İlham Əliyev Belçika kralı ilə görüşüb
Azərbaycan ilə Avropa Birliyi arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədədir. Azərbaycan prezidentinin Brüsselə səfəri əlaqələrin daha da genişlənməsinə töhfəsini verəcək.
AZƏRTAC-ın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin fevralın 6-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič ilə görüşündə vurğulanıb.
M.Šefčovič İ.Əliyevin səfərinin Azərbaycan ilə AB arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacağını qeyd edib.
Görüşdə ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunduğu bildirilir.
İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verib. Bu sahədə Avropa Birliyi ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib.
Görüşdə bank sahəsində əməkdaşlıqdan, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə əlaqələrdən də söhbət açılıb.
Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Belçika Kralı Philippe ilə də görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə mövzusu olub. İ.Əliyevin görüş zamanı Belçika şirkətlərini Azərbaycan iqtisadiyyatının inkişafında iştiraka dəvət etdiyi bildirilir.
'Cənub Qaz Dəhlizi'nə dəstək
«Azərbaycan ilə əməkdaşlıq Avropa Birliyindən (AB) ötrü önəm daşıyır. «Cənub Qaz Dəhlizi» layihəsi Avropa Birliyi üçün böyük əhəmiyyətə malikdir».
AZƏRTAC-ın xəbərinə görə, fevralın 6-da Brüsseldə prezident İlham Əliyevlə görüşündə Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini belə deyib.
Azərbaycana 2016-cı ildə etdiyi səfərini xatırladan AB rəsmisi İlham Əliyevin Brüsselə səfərinin əməkdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
«Cənub Qaz Dəhlizi» layihəsini yada salan F.Mogherini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb. Avropa Birliyinin layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.
İ.Əliyev: «Etimad yüksək səviyyədədir»
«Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də region üçün yaxşı mesajdır. Avropa Birliyi Azərbaycan üçün etibarlı dost və tərəfdaşdır», - bunları isə prezident İlham Əliyev deyib.
O, Azərbaycan ilə Avropa Birliyi arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan-AB əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyin ifadə olunduğu bildirilir.
Tərəflər əməkdaşlığın perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
+++
Prezident İlham Əliyev Avropa Birliyinin (AB) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini ilə görüşüb. Xəbəri president.az saytı sayıb.
Görüşün, detalları, hələlik, açıqlanmır.
Prezidentin Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqa rəsmilərlə də görüşü gözlənir. İ.Əliyev Brüsselə Azərbaycanla AB arasında razılaşma ilə bağlı danışıqların açılışına gedib.
Dövlət başçısı İ.Əliyev və xanımı Mehriban Əliyeva fevralın 5-də Belçikaya səfər ediblər.
XATIRLATMA
Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.
«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.
Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər
2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.
Bundan sonra isə tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.