Rejissor Elvin Adıgözəl Azərbaycanda müstəqil kinonun ən çox tanınan nümayəndələrindən biridir. Rejissorun 2011-ci ildə həmkarı Rüfət Həsənovla birlikdə çəkdiyi “Buqələmun” bədii tammetrajlı filmi 2013-cü ildə Lokarno Beynəlxalq Kino Festivalının müsabiqə bölməsində iştirak edib və bu fesivalda nümayiş olunan ilk Azərbaycan filmidir. Hazırda yeni bədii film üzərində işləyən Elvin Adıgözəl Oxu zalına verdiyi müsahibədə yerli kino sistemindən, bu sistemdə müstəqil kinonun perspektivlərindən və dünyaya çıxış yollarından danışır.
- Elvin, təzə bir filmin çəkilişlərini tamamlamısınız. Bu, “Buqələmun” filmindən sonra ilk işinizdir, yoxsa başqa filmləriniz də var? Bir az “Buqələmun”dan sonrakı fəaliyyətiniz haqqında danışın.
- “Buqələmun” filmi on festivalda nümayiş olundu. Onların altısında özüm də iştirak eləmişəm. Festival səfərləri bitəndən sonra bir il gözlədim və 2014-cü ildə“Təpələrin arxasında” adlı sənədli film çəkdim. O film İranda “Cinema verite” festivalında müsabiqədə, Minskdə bir beynəlxalq kinoforumda iştirak eləyib. Bu proses davam edəcəkdi, sadəcə filmin qısa və texniki keyfiyyətlərinin zəif olması onu başqa festivallara göndərməyə imkan vermədi. Çünki qısametrajlı sənədli filmlərin festival həyatı o qədər də uzun olmur. “Təpələrin arxasında” filmi isə 19 dəqiqədi. Maliyyə imkanları məhdud olduğundan daha uzun çəkə bilməzdim. Sənədli filmdən sonra yenə bir il fasilə verdim. Həmin müddətdə “Lənkəran” adlı layihəm Sarayevo festivalının “Cinelink” bölməsində yarışıb. Ümumiyyətlə, Avropadakı müştərək istehsal üzrə kinoforumlarda bir şey anladım: öz ölkəmdə kinoya hansısa bir fond, ya da təşkilat dəstək vermirsə, pul ayırmırsa, Avropadan pul tapmaq çox çətin olur. Öz ölkən mütləq səni dəstəkləməlidi, ya da mənim ölkəmdə “Eurimage” (Avropa Kinoya Dəstək Fondu-red) olmalıdı ki, Avropada da mənə dəstək versinlər. Təəssüf ki, Mədəniyyət Nazirliyinin qadağası nəticəsində Azərbaycan Eurimage-a üzv ola bilmir. Mən buna qadağa deyirəm, çünki təşkilatın icraçı direktoru ilə danışmışam. Həmin adam mənə demişdi ki, məhz, Azərbaycan tərəf bizimlə danışıqlar aparmır. Buna görə də bu gün Azərbaycan Eurimages-in üzvü deyil. Azərbaycanda kinoya dəstək verən heç bir təşkilat, fond yoxdu, QHT-lər fəaliyyət göstərmir. Bu səbəblərdən də mənim ölkəmdə mənim kinoma dəstəkdən söhbət gedə bilməz. Odur ki, Avropada da pul tapmaq çətin prosesə çevrilir. Bundan ötrü mən festivalda mükafat almalıyam, tanınmalıyam ki, o adamlar mənə inanıb büdcə ayırsınlar.
- Bəs Azərbaycan özü onlar üçün nə qədər maraqlıdı?
Azərbaycan bir çox yerlərdə varlı ölkə kimi tanınır, problemli ölkə olduğu kino industriyasına o qədər də bəlli deyil, baxmayaraq ki, müstəqil filmlərimizdə ölkənin sosial-ictimai həyatı göstərilir.
