Dәrәdә yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba, parthapartnan top atdılar, oyanmadım.
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.
Şәhrimizdәn cәm olub cavanlar, naz ilәn gәlib,
Qumarbaz, uşaqbazlar matışkabaz ilәn gәlib,
Mar, meymun oynadan söhbәtü saz ilәn gәlib,
Mütrübü xoşlәhcәlәr pәk xoş avaz ilәn gәlib,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.
Qarışdı aralıqlar, qopdu mәhşәr qiyamәti,
Müsәlmanlar bir-birin qırdı unudub qeyrәti,
Hәr “gәlәn” alim olub, çapdı-taladı millәti,
Mәn yuxuda ol zaman çәkirdim rahәt lәzzәti,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Gördülәr yuxlamışam, hәr kәs sınadı gücünü,
Atlı atın üstümә, qurbağa saldı qıçını,
Hoppanıb Araz bu tay, yığıb dәrәnin bicini,
Hiylәbazlar tutdular bütün Qafqazın içini,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Biz fәqirә axırı rәhm elәyib biganәlәr,
Açdılar mәdrәsәlәr, klub, qiraәtxanәlәr,
Yazdılar kitab, qәzet, xәrc etdilәr xәzanәlәr,
Molla Nәsrәddin dedi hәr hәftә bir әfsanәlәr,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.
C.Məmmədquluzadə
...Cəlil Məmmədquluzadə 1898-ci ildə İrəvan şəhərinə gedib. Orada müxtəlif idarələrdə mütərcimlik edib, məhkəmədə vəkil kimi çalışıb. Burada ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət ediblər. Buna görə də bəzi mənbələrdə ədibin imzası Mirzə Cəlil Məmmədquluzadə (qısa olaraq Mirzə Cəlil) verilib.
Nə tərcüməçilik, nə də vəkillik onun ürəyincə olmayıb. Ona görə də işləməyi ataraq özünü sırf bədii yaradıcılığa həsr edib.
İndiki ev-muzeyinin yerindəki mənzildən 1903-cü ildə C.Məmmədquluzadə Naxçıvanda ürəyi istədiyi həkim tapa bilmədiyinə görə öz naxoş arvadını müalicə üçün Tiflis şəhərinə götürüb getmişdi. Onun səfəri bu cəhətdən o qədər də uğurlu olmamışdı: ədibin naxoş arvadı sağalmamışdı. Amma Azərbaycan ədəbi və ictimai fikrinin tarixində Tiflis şəhəri ilə əlaqədar yeni bir günəş doğdu. Qafqaz azərbaycanlılarının mədəniyyət mərkəzlərindən sayılan bu şəhərdə o, görkəmli ziyalılarla, məşhur maarifpərvərlərlə tanış olub. Onlardan biri də "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski olub. O. Mirzə Cəlilin yeni yazdığı "Poçt qutusu" hekayəsini dinləyib və çox bəyənib. Buna görə də gələcəyin dahi ədibini "Şərqi-Rus"da işləməyə dəvət edib (1904). L.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayəsini (Müasir dövrün tədqiqatçıları tərəfindən bu məlumat birmənalı qarşılanmır. Səhv eləmirəmsə Qan Turalı-Tural Cəfərov müsahibələrinin birində bu haqda demişdi ki, Cəlil Məmmədquluzadənin bu əsəri tərcümə edib-etməməsi barədə Rusiyaya sorğu göndərilib, ancaq cavab gəlməyib - Elnur), habelə "Poçt qutusu" adlı mətbu əsəri, "Kişmiş oyunu" hekayələrini "Şərqi-Rus" qəzetində dərc etdirdi və beləliklə də Azərbaycan ədəbi tarixinin C.Məmmədquluzadə səhifəsinin - çox parlaq, mənalı, zəngin bir səhifəsinin əsası qoyulmuş oldu.
"Şərqi-Rus" qəzetinin naşiri və redaktoru M. Şahtaxtinski, son 45 nömrəsinin redaktoru isə C. Məmmədquluzadə olmuşdu.
Bir il sonra "Şərqi Rus" qəzeti bağlanıb. Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə, maarifpərvər Məmmədəli Bağırzadə ilə birləşərək, qəzetin məətbəsini alıb. Mətbəəyə "Qeyrət" adı verərək burada müxtəlif kitablar, intibahnamələr nəşr etdirib.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalını çap etdirməyə başlayıb. Bu jurnal Tiflisdə (1906-1917), az vaxt Təbrizdə (1921-ci il, cəmi səkkiz nömrəsi buraxılıb) və son illərdə Bakıda (1922-1931) bilavasitə Cəlil Məmmədquluzadənin redaktəsi ilə çap olunub. Jurnalın son iki nömrəsi Bakıda, C. Məmmədquluzadənin 1932-ci il yanvar ayında beyninə qan sızması nəticəsində vəfatından azacıq əvvəl çıxmışdır.
