"Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq".
Bunu prezident İlham Əliyev yanvarın 23-də Pirəkəşkül qəsəbəsindəki yeni hərbi şəhərciyin açılışında deyib.
Prezident Azərbaycanın öz iqtisadi gücünü bundan sonra da artıracağını deyib.
Buna da bax: İ.Əliyev: 'Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır'
Müstəqil iqtisadçılarsa son illər Azərbaycanın xarici borclarının sürətlə artdığını bildirir.
İqtisadçı ekspert Zöhrab İsmayıl AzadlıqRadiosu-na açıqlamasında keçən ilin dekabrında Azərbaycanın beynəlxalq maliyyə qurumlarından 2 milyard dollar və 500 milyon dollar borc təminatı götürdüyünü xatırladır: "Həmçinin Beynəlxalq Bank kimi dövlət mülkiyyətində olan qurumların böyük həcmdə riskli borcları var. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə 2017-ci ilin sonuna Azərbaycanın xarici dövlət borcu və dövlət təminatı ilə götürülmüş digər kreditlər üzrə borcu 15.2 milyard dollar olacaq ki, bu ÜDM-in 42 faizi deməkdir".
Buna da bax: İlham Əliyev: 'Ermənistanın çıxış yolu...'
Prezident çıxışında onu da deyib ki, sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər də öz həllini tapır.