- Bu məsələ bir az mübahisəlidi. Məsələn, Türkiyədə hazırda “Köprüdə buluşmalar” adlı bir layihə var, İstanbul Film Festivalı çərçivəsində həyata keçirilir. Yaxud Litvada festival çərçivəsində müxtəlif forumlar təşkil olunur, eynilə Ukraynada və digər ölkələrdə də. Bu ölkələrin əksəriyyətində Azərbaycandan gələn rejissorlarınhəm necə iş gördüyünə, həm də hardan maliyyələşdiyinə diqqət yetirirlər. Əgər Azərbaycan, kinoindustriyası tanınan bir ölkə olsaydı, məsələn, İran kimi, başqa ölkələrin diqqətini daha tez cəlb eləyərdi.Söhbət forumlardan gedir. Onlar ortaq layihələrin hazırlanmasına, ya da layihələrin qəbuluna daha çox dəstək verməyə hazırdılar. Azərbaycan isə bir çox yerlərdə varlı ölkə kimi tanınır, problemli ölkə olduğu kino industriyasına o qədər də bəlli deyil, baxmayaraq ki, müstəqil filmlərimizdə ölkənin sosial-ictimai həyatı göstərilir. Azərbaycan yalnız böyük festivallarda uğur qazandığı təqdirdə diqqəti üzərinə çəkə bilər. “Buqələmun”, Azərbaycan kino tarixində ilk dəfə Lokarno festivalının ikinci əsas müsabiqəsində - “debüt filmlər” proqramında iştirak eləyib. Amma bu, dünyanın diqqətini Azərbaycana cəlb edəcək qədər böyük uğur sayıla bilməz.
Elvin Adıgözəlin çəkdiyi "Buqələmun" filmindən bir kadr.
Buna da bax: Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i təqdim olundu
- Yəni yüksək bədii keyfiyyətli film, ya da filmlər olmalıdı...
- Bəli, filmlər olmalıdı ki, bizim industriya artıq diqqət çəksin. Məsələn, vaxtilə Misirdə rejissorlar bunu edə bilmişdilər. Misir kinosu sənədli filmləriylə müəyyən qədər maraq yaratmışdı, amma bədii filmləri, məhz, Hüsnü Mübarəkin devrilməsindən sonra diqqət cəlb elədi.
- Yəni bir ölkənin siyasi vəziyyəti də rol oynayır...
- Təbii ki. Bizdə problem ondadı ki, sənədli film sahəsi də inkişaf eləməyib. Bunun səbəbi isə yenə də Azərbaycanda kinoya dəstək verən fondların, təşkilatların və bir də beynəlxalq forumların olmamasıdı.
- Bu mövzuya yenə qayıdacağıq. Hələlik son filminizin taleyi haqqında bilmək istəyərdik...
- Sarayevo festivalından sonra öz ölkəmdə yerli prodüserlərlə işləmək qərarına gəldim. Kino ilə təzə-təzə məşğul olmağa başlayan, amma sənət kinosu ilə kifayət qədər tanış olan iki prodüser şəxsi vəsaitləri hesabına mənim yeni filmimə maliyyə ayırdılar. Onların verdiyi vəsait, dəstək və prodüser şirkətlərinin texniki yardımları sayəsində azbüdcəli, daha dəqiq desəm, çox az büdcəli bir film çəkdim. Hərçənd “Buqələmun”la müqayisədə bədii və texniki cəhətdən daha keyfiyyətli filmdi. Bu filmin ssenari müəllifi də, rejissoru da özüməm. 70 dəqiqəlik filmdə yenə də insan dramlarından, həyatımızın, ölkəmizin reallıqlarından danışmışam. Adını hələlik gizli saxlayaq.
- Elvin, “Təpələrin arxasında” filmini Azərbaycanın tənha qadınlarına həsr eləmisiniz və o, xəstəxana səhnəsi ilə başlayır. Niyə?
- Çünki Azərbaycan insanı iki şeyi yaxşı bacarır: yeyir və aptekə gedir. Düşünürəm ki, insanlarımızın əksəriyyəti xəstədi. Söhbət fiziki xəstəlikdən gedir.
- Filmin qəhrəmanları- qadınlar kamera qarşısında çox rahatdılar. Baxmayaraq ki, bəzən kamera onları uzun-uzadı, tərpənmədən izləyir. Reallıqda kimsə uzun-uzadı gözünü zilləyəndə adam özünü narahat hiss eləyir. Onlarla o kontakta necə nail olmuşdunuz?