Jurnalın Təbrizdə çap olunmasının səbəbi o idi ki, Azərbaycana Sovet hakimiyyəti gələndə Cəlil Məmmədquluzadə İrana getmişdi (iyun, 1920). Lakin 1922-ci ildə hökumətin dəvəti ilə Bakıya qayıtmışdı. Ədib Bakıda fəaliyyət göstərən "Yeni yol" qəzetinin dəvəti ilə Bakıya qayıtmışdı. Ədib Bakıda "Yeni yol" qəzetinin redaktoru olub. "Mədəni maarif", "Şərq qadını" jurnallarında, "Yeni kənd" qəzetində əməkdaşlıq edib.
Buna da bax: Maksim Qorki 100 il öncə Bayramla Qiyasdan nə yazmışdı?
Beləliklə, 1906-cı ilin aprelində Tiflisdə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə məşhur "Molla Nəsrəddin" jurnalı nəşrə başladı. Bu tarix Azərbaycan mədəniyyətinin və ictimai şüurunun inkişaf salnaməsinə dönüş mərhələsi kimi daxil olmuşdur. Bundan əvvəl də, sonra da Azərbaycan dilində çoxlu mətbuat orqanları yaranmış və onların əksəriyyəti xalqın mədəni inkişafında, siyasi dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Lakin həmin mətbuat orqanlarının əhəmiyyətini zərrə qədər azaltmadan yenə də etiraf etməli oluram ki, onların heç biri kəskin və prinsipial istiqamətinə, təsir və nüfuz dairəsinə, qaldırdığı və həll etdiyi problemlərin aktuallığına görə "Molla Nəsrəddin" səviyyəsinə qalxa bilməmişdir. Bu da təbiidir, çünki jurnal təkcə bir nəfərin rəsmi imzası ilə nəşr olunsa da, bütün XX əsr Azərbaycan demokratlarının yeganə mübarizə orqanı kimi fəaliyyət göstərirdi. C. Məmmədquluzadənin özü də 1924-cü ildə "Kommunist" qəzetində dərc etdirdiyi bir məqaləsində etiraf edirdi ki, "Molla Nəsrəddin" tək bir nəfərin əsəri deyil. "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam".
Bu əziz yoldaşlar sırasında C. Məmmədquluzadə birinci növbədə Ömər Faiq Nemanzadənin adını çəkir və onu da göstərir ki, jurnalı yalnız "onun varlığı ilə" yaratmışdır.
Bu, həqiqətən də belədir. Həm C. Məmmədquluzadə, həm də Ö. F. Nemanzadə hələ keçən əsrin axırlarından fəaliyyət meydanına atılmış, biri Naxçıvan və İrəvanda, o biri Şamaxı və Şəkidə xalq maarifi sahəsində çalışarkən feodal-patriarxal həyat tərzinin ağır ziddiyyətləri ilə qarşılaşmış, boğucu mühitin ürək parçalayan, tükürpədən dəhşətlərini, milləti "öz içində yeyən qurdları" gözləri ilə görmüşlər.
C. Məmmədquluzadə və Ö. F. Nemanzadə bir müddət vuruş silahı axtarışına çıxmış, müxtəlif vasitələrə əl atmış və nəhayət, 1903-cü ildə Tiflisdə "Şərqi-Rus" qəzetində görüşüb tanış olmuş, xalqın azadlığı uğrunda döyüş meydanına atılaraq birgə mübarizə haqqında əhd-peyman bağlamışlar. Onların bu tanışlığı bütün sonrakı fəaliyyətləri ərzində əsl ideya dostluğuna, məslək birliyinə çevrilmişdir. C. Məmmədquluzadə özü də fəxrlə yazırdı: "Şərqi-Rus" qəzetinin "idarəsində elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə "Molla Nəsrəddin" jurnalını bina etdim. Daha doğrusu, bina etdik".
