə İran vətəndaşıyam. İran coğrafiyasında yaşayan 30 milyondan çox azərbaycan türklərindən biriyəm.Yazdığm şeir, hekayə, esse və məqalələri azərbycan türkcəsində yazıram. Biz yaşadığımız coğrafiyanı dəqiq aydınlaşdırmaq üçün, buraya qeyr-rəsmi bir ad vermişik; Güney Azərbaycan.
Ana Dili və ədəbiyyatımızın vəziyyəti
Biz öz ana dilimizdə təhsil ala bilmirik. Dövlət bizim və başqa etniklərin Ana Dilini məktəblərdə tədris etməkdən imtina edir. Biz öz uşaqlarımıza seçdiyimiz türkcə adlara görə aylarca idarələrin dolanbaclarını dolanırıq, ora-bura baş çəkirik, min müsibətlə türkcə adları rəsmi şəkildə uşaqların kimlik vəsiqəsinə yazdıra bilirik.
Buna da bax: "Özündən deyən yazarlarımız Güneydən nə yazıblar?"
İranın paytaxtı olan Tehrandan tut gəl ölkənin şimal-qərbində yerləşən beş əyalətin böyük əksəriyyəti türkcədə danışır. Bu türkcə, Azərbaycan Respublikasında danışılan türkcə ilə eynidir və Türkiyədə danışılan türkcə ilə azacıq fərqi var.
Mən ana dilində yazıb oxumaqdan, məktəbədə öz dilimi öyrənməkdən məhrum olmuş bir insanam. Heç bir müəllim görmədən, Ana dilimi 14 yaşımdan öyrənməyə başlamışam. Bakıdan İrana gətirtdirdiyim kitabların yardımı ilə bu dili öyrəndim, sevdim və yazdıqca vurğunluq odu ruhumu çulğaladı. Axı yazıçı, ana dilinin beşiyində yetişir, bişir.
İran coğrafiyasında yaşayan 30 milyondan çox türklərin bircə qəzeti belə yoxdur. Bu dildə yazıb-yaradan yazıçı və şairlərin aylıq ədəbiyyat jurnalı nəşr etməyinə İran İslam Respublikasının siyasi atmosferi və təhlükəsizlik qüvvələri icazə vermir. Yazıçı və şairlərimizin əsərlərinə İran Mədəniyyət Nazirliyi senzura tətbiq edir. Müəlliflərin əsərində keçən gözəl və doğma türkcə sözlərin yerini fars və ərəb sözləri ilə əvəz edir, qayçılayır və doğrayırlar. Onlar bizim dilimizi, kimliyimizi və düşüncəmizi belə öz senzura dəyirmanlarında üyütmək istəyirlər. Bunlara baxmayaraq yazıçı və şairlər öz əsərlərini yazmağa davam edirlər. Yaraqları qələm ağırlığında və güllələri isə söz yumuşaqlığındadır.
Buna da bax: Ettelaat gənc azərbaycanlı fəaldan niyə əl çəkmir?
Mən bu məktubu yazdığım zaman bir çox fikirdaş və qələmdaşlarım İran İslam Respubliksaının dustaqlarında çürümək və can verməkdədilər. Rəsul Rəzəvi, Ayat Mehrəlibəyli, Lətif Həsəni, Siyamək Mirzayi (yazıçı və şair) və başqaları ana dillərinin məktəblərdə tədris olunmasını istədikləri üçün həbs edilibdilər.
Əziz P.E.N üzvləri! Murtəza Muradpur bu günləri aclıq aksiyasının 57-ci gününə ayaq qoyub. İran qanunvericiliyi əsasında onun məhkumiyyət müddəti başa çatmş olsa da, hələ də azadlığa buraxılmır. Murtəza Muradpur isə 57 gün aclıq aksiyasi ilə dövlətlə sivil mübarizə dərsi keçir. Silahsız və döyüşsüz siyasi mübarizənin əlifbasını öyrədir. O, Urmu gölünün quruması və Ana Dilinin məktəblərdə tədris olunmaması üçün etdiyi dinc və mədəni etirazlara görə həbs edilib. Saatlar, dəqiqələr və saniyələr keçdikcə Murtaza Muradpurun həyatı daha da qorxulu vəziyyətə düşür. Murtaza Muradpuru müdafiə etməyə və onun azadlğı üçün əlinizdən gələni əsirgəməyin, lütfən.(https://www.iranhumanrights.org/2016/12/morteza-moradpour-hungr-strike/).
Buna da bax: '39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'
Dəyərli P.E.N rəhbəri, əziz qələmdaşlar! Dünya P.E.N qrumunn əsasnaməsi çərçivəsində qurmaq istədiyimiz P.E.N təşkilatına İranda yaşayan türkdilli yazıçı və şairlər müsbət münasibət göstərməkdən çəkinirlər. Onlar illərcə zindanda yatmağı, işgəncə olmağı və bütün ictimai-iqtisadi hüquqlarından məhrum olmağı istəmirlər. Ancaq, bunlara baxmayaraq bir neçə vicdanlı müəlif, iranda yaşayan türkdilli yazıçılar üçün müstəqil və azad bir P.E.N qurmağın fikrindədilər. Buna görə, biz, siz İngilis P.E.N, Amerika P.E.N və İnternational P.E.N təşkilatlarının yardımı və dəstəyinə ehtiyacımız var.
Dəyərli oxucular və əziz P.E.N üzvləri! Bu məktubu yazarkən, mənə və başqa qələmdaşlarıma yaranacaq bütün təhlükələri göz önünə almışam. Ancaq, mənim və başqa qələmdaşlarımın yoluna böyük Nazim Hikmətin bir neçə misrası işıq çiləyir, bizə güc və inam bəxş edir. “Mən yanmasam, sən yanmasan, biz yanmasaq. Necə çıxar qaranlıqlar aydınlığa ? ”
Elşən Böyükvənd. 2016/12/20