- “Buqələmun” filmində bir səhnənin çəkilişləri üçün Göyçayın təpəlik hissəsinə getmək məcburiyyətində idik. Həmin ailə ilə orda tanış olmuşdum. Ətrafda heç nə yox idi və orda ancaq qadınlar yaşayırdılar, evdə cəmi bir kişi var idi. O da səhər çıxırdı, axşam gəlirdi, varlığı ilə yoxluğu məlum deyildi. “Buqələmun”da ordakı yaşlı qadını bir epizoda çəkmişdim. O vaxt həmin qadınlarla söhbət eləmişdim və başa düşmüşdüm ki, o qadınlar çarəsizlik içində həyatla mübarizə aparırlar və onlar üçün kamera, çəkiliş heç bir əhəmiyyət kəsb eləmir. Qətiyyən veclərinə deyildi ki, siz onların evlərinə girmisiniz, kamera çəkir və s. Hətta sonra sənədli filmi çəkmək üçün texniki heyətlə ora gedəndə bizə son dərəcə adi baxırdılar. Əgər daha çox imkanım olsaydı, o film 70-80 dəqiqəlik olardı. Bilirəm ki, festivallarda böyük uğur qazanardı. Amma bu ölkədəki faciəvi maliyyəsizlik sistemində yalnız belə formada çəkmək mümkün idi.
Buna da bax: Kino camiəsi "Kinematoqrafiya haqqında yeni qanun"undan məyusdur [sorğu]
- Siz həmişə Azərbaycandakı mövcud kino sistemini aktiv tənqid eləyənlərdən biri olmusunuz. Amma bir müddət əvvəl bir neçə rejissor, prodüser- bu vaxta qədər dövlət sifarişi ilə işləyən kinematoqrafçılar etirazlara başlayanda onları dəstəkləmədiniz.
Dövlət hesabına film çəkən adamlar eyni zamanda müəyyən qədər ölkədə kinoindustriyanın da düşmənləridi.
- Birinci, demək istəyirəm ki, həmin etirazçılarla heç bir şəxsi qərəzliyim, düşmənçiliyim yoxdu. Mən 2009-cu ildən müstəqil sənət kinosu çəkməyə başlamışam və həmin vaxtdan nəyin nə olduğunu anlayana qədər – 2014-cü ilədək sistemi öyrənməyə başladım, nə baş verdiyini qavramağa çalışdım. Dövlət kinoya necə nəzarət edir? Dünyada kino qanunları necədi? Fondlar necə işləyir və sair və ilaxır. Ondan sonra prezidentin sərəncamı ilə hazırlanan “2008-2018-ci illərdə kinonun inkişafına dair proqram”ı oxudum. Başa düşdüm ki, dövlət hesabına film çəkən adamlar eyni zamanda ölkədə kinoindustriyanın düşmənləridi müəyyən qədər. Çünki onlar ancaq özlərinin film çəkmələrinə nail olublar və müasir kinoindustriyanın yaranmasını istəmirlər. Bu barədə özlərinə də demişəm. Və hamısı cavab verib ki, biz sistemə qarşı çıxa bilmərik, bizə belə rahatdı, bu sistem dəyişəsi deyil. Mən də düşündüm ki, bu insanlar etiraza qadir deyillər. Son hadisələr, dövlət sifarişi ilə film çəkən insanların kinostudiya rəhbərliyinə etirazı isə onu göstərdi ki, onları etiraza dövlətin bu il kinoya ayırdığı büdcənin bir milyona enməsi, eyni zamanda kinostudiyanın rəhbərliyi ilə olan şəxsi problemləri sövq eləyib. Onlar Mədəniyyət Nazirliyinin monopoliyasında olan kino sisteminə qətiyyən etiraz bildirmirlər. Mənim etirazımın səbəbi isə başqadı: bu gün Azərbaycanda kinoya ayrılan maliyyənin Mədəniyyət Nazirliyinin nəzarətində olmasına və mövcud kino sisteminə etiraz eləyirəm. Mən düşünürəm ki, Azərbaycanda da kino sistemi bir çox ölkələrdə – məsələn, Gürcüstanda, Bolqarıstanda, Rumıniyada, Ukraynada olduğu kimi fəaliyyət göstərməlidi. O