Əlbəttə, gələcək böyük bir dövrün canlı salnaməsinə, mübarizə kitabına çevrilən "Molla Nəsrəddin" jurnalının və onun təmsil etdiyi fikir cərəyanının binası birdən-birə yaranmamışdır. Bunun üçün uzun müddət baş sındırılmış, götür-qoy edilmiş, adlar sadalanmış, hətta başqa ad üçün rəsmi icazə də alınmış və qəzetlərdə bu barədə elan da verilmişdir. Amma hər şey ölçülüb biçiləndən sonra nəzərdə tutulan mətbuat orqanının adı da, mübarizə forması da dəyişdirilib zamanın tələbinə uyğunlaşdırılmışdır. Ona görə də C.Məmmədquluzadə sonralar yazırdı ki, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Odur ki, illər boyu avam xalqın çəkdiyi zülm və işgəncə, yerli ağaların və çar istibdadının əzab-əziyyəti, dini xadimlərinin və sərvət sahiblərinin vəhşi təbiəti, qadınların ağlamalı və kölə vəziyyəti bu iki qələm dostunu, azadlıq fədaisini daha əlverişli, daha münasib mübarizə vasitəsi axtarmağa məcbur etmiş və belə bir qənaətə gəlmişdir ki, əsas silah gülüş olmalıdır.
Onlar başa düşürdülər ki, bəşəriyyət keçmişindən gülə-gülə ayrılır. Ancaq onu da bilirdilər ki, "Molla Nəsrəddin" keçmişin yox, yaşadıqları həyatın dəhşətlərini göstərmək, ona öldürücü satira atəşi açmaq, xurafat tozundan silkinib təmizləmək, "paslanmış beyinləri pasdan təmizləmək, ölmüş ruhlara can" vermək (N. Nərimanov) üçün mübarizə meydanına qədəm qoyur. "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" kimi ilk sözlərindən də jurnalın məramnaməsi, siyasi platforması açıqca hiss olunurdu. Ən maraqlısı və qeyri-adisi o idi ki, jurnal oxucuları ilə son dərəcə aydın, hamının başa düşəcəyi bir dildə danışır, dərdlərimizi, ehtiyaclarımızı bu dildən bəyan edirdi.
Aydındır ki, jurnal rəhbərləri ciddi müqavimətlərə də rast gəlir, təhlükələrlə üzləşməli olurdular. Onun fəaliyyəti hökumət tərəfindən bir neçə dəfə(bu haqda növbəti yazılarımda oxuculara ətraflı məlumat verəcəm-Elnur) dayandırılmışdır.
Qeyd edim ki, Ə. Haqverdiyev, Əliqulu Qəmküsar, Əli Nəzmi, M.S.Ordubadi, F.Köçərili, M.Sidqi, S.Mümtaz, gizli imza ilə çıxış edən digər şair və yazıçılar, O. Şmerlinq, J. Rotter, Ə. Əzimzadə kimi məşhur rəssamlar jurnalın daimi əməkdaşları idilər. Bunların köməyi ilə o zaman milli zəmində elə bir vacib ictimai-siyasi hadisə yox idi ki, "Molla Nəsrəddin" ona öz fəal münasibətini bildirməsin və onu demokratiya mövqeyindən həll etməsin. Həm də təkcə milli zəmində deyil, beynəlxalq aləmdə, xüsusən yaxın və Orta Şərqdə, bütün müsəlman aləmində baş verən hadisələr jurnalın nəzərindən yayınmırdı. Onun İran və Türkiyə inqilabına, dünya xalqlarının milli azadlıq hərəkatına sərrast münasibəti, müstəmləkə zəncirinin tezliklə parçalanacağı haqqında uzaqgörənliyi, xüsusən 1909-cu ildə Hindistan xalqının oyanış və intibahının gələcək nəticələrini son dərəcə dəqiqliklə əks etdirən materialları siyasi yetkinliyin nəticəsi idi.
Buna da bax: Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi
Bu cəhətlərinə görə də "Molla Nəsrəddin"in döymədiyi qapı, girmədiyi ev qalmırdı. Tiflisdə rusca nəşr olunan "Kafkazskoe slovo" qəzeti jurnalın həm tərtibinə, həm sənətkarlığına, həm də əhatə dairəsinə görə dünyanın ən məşhur mətbuat orqanları ilə yanaşı dayandığını qeyd edir və yazırdı: "Bu jurnalı təkcə Qafqaz, Krım, Volqaboyu və Sibir tatarları oxumur, onu Türkiyədə, İranda, Buxarada, hətta Hindistanda da oxuyurlar".