rejissorlardan biri müsahibəsində deyib ki, hər yerin öz tələbləri var və siz Hollandiyadakı fonda islamı təbliğ eləyən layihə göndərsəniz, qəbul eləməyəcək. Bu, çox absurd yanaşmadı. Onu heç kim qəbul eləməz. Kino təbliğat deyil, axı! Təbliğat filminə yardım eləmək də fondların işi deyil. İkincisi, dünyanın fond, forumlarından danışmazdan əvvəl öz ölkəmizdə onları yaratmağa və inkişaf etdirməyə çalışmalıyıq. Məsələn, Gürcüstanda layihələr Milli Kino Mərkəzi tərəfindən müsabiqə yolu ilə seçilir və maliyyələşdirilir. Eyni zamanda orda kənar fondlar da fəaliyyət göstərir və get-gedə Kino Mərkəzinin rolu azalır, fondların rolu böyüyür. Yəni proses daha da müstəqilləşməyə doğru gedir. Avropanın içinə doğru getdikcə görəcəksiniz ki, artıq bir fond, ya da bir film institutu yoxdu, sayları daha çoxdu. Bu ondan irəli gəlir ki, kinoindustriya böyüyür. Biz, əslində, bunun uğrunda mübarizə aparmalıydıq, bu günkü nazirlik sisteminə etiraz bildirməliydik.
- Amma buna görə sizi kinostudiya rəhbərliyini müdafiə eləməkdə suçladılar. Sizcə, mövcud kino sistemində kinostudiya hansı roldadı?
- Kinostudiyanın rəhbərliyini müdafiə elədiyimi deyən insanlar böhtan atırlar. Çünki o rəhbərliyi həmişə ən çox mən tənqid eləmişəm, onun Eurimage-lə bağlı verdiyi açıqlamanın yalan olduğunu da mən üzə çıxartmışam. Kinostudiya özəl bir qurum olsaydı və rəhbərliyi onların dediyi kimi – çünki mənim ordakı işlərdən xəbərim yoxdu - yeyinti ilə məşğul olsaydı, mən kinostudiyaya etiraz eləyərdim. Ancaq o idarə özəl qurum deyil, birbaşa Mədəniyyət Nazirliyindən asılıdı və onun rəhbəri də nazirliyin kino şöbəsinə etiraz eləyə, sistemdən ayrı ola bilməz. Bu mümkün deyil. Ölkədə kinonun inkişaf etməsi üçün nazirliyin tətbiq elədiyi ümumi sistem dəyişməlidi. Mən bunu istəyirəm. Normalda belə olmalıdı. Amma siz deyirsiniz ki, nazirliyin bir qolu var, orda yeyinti olduğuna görə kinomuz pis gündədi. Bu gülməlidi.
Ümumi dəyişikliklər baş verməsə, sabah kinostudiyanın direktoru Müşfiq Hətəmov yox, başqası da olsa, heç bir fərqi olmayacaq.
Ümumi dəyişikliklər baş verməsə, sabah kinostudiyanın direktoru Müşfiq Hətəmov yox, başqası da olsa, heç bir fərqi olmayacaq. Nəyinsə dəyişməşi üçün kinostudiya özəl qurum olmalıydı, Gürcüstandakı kimi Milli Kino Mərkəzi yaradılmalıydı, ordan pulsuz texnika götürməyə imkan verilməliydi, kinostudiyanın içində bir neçə müstəqil studiyaların fəaliyyət göstərməsi lazım idi. Dünyəvi anlamda kinostudiya debüt edən universitet tələbələrinin ilk təcrübə keçdikləri bir qurumdu. Amma o, ümumi sistemin bir detalıdısa, nazirliyin bir qoludusa, mənim kinostudiya rəhbərliyinə etiraz eləmək haqqım yoxdu. Mənim Mədəniyyət Nazirliyindəki adamlarla da heç bir şəxsi problemim yoxdu. Sabah orda başqaları otursa, ancaq sistem dəyişməsə, yenə etiraz eləyəcəm.
Buna da bax: Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'
- Siz tez-tez dövlət sifarişi ilə film çəkən rejissorları nazirliyin ayırdığı maliyyədən imtina eləməyə səsləyirsiniz. Bunun nə xeyri olacaq?
-Mən Sarayevo Film Festivalında olanda onların önəmli rejissorları Danis Tanovic, Aida Begic, Jasmina Zbanic böyük bir konfrans keçirdilər və Sarayevo Film Fondunun rəhbərliyinə etirazlarını bildirdilər, fondun maliyyəsindən imtina etdiklərini, hətta tələbləri nəzərə alınmazsa, ölkəni tərk edəcəklərini dedilər. Onların etirazları tamamilə başqa kontekstdəydi, amma bu etiraz aksiyası böyük bir qalmaqal yaratdı. Festivalın sonlarına doğru eşitdik ki, onların bütün tələbləri qəbul olunub, tezliklə fondun rəhbərliyi də dəyişdi. Azərbaycanda etiraz varsa, ona mütləq reaksiya verilir. Etiraz hansı formada olur-olsun, mütləq təsirini göstərəcək. Çünki, birinci, Azərbaycan Şimali Koreya kimi tamamilə qapalı ölkə deyil ki, burda etirazlar cavabsız qalsın. Hər bir etirazın mütləq bir nəticəsi olur. Nəticə nə olacaqsa, növbəti etiraz onu daha da düzəldəcək. Mən də sırf bir aksiya kimi təklif eləyirdim ki, Mədəniyyət Nazirliyi kinodan əlini çəkməsə, biz dövlət maliyyəsindən imtina edək. Və mən dövlət maliyyəsindən imtina deyəndə Mədəniyyət Nazirliyinin nəzarətində olan pulları nəzərdə tuturdum. Yoxsa dövlətin pulu bizim ödədiyimiz vergilər əsasında formalaşır və dövlət Azərbaycan kinoindustriyasını rejissorların, kinematoqrafçıların istədiyi formada dəstəkləməyə borcludu. Mən bunu sadəcə bir aksiya kimi təklif eləmişdim. Düşünürdüm ki, müraciət elədiyim adamlar yoldan keçən deyillər, beynəlxalq festivallarda olublar və etirazları sayğacalarla bağlı deyil. Onlar kinoindustriyanın yaxşı olması üçün etiraz eləyəcəkdilər. Bu baş verməyəndən sonra görünən kəndə bələdçiyə ehtiyac yoxdu...
- Facebook səhifənizdə özləri fondlarla işləyən, müxtəlif ölkələrdə kinonun, mədəniyyətin inkişafını dəstəkləyən dövlətlərin Azərbaycandakı səfirliklərinin fəaliyyətini ciddi tənqid eləyirsiniz: Almaniya, Fransa, Britaniya, ABŞ səfirliklərini. Çünki onlar başqa ölkələrdə tətbiq elədikləri mədəniyyət proqramlarını Azərbaycanda həyata keçirmirlər. Belə bir şəraitin mövcud olduğu ölkədə hansısa xarici fondların, ya da ayrıca yaradılmış Kino Mərkəzinin beynəlxalq standartlara uyğun işləməsi realdırmı?
İndiki Mədəniyyət Nazirliyindən kimə eitraz eləyə bilərsiniz? Heç kimə.