Məsələn, Türkmən satirik-yumoristik jurnalı "Toxmaq" "Molla Nəsrəddin"in təsiri altında yaranmışdır. "Toxmaq"ın meydana gəlməsi ideyası haqqında türkmən ədəbiyyatının görkəmli xadimi Berdi Kerbabayev yazır: "...Məni bir məsələ düşündürürdü: nə üçün bizim belə bir jurnalımız yoxdur? Milli mətbuatımız imkan tapan kimi "Molla Nəsrəddin"ə oxşar "Toxmaq" jurnalı çıxarmağa başladıq. "Molla Nəsrəddin" və "Hophopnamə" stolüstü kitabımız oldu. "Molla Nəsrəddin" və "Hophopnamə" "Toxmaq" əməkdaşlarının ensiklopediyası idi. Türkmən ədəbiyyatında mənsur satira, felyeton və müxtəlif formada satira nümunələri bilavasitə "Molla Nəsrəddin" jurnalının təsiri altında yaranmışdır..." Bu faktın özü sübut edir ki, "Molla Nəsrəddin" jurnalı türkmən realist ədəbiyyatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.
"Molla Nəsrəddin" Buxara əmirləri və din xadimlərinin özbaşnalığını, əxlaqsızlığını və riyakar siyasətini müntəzəm ifşa etməklə, xalqın gözünü açır, onları sıx birləşməyə çağırırdı. "Yamaq", "Osmanlı ilə İtaliya davası", "Köhnə il" kimi felyetonlarında və bir çox karikaturalarda Buxara əmiri Əhəd xanın, Səmərqənd müftisi Məhəmməd Baqi Xacənin və başqalarının özbək xalqının başına gətirdiyi müsibətlər kəskin tənqid olunur. "Molla Nəsrəddin" jurnalının 1909-cu il tarixli 18-ci nömrəsində karikaturalardan birində buxaralılar qoyun şəklində təsvir olunur. Buxara əmiri qoyunun başından, qazısı isə ayaqlarından möhkəm tutub yerə yıxıblar. Çar məmuru arxayın-arxayın qoyunu qırxır. Özbək şairi M. Məhəmmədcanov yazırdı: ki, "Muştum" (1922) özbək satirik jurnalı köhnə adət-ənənələrə qarşı mübarizədə ancaq "Molla Nəsrəddin"dən ilham almışdır.
Q. Tukay "Molla Nəsrəddin" jurnalından satira sənətkarlığını, tənqid üsulunu öyrənmişdi. O, bu faydalı təsir altında 1906-cı ilin ortalarında ilk satirik tatar jurnalı "Uklar"ı, sonralar isə "Yaşen", "Yalt-yult"u nəşr etdi. Bu jurnalların səhifələrində arabir "Molla Nəsrəddin"dən götürülmüş karikatura, felyeton və tənqidi məqalələr verilirdi.
Eyni zamanda da qeyd etmək lazımdır ki, Mirzə Cəlilin inqilabdan əvvəl nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı Rusiyada nəşr olunan "Jupen". "Baboçka" jurnallarla eyni vaxtda nəşr olunurdu. Bu jurnalların tərtibatından görkəmli ədib xəbərdar idi. Mirzə Cəlil öz xatirələrində "Kukureku" jurnalı haqqında dedikləri bunu sübut edir: "Bir gün bazarda qəzet satan uşaqları "Kukureku" çağıra-çağıra şəkilli bir jurnal satdığını gördüm. Jurnalın həmin nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı padşah Nikolayın başı idi, boğazı və bədəni xoruz idi... Öz-özümə dedim: "Xudaya, yuxumu bu, ya həqiqətdir?! Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb nəşr etmək". Çox güman ki, bu cür jurnalların da təsiri ilə C. Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını buraxmaq haqqında qərara gəlmişdi.
"Vozrojdeniye" qəzeti 1905-ci il 29 noyabr tarixli 35-ci nömrəsində yazırdı ki, Tiflisdə, erməni-müsəlman ədavətinə son qoymaq məsələsi müzakirə edilmişdir. Mitinqdə bu məsələ ilə məşğul olan xüsusi komisiyaya C. Məmmədquluzadə və Ömər Faiq Nemanzadə üzv seçilmişlər. "Molla Nəsrəddin" jurnalı ayrı-ayrı nömrələrində əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayan iki qonşu xalqın-erməni və azərbaycanlıların arasında milli ədavət, etimadsızlıq yaradan "şeytan"ı, çar mütləqiyyətini ciddi şəkildə ifşa edirdi. Milli ədavətə uyan məhdud düşüncəli adamların "çar kazaklarından" silah almasını və "şeytan əməli"ni karikaturalarla kəskin ifşa edən "Molla Nəsrəddin"in bolşevik mətbuatından təsirləndiyini görməmək mümkün deyildir.