- Belə bir ifadə var: demokratiyanı əvvəlcə istəmək lazımdı ki, sonra onu qura biləsən. Proses birdən-birə düzələ bilməz. Sabah Azərbaycan Eurimage-ə üzv olsa, Ermənistanda, Gürcüstanda, Türkiyədəki kimi burda da o təşkilatın nümayəndəliyi açılsa və onun iş prinsipləri Mədəniyyət Nazirliyinin sistemindən çıxmasa, biz birbaşa Eurimage-ın mərkəzinə etiraz eləyə, onun rəhbərliyinə deyə biləcəyik ki, burdakı əməkdaşınız tərəfkeşlik eləyir, təşkilatın qaydalarını, prinsiplərini pozur. İndiki Mədəniyyət Nazirliyindən kimə eitraz eləyə bilərsiniz? Heç kimə. Yəni əvvəlcə demokratiyanı istəməliyik. Onda proses düzgün getməsə, etiraz eləmək imkanımız olacaq. Ən azı, seçim imkanımız yaranacaq. İndiki vəziyyətdə etiraz eləmək çox çətindi. O ki qaldı səfirliklərə... Mən onların nümayəndələrinin əksəriyyətini tanıyıram və əksəriyyəti ilə də görüşmüşəm. Məsələn, bu gün İsveçrə səfirliyinə dəvət olunmuşam. O görüşlərdə onların özlərinə də deyirəm ki, siz bu ölkənin kino və teatr sahəsinə diqqət yetirməlisiniz, başqa ölkələrdə tətbiq elədiyiniz proqramları burda həyata keçirməlisiniz. Onların əksəriyyəti eyni cavabı verir: bizə lap o qədər icazə, azadlıq verilmir... Bunlar hamısı rəvayətdi, nağıldı. Çünki əgər bir ölkənin səfirliyinə burda azadlıq verilmirsə, o, avtomatik etiraz eləməlidi. Rəsmi münasibətlər siyasi kontekstdə pozula bilər, mədəniyyət kontekstində konkret olaraq icazə verməyənlər kimlərdi- bu, artıq başqa məsələdi. Məsələn, Azərbaycanda Fransız İnstitutu fəaliyyət göstərir. Deyirlər ki, biz adamlara fransız dilində kitablar veririk, kurslar təşkil eləyirik, yoqa dərsi veririk...
- Yəni bu ölkənin şərtlərinin imkan verdiyi çərçivədə işləyirlər...
- Yox, o şərtlərin verdiyi imkanlardan on qat aşağı səviyyədə iş görürlər. Əgər bu ölkə o qədər qapalı olsaydı, burda, ümumiyyətlə, iş görə bilməzdilər... Ortada mövqesizlik var. Bunun da əsas səbəbi yenə Mədəniyyət Nazirliyidi. “British Consul”un nümayəndələri kino sahəsində nələrsə eləmək istəyirlər, amma əsas müttəfiqləri Mədəniyyət Nazirliyidi və onlar nazirliklə ortaq qərara gələ bilmirlər. Nazirlik onlara mane olur. Ya da məsələn, Almaniya səfirliyində bir xanım rəhbərliyə məlumat verəndə həmişə nazirliyin mövqeyini müdafiə edir, heç vaxt yaradıcı insanların tərəfini tutmur.
Çox təəssüf ki, bu gün Azərbaycana gələn səfirlər mədəniyyət sahəsində dəyişikliklər istəməyən adamlardı.
Çox təəssüf ki, bu gün Azərbaycana gələn səfirlər mədəniyyət sahəsində dəyişikliklər istəməyən adamlardı. Mən Avropa Nümayəndəliyinin burdakı rəhbəri ilə bir neçə dəfə görüşməyə çalışmışam, onunla Azərbaycandakı mövcud kino sistemi haqqında danışmaq istəmişəm, amma nə zənglərimə reaksiya veriblər, nə də məktublarıma.
- Bu mənzərənin fonunda və hazırkı reallıqda azərbaycanlı rejissor, müstəqil kino çəkmək istəyən insan nə etməlidi?