M. Ə. Sabir. ( "Molla Nəsrəddin" jurnalı M. Ə. Sabir kimi dahi şairin istedadının parlaması üçün ən münbit zəmin oldu - Elnur), Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi kimi bir çox qabaqcıl adamları "şeytan əməlini" aradan qaldırmaq üçün fədakarlıqla çalışırdılar. Onlar tez-tez çıxış edərək xalqları dostluğa, mehribanlığa və birliyə çağırırdılar. Maraqlı budur ki, "Molla Nəsrəddin" jurnalında erməni və Azərbaycan xalqlarının sarsılmaz dostluğuna, maddi və mənəvi yaxınlığına aid elə həyati karikatura və bədii parçalar verilmişdir ki, bu zəngin materiallar gözəl əsərlərin yaranmasına imkan vermişdir. Cəfər Cabbarlı "1905-ci ildə" pyesini yazarkən "Molla Nəsrəddin"dən də istifadə etmişdir. C. Cabbarlı "1905-ci ildə" pyesində milli məsələ və xalqlar dostluğu ideyasını sosializm realizmi prinsipləri əsasında həll etmişdir. Lakin həyati faktları dərindən öyrənməklə zəmanəsinin aynası olan "Molla Nəsrəddin"in C.Cabbarlıya zəngin material verməsi şübhəsizdir. C. Cabbarlı 1905-ci il hadisələrini öyrənərkən "Molla Nəsrəddin" jurnalını bir daha nəzərdən keçirmiş, orada təsadüf etdiyi “Qafqazda hürriyyət", "1905-ci ildə Qafqaz ixtişaşında" və sair karikaturalardan təsirlənmişdir
Azərbaycan Sovet Ensiklopediyasında C.Məmmədquluzadə haqqında yazılmışdı: “C.Məmmədquluzadə 1905-ci ildə Tiflisdə azərbaycanlılar üçün məktəb və pansion açmışdır.
C. Məmmədquluzadə fevral burjua demokratik inqilabını alqışlamışdır. Böyük Oktyabr Sosialist inqilabının əsl tarixi əhəmiyyətini isə bir qədər gec başa düşmüşdü. 1920-ci ilin iyun ayında C. Məmmədquluzadə Təbrizə köçmüş 1921-ci ildə orada "Molla Nəsrəddin", 8 nömrəsini buraxmışdır. 1922-ci ildə sovet Azərbaycan hökumətinin dəvəti ilə Bakıya qayıtmış, Azərbaycan Sovet hakimiyyətinin qələbəsini alqışlamışdır”
Buna da bax: 'O evdə Həmidə xanımın ruhu var...'
Bəzən "Molla Nəsrəddin"in gülüşünü "göz yaşları içində gülüş" adlandırırlar. Bu doğru deyildi. Jurnal da, onun bütün əməkdaşları da ağlamağın, göz yaşı tökməyin əleyhinə olmuş, çıxış yolunu mübarizədə, vuruşda görmüşlər. Sabirin özü qəti şəkildə deyirdi: "Ağladıqca kişi qeyrətsiz olar". Mollanəsrəddinçilər belə qeyrətsizliyin əleyhinə idilər. 1911-ci ildə dərc olunmuş "Pişik" adlı felyetonda Türkiyə inqilabından və döyülən bir pişiyin öz cırmaqlarının hesabına canını qurtarmasından bəhs olunur. Müəllif belə bir mükalimə də verir:
- Osmanlı inqilabı ilə pişik cırmaqlarının nə münasibəti?
- Münasibəti budur ki, döyülməkdən, xurafatdan, əsarətdən və cəhalətdən qurtarmaq üçün arabir cırmaq da lazımdır. Bir kərə qüvvətli, kəskin bir əl meydana meydana çıxıb ona mane olanları cırmaqlasa, sonrakılara yol açılar, iş asanlaşar".
Bəli, əgər dilsiz-ağılsız heyvan onu dörd divar arasına salıb döymək istəyənlərə hücum edib düşməninin qanını tökürsə və bu yolla azad olursa, bəs insan nə üçün təhqirə, alçalmağa, zoğal çubuğunun zərbələrinə dözür, ayağa qalxıb haqqını tələb eləmir?! 1912-ci ildə yeni inqilabi yüksəliş dövründə jurnalın dərc etdiyi materialların birində oxuyuruq: "İndi Sədi əsri deyil.
Boş-boş allahı çağırmaqla allah işlərini töküb göydən pilləkan qoyub gəlib sənə kömək eləməz. Lazımdır ki, çalışmaq, çalışmaq, çalışmaq".
"Molla Nəsrəddin" "çalışmaq" deyəndə "vuruşmaq" mənasında başa salır və belə bir fikir təlqin edirdi: "Hüquq verilmir, hüququ zorla, mübarizə yolu ilə əldə edilir". Millətin canına daraşıb onun qanını soran mikrobları dəf etmək istəyənlərə üz tutub yazırdı: "Nə göz yaşı tökməklə azarlı şəfa tapar, nə dua oxumaqla". Bəs nə etməli? "Lazımdır ki, mikrobları millətin bədənindən kənar etmək". Hansı yolla? Dəyənəklə!
Mollanəsrəddinçilər başqa yolu qəbul etmir və xalqın qanını soran həmin mikroblara üz tutub deyirdilər: "Günlər dolanır, zəmanə təzələnir və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb yorğun dəyənəkləri sizin əlinizdən alar və başlar... dəxi dalısını demirəm". Deməyə ehtiyac da yoxdur, çünki hər şey oxucuya aydındır.
"Molla Nəsrəddin"in tam yarısı, yəni 4 səhifəsi karikaturalardan ibarət idi. Bunlar sadəcə gülmək xatirinə çəkilmiş şəkillər deyil, "dil açıb danışan" düşündürən, ifşa edən sənət əsərləridir. Ömər Faiq sonralar yazırdı: "Molla Nəsrəddin"də öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yəni uydurma, bənzətmə şəkil deyil, vaqiyənin, şəxslərin, tiplərin özü, bayağı fotoqrafıdır". Oxuculara tanış olan həmin tiplər diqqətlə seçilir. İstedadlı rəssam Şmerlinqə və ya Rotterə göstərilir və ya izah olunur, nəticədə son dərəcə ifşa gücünə malik olan material meydana çıxırdı. Odur ki, oxucular həmin tipləri dərhal tanıyır və düşdükləri vəziyyətə qəhqəhə çəkib gülür, qisas alırmış kimi sevinirdilər.
Bütün felyetonlarda olduğu kimi karikaturalarda da "Molla Nəsrəddin" çox sərt və prinsipial bir mövqedən çıxış edirdi.
Məhz buna görə də, yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin adı ilə haqlı olaraq "Molla Nəsrəddin dövrü" ədəbiyyatı adlandırırlar.... Bu adın özü maarifçi demokrat ədəbiyyatımıza sima və sifət verən bir simvol olmuşdur. Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir ədəbiyyatın, yəni mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur.
Yuxarıda artıq qeyd etdim ki, jurnal rəhbərləri ciddi müqavimətlərə də rast gəlir, təhlükələrlə üzləşməli olurdular. 1908-ci ilin əvvəllərində Bakıda "Molla Nəsrəddin" jurnalının baş redaktorunun öldürülməsi haqqında onun bədxahlarının uydurduqları bir şayiə yayılmışdı. Bu, irticanın anti-Molla Nəsrəddin, anti-Azərbaycan istiqamətində atdığı nifrətlərə layiq növbəti addımlardan biri idi. Mirzə Cəlilin və xalqımızın bədxahları ürəklərindən keçəni həqiqət kimi qələmə verir, belə bir faciənin baş tutması üçün hansısa qaragüruhçu qüvvələri təxərrüşə gətirir, el arasında deyildiyi kimi, "dəli yadına daş salırdılar". Bu mənfur hadisə münasibətilə Üzeyir bəyin "İrşad"da nəşr etdirdiyi məqalə əvvəldən axıra qədər həmin qarayaxmanı öz şərəfsiz mənliklərinə rəva bilən namərdlərə qəzəb və nifrət saçan ifadələrlə əlamətdar idi: "Bir nəfər Məmmədquluzadənin, Nemanzadənin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz?! Hərgah xalqımızın bu mücahid fədakarlarının qətlinə əl qalxıza bilən bir dəni (alçaq) və əclaf tapılsa da, bunu biləsiniz ki, onların xudanəkərdə ölməkləri ilə yaratdıqları fədakarlıq, ali fikirlər ölməz! Bunu biləsiniz ki, Molla Nəsrəddini öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz!"
Buna da bax: "Molla Nəsrəddin"dən 14 il böyük Azərbaycan satirik qəzeti
Lakin qeyd etmək lazımdır ki, C.Məmmədquluzadəni bir neçə dəfə öldürmək istəyiblər.
...Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalında (19 may 1907, N 20) "Erməni və müsəlman övrətləri" adlı bir məqalə buraxmışdı. Şəhərin müsəlman hissəsi böyük həyacan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, onun qətlinə fərman verirdi. O zaman Mirzə Cəlil qəsdən müsəlman məhəlləsindən uzaqda, gürcü hissəsində, Davıdovski küçəsində, Milov adlı bir nəfərin 24 nömrəli evində yaşayırdı.
Hətta, Ömər Faiq Nemanzadə məscidə gedib çıxış etmək, məqalənin mahiyyəti haqqında izahat vermək istərkən avam camaat lənət oxumuş, onu kafir hesab edərək minbərə yaxın buraxmamışdı. Lakin bir neçə nəfər silahlı cavan maarifçi ona tərəfdar çıxıb camaatı sakitləşdirməyə, Ömər Faiqin nitqinə qulaq asmağa məcbur etmişdi. Ömər Faiqin nitqi camaata müsbət təsir göstərmiş, avamlar sakitləşib yavaş-yavaş tərk etmişdi.
Bakı şəhərində və başqa yerlərdə də avamlar həmin felyetona görə dəhşətə gəlmiş, Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər
İkinci dəfə isə Həmidə xanım Cavanşirlə Mirzə Cəlilin evlənəcəyindən xəbər tutan Qarabağ bəyləri qəzəblənmiş, Ağdam bazarında Mirzə Cəlilin faytonunu qəzaya uğradıb, onu öldürmək və ya təhqir etmək istəyirdilər. İbiş bəy (Həmidə xanım Cavanşir bu haqda yazır: 1919-cu ilin baharında Mirzə Cəlilin qızı Münəvvərin İdris Mirzə ilə toyu olmalı idi. Mən bir neçə dəfə Mirzə Cəlilə məktub yazıb toya çağırdım. Lakin o, gəlməkdən imtina edib, toy üçün pul və ərzaq göndərdi. Xidmətçimiz Səkinə ilə birlikdə lazımi cehizi alıb yığdıq. Bəy öz toyunu Xan kəndində elədi, gəlini gəlib Şuşadan apardı. Biz qız toyu eləmədik, çünki mənim əmimoğlu İbiş bəy təzəcə vəfat etmişdi. Bu, həmin o İbiş bəy idi ki, dövlət qulluqçularının üzünə ağ olduğu üçün 12 il Sibirdə sürgündə olmuş və Mirzə Cəlillə təzə evləndiyimiz zaman bəylərin təhqirindən qorumuşdu - Elnur) də iyirmi nəfər silahlanmış atlı ilə Mirzə Cəlil və Həmidə xanımın faytonunu Ağdamadək müşayiət etmişdi.
Üçüncü dəfə isə "Molla Nəsrəddin" jurnalının 1908-ci il yanvar ayının 20-də çıxan üçüncü nömrəsində Nəcəf müctəhidlərinin karikaturası buraxılmışdı. Bu, ruhaniləri qəzəbləndirmişdi, hər tərəfdən təhdidlər və söyüşlər yağırdı. Nəcəf müctəhidləri Mirzə Cəlili ölümə məhkum edən bir fitva imzalamışdılar. Bu fitvada deyilirdi ki, kim Cəlil Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir. Fitvanın bir nüsxəsini Mirzə Cəlilin özünə göndərmişdilər.
Həmin günlər Tiflisdə İrəvanski meydanının yaxınlığında, Sololak küçəsində üç tapança ilə silahlanmış, yapıncıya bürünmüş şübhəli bir adam tutmuşdular. Məlum olmuşdu ki, o, bakılıların göndərdiyi canilərdən biridir.
O zaman Mirzə Cəlil özünü qorumaq üçün 371966 nömrəli kiçik tapança gəzdirirdi. Həmin tapançanı Həmidə xanım sonralar muzeyə vermişdi.
Dördüncü dəfə "Molla Nəsrəddin" jurnalında "şaxsey-vaxsey" adətini tənqid edən bir karikatura buraxılmışdı. Bu karikatura müsəlmanların, xüsusilə Qarabağın Hindarx kəndi camaatının dini təşəxxüslərinə bərk toxunmuşdu. Hindarxlılar məsciddə and içib Mirzə Cəlili öldürməyi qərara almışdır. Adətən, Mirzə Cəlil həmişə Yevlağa Hindarxdan və quldur qaçaq yuvası olan Sultanabad meşəsindən keçib gedərdi. Mirzə Cəlil Yevlaxa gedərkən onu Həmidə xanım Cavanşir silahlı adamla yola salıb geri qayıtmışdı.