- Belə bir fikir var ki, etiraz təkcə sözdə yox, əməldə olmalıdı, danışmaqdan çox iş görmək lazımdı. Təbii ki, bununla razıyam, amma işləmək üçün də maliyyə lazımdı. Hələ heç bir film çəkməmiş adam ilk iş olaraq, özünüifadə məqsədilə əl kamerası, ya da telefonla nəsə çəkə bilər. Ancaq bu, sadəcə özünü tapmaq prosesidi, kino deyil. Amma sırf kino sahəsində işləyənlərdən söhbət gedirsə, bu ölkədə müstəqil film çəkənlər var, bir də dövlət sifarişi ilə çəkib hələ də onlardan nəsə gözləyənlər. Müstəqil kinoda Teymur Hacıyev “Şanxay:Bakı” filmiylə, ən azı, ona yaxın qısametrajlı film festivallarında iştirak eləyib. “Şanxay: Bakı”nı Teymur Hacıyev sırf öz şəxsi pulları ilə çəkib, heç bir dövlət qurumunun dəstəyi olmadan. Eyni zamanda mənim filmlərim də müstəqil kinodu və ümid eləyirəm ki, yeni filmimlə dünya festivallarına və forumlara düşə biləcəm. Başqa bir sənədli layihəm də var, onun üçün maliyyə tapmağa çalışıram. Azərbaycanda kino çəkmək istəyənlər yalnız və yalnız bizim keçdiyimiz çətin yollardan keçməlidilər və gələcəkdə xaricdə maliyyə tapmağa ümid eləməlidilər. Çünki ölkə daxilində Mədəniyyət Nazirliyinin sistemi qaldığı müddətdə hardansa maliyyə tapmaq mümkün deyil. Maliyyə olmayanda isə keyfiyyətli kino çox çətin yarana bilər. Mənim gördüyüm reallıq budu. Nələrinsə dəyişəcəyinə ümidim həmişə var, amma necə dəyişəcəyini bilmirəm. Məsələn, mən ümid eləyirəm ki, beynəlxalq festivala çıxacam, ya da Teymur, yaxud müstəqil film çəkən başqa bir rejissor. Hardasa sözünü deyəcək, prodüserlərlə əlaqə yaradacaq, onları Azərbaycana cəlb edə biləcək. Deyəcək ki, bizdə müstəqil film çəkən başqa rejissorlar da var, onlarla da əlaqə yaradın. Məsələn, mən fransız prodüserlə işlədim və o, bu gün Azərbaycanda başqa adamlarla işləyir. Fərqi yoxdu, necə tapıb onları, onu satın alıblar, ya da başqa bir yol seçib. Əsas odur ki, mən ona “digər rejissorla da işlə” deyirdim. Əgər belə olsa, Azərbaycan kinosunda müəyyən qədər dəyişiklik ola bilər. Mən başqa yol görmürəm. Bu ölkədə forumlar keçirilməlidi, xarici prodüserlər gəlməlidi. Mədəniyyət Nazirliyi müstəqil kinoya dəstək olmursa, heç olmazsa, səfirliklər film forumları keçirsinlər, xarici prodüserlər gəlib yerli rejissorların kinolayihələri ilə tanış olsunlar. Ki, yerli rejissorlar sabah xaricdə prodüser tapıb postprodakşn edə bilsinlər.
Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı
- Fondların, xarici prodüserlərin Azərbaycana niyə gəlmədiklərini bildik, niyə bizdə onları axtaranlar azdı?
- Çünki o fondlara layihə göndərməkdən ötrü, ən azı, bir dənə qısametrajlı film, ya da onun bəzi səhnələrini çəkmiş olmalısınız. Portfoliosuz rejissor heç yerə layihə göndərə, heç treninqlərə də gedə bilməz. Çünki xarici danışığa qulaq asmır, iş görmək istəyir. Və o portfolio burda yaranmalıdı. Portfoliosuz rejissor, prodüser heç kimə lazım deyil. Amma bu məsələnin digər bir tərəfi də var. “Buqələmun”la nə qədər festivalda olmuşam, amma hətta mən də hansısa bir layihə göndərsəm, onun seçilmək şansı 50-70%-dir. Çünki mənim kimi festivallarda olmuş başqa xarici rejissorlar var və onların şansı daha çox olur. Prosesi dəyişdirməyin bir yolu da var - prodakşnlar gənclərə, heç olmasa, texnikanı pulsuz versinlər ki, onlar bir dənə qısa film çəksinlər və onu festivallara, layihə qəbul edən fondlara göndərib maliyyə tapmağa çalışsınlar. Bir şeyi də qeyd eləmək istəyirəm. Bəlkə çoxumuz bilmirik ki, sənət kinosu dünyada böyük pullar qazanır. Bunu Nuri Bilgə Ceylanın, Zvyaqintsevin timsalında görə bilərik. Çilili rejissorlar var ki, son dərəcə güclü sənət filmləri çəkirlər. Həm filmlərini xarici telekanallara satırlar, həm də kinoteatrlarda nümayiş olunur və böyük pullar qazanırlar. Təbii ki, festivallarda uğur əldə eləyəndən sonra. Onlar bilirlər ki, sənət filmlərində olan pul heç kommersiya kinosunda da yoxdu. Sadəcə sənət filmlərinin özünə bir cığır, bir yol tapması lazımdı. Bu isə ən çətin prosesdi.