Fakt odur ki, bir müddət "Molla Nəsrəddin" jurnalınınikinci redaktoru olub "Xadimi-millət" imzası ilə çıxış edən, həm də "Ölülər" pyesində Şeyx Nəsrullah rolunun təkrarolunmaz ifaçısı, ömrü boyu saysız təqib və təhqirlərə məruz qalan Əliqulu Qəmküsar 1919-cu il mart ayının 4-də axşam evinə qayıdarkən Tiflisdə xaincəsinə qətlə yetirilmişdi.
Oxucuların marağını nəzərə alıb bir məsələ də toxunmaq istəyirəm. Bəzən deyirlər ki, C.Məmmədquluzadə xurafatı tənqid edib, Sovet dövründə fərqli yazırdı, ateist olmayıb və.s.
Əvvəla, hər şeydən öncə qeyd etmək lazımdır ki, “Molla Nəsrəddin” jurnalı sol təmayüllü bir jurnal olub.
C.Məmmədquluzadə Allaha müraciət edərək yazırdı: "Əgər bu işləri görürsən, niyə bəs dinmirsən? Əgər bacarmırsan və acizsən, bəs sənə niyə "qadir" deyirlər? Bunlar hamısı keçəndən sonra axı bir de görüm haradasan? Yerdəmisən? Əgər yerdəsən, - yerin harasındasan? Əgər göydəsən, - göyün harasındasan? Əgər yerini məxfi saxlamaq istəyirsən - niyə? Bunun da səbəbini bilsək, nə eybi var? Bir surətdə ki, nə dinirsən, nə danışırsan, nə yerini, yurdunu bildirirsən, nə varlığından bir xəbər göndərirsən, nə cisimsən, nə cöhr, nə ərəz- demək, nə yerdəsən, nə göydə, nə adilsən, nə zalım, nə böyüksən, nə kiçik, nə yaxşısan, nə pis- dəxi bir yolluq deginən: "İnsanlar, məndən əl götürünüz. Mən yoxam. yoxam, yoxam!"
Sovet dövründə fərqli yazırdı, xurafatı tənqid edirdi-deyənlərin diqqətinə çatdırım ki, həmin dövrün özü də elə dövr idi ki, materialist və ateist Mirzə Fətəli kimi allahı inkar edib dərin elmi dəlillərlə öz fikrini sübuta yetirməyə imkan vermirdi. Burada o dövrün nə üçün buna imkan vermədiyini izah etməyə dursam, mövzudan çox Sovet dövründə ay nəbilim fərqli yazırdı, xurafatı tənqid edirdi" deyənlərin diqqətinə çatdırım ki, həmin dövrün özü də elə dövr idi ki, materialist və ateist Mirzə Fətəli kimi Allahı inkar edib dərin elmi dəlillərlə öz fikrini sübuta yetirməyə imkan vermirdi. Burada o dövrün nə üçün buna imkan vermədiyini izah etməyə dursam, mövzudan çox uzaqlaşaram. Buna görə bir tərəfdən, L.Tolstoy kimi nəhəng dahinin hər cürə dinə düşmən kəsildiyi halda, fövqəladə bir qüvvə kimi Allahın varığına inanmasını, o biri tərəfdən də proletar ideoloqu və marksist hesab edilən Lunaçarski, Boqdanov, Qorki və başqa mütəfəkkirlərin heç bir dinə qail olmadan Allahın varlığını etiraf edib onu axtarmalarını xatırlamaqla kifayətlənmək istəyirəm.
İndi hörmətli oxucular C. Məmmədquluzadənin yazdıqlarını özləri təsvir etsirnlər, müqayisə etsinlər və nəticəyə gəlsinlər..
Bilirsiniz, bu haqda çox danışmaq olar. Mən Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov haqqında bəlkə 2000 kitab, jurnal, qəzet oxumuşam. Bu Şəxsiyyətlərin yaradıcılıqlarını tam müfəssəl öyrənmək üçün bir insan ömrü bəs etmir. Bunu tam səmimiyyətimlə deyirəm. Bu, Şəxsiyyətlər haqqında nə qədər çox oxusanız bir daha əmin olacaqsınız ki, bu Şəxsiyyətlər haqqında heç nə bilmirsiniz. Fikirlərimi belə əsaslandırıram. Müasirlik fikrən zəngin olmaq deməkdir. İndiki dövrdə kim özünü C. Məmmədquluzadədən, Ü. Hacıbəyovdan, M. F. Axundzadədən, M. Ə. Sabirdən müasir hesab edə bilər? Heç kim!
Elnur Musayev Bədəl
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)