Son vaxtlar Qarabağ cəbhəsində iri silahların işə düşməsi, pensiya yaşının artırılması haqqında gözləntilər və ölkədə bir sıra həqiqətlərin gizlədilməsi bu gün medianın aparıcı mövzusudur...
STATUS-KVO DƏYİŞMƏDİKCƏ...
«Azərbaycan» qəzetində dərc edilən «Ermənistan təmas xəttindəki təxribatlardan ideoloji diversiyaya keçir» sərlövhəli məqalədə bu il fevralın 24-dən 25-nə keçən gecə Qarabağ cəbhəsində baş verən hadisələr dəyərləndirilir.
Müəllif öncə 2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə baş vermiş döyüşləri xatırladır. Yazıda qeyd edilir ki, həmin döyüşlərdə Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib.
Müəllifin fikrincə, Ermənistan tərəfi apreldəki döyüşlərdə məğlubiyyətini həzm edə bilmir və yeni təxribatlara əl atır.
Yazıda fevralın 24-dən 25-nə keçən gecə cəbhədə baş verən döyüşlər də Ermənistan silahlı bölmələrinin təxribatı kimi qiymətləndirilir.
Müəllif vurğulayır ki, ATƏT-in Minsk qrupu da daxil olmaqla, bir sıra dövlətlər indiki status-kvonun dəyişməsi barədə bəyanatlar səsləndiriblər.
Yazıda qeyd edilir ki, belə bəyanatlar olsa da, Ermənistanın qarşısına konkret tələblər qoyulmalıdır: «Heç bir dövlət, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistandan bu məsələ ilə bağlı beynəlxalq sənədlərə əməl olunmasını tələb etmədilər. Bilinmədi ki, işğal edən və işğala məruz qalan kimdir, yenə də işğalçı öz adı ilə çağırılmadı».
Müəllif hesab edir ki, status-kvo dəyişmədikcə, cəbhə xəttində belə təxribatların bir daha olmayacağına təminat vermək olmaz.
Yazıda deyilir ki, vəziyyətin bu formada qalması ATƏT-in Minsk qrupunun qətiyyətsizliyinin nəticəsidir.
AĞ YALAN
Azadliq.info saytında «Yalan bol olarsa….» sərlövhəli məqalə dərc edilib.
Müəllif yazır ki, hakimiyyət yalanı həyat normasına çevirib.
Yazıda deyilir ki, indiki halda ölkənin həkimi hökumət olmalıdır. Ancaq bu həkim yalan diaqnoz qoymaqla xəstəliyi nəinki sağalda bilmir, əksinə, onu daha da dərinləşdirir: «Hökumət isə israrla deyir ki, damardan axan qan yox, inkişafımızın qırmızı formasıdır».
Yazı müəllifi bu yalanın müxtəlif sahələrdə özünü göstərdiyini bildirir: «Reallıq təhsildə rüsvayçılıqları göstərir. Hökumət isə «təhsil hökumət üçün prioritetdir» deyir. Ölkə səhiyyəsinin «xəstələndiyi» deyilir, hökumət isə «Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib» bildirir. Məhkəmələrdə saxtakarlıq, günahsız insanların şərlənərək həbs olunması biabırçılığı baş verir, hökumət isə «Azərbaycanda insan haqlarına ən yüksək səviyyədə hörmət olunur» cavabını verir».
Yazıda vurğulanır ki, yalan ölkə iqtisadiyyatında da at oynadır.
Müəllifə görə, xarici şirkətlər bir-birinin ardınca Azərbaycandan gedir. İş yerləri bağlanır, ixtisarlar artır. Hökumət isə bunun əvəzində yeni iş yerlərinin açılmasından dəm vurur.
Müəllifə görə, ən pisi budur ki, hökumət bu ağır durumdan real işin nəticəsində yox, təmtəraqlı yalanın sayəsində çıxmaq istəyir.
MANAT NEFTDƏN ASILIDIRMI?
«Exo» qəzetində dərc edilən «Azərbaycan manatı «neft iynəsi» üzərində» sərlövhəli məqalədə manatın neftin qiymətindən asılı olub-olmamasına ekspertlərlə aydınlıq gətirməyə çalışırlar.
Müəllif yazır ki, 2015-ci ilin ilk fevral devalvasiyasından bu yana bir qrup ekspert manatın neftin qiymətindən asılı olduğunu, digər qrup isə onların arasında hər hansı əlaqə olmadığını sübut etmək istəyir. Ekspert Fuad Əlizadə isə mövzunu qəzetə belə şərh edir: «Milli valyutanın məzənnəsi neftin qiymətindən güclü şəkildə asılıdır. Səbəb də budur ki, ölkə ixracının 90 faizi məhz neft və neft məhsullarının payına düşür. Əgər neftin dəyəri əhəmiyyətli dərəcədə artsa və ən azı altı ay sabit qalsa, manatın məzənnəsi də artacaq. Ancaq neftin qiyməti sabit olmadıqda manat da buna xüsusi reaksiya göstərməyəcək».
Ekspert deyib ki, neftin qiymətinin üç dəfə enməsi manatın iki dəfədən çox dəyər itirməsi ilə nəticələnib.
Daha sonra müəllif yazıda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının manatın məzənnəsi ilə neftin dəyəri arasında hər hansı əlaqə olmaması haqqında bəyanatını xatırladır.
Müəllifə görə, R.Aslanlı hesab edir ki, neftin qiyməti manatın məzənnəsinə yox, iqtisadiyyatın dayanıqlığına təsir göstərir.
Ancaq ekspertlərdən Oqtay Haqverdiyev də, dolayı da olsa, R.Aslanlının fikirlərini müdafiə edib: «Sabah neftin dəyəri 100 manata qalxsa belə, manat bahalaşmayacaq. Çünki artıq neftin dəyəri manatın məzənnəsi ilə əlaqəli deyil».
ÖMRÜN YETMƏDİYİ PENSİYA
«Novoye Vremya» qəzetində isə «Pensiyaya gedən uzun yol» sərlövhəli məqalə oxumaq olar.
Yazıda «Əmək pensiyaları haqqında» Qanuna nəzərdə tutulan dəyişiklik dəyərləndirilir. Xüsusilə də pensiya yaşının artırılacağı ilə bağlı məqamların üzərində dayanılır.
Müəllifə görə, orta ömür müddəti müəyyən edilmədən pensiyanı formalaşdırmaq mümkün olmaz. Ancaq Azərbaycanda bu əsas qayda unudulur.
Yazıda qeyd edilir ki, Azərbaycanda qadın və kişilərin pensiya almaqdan ötrü yaş həddinin 65-ə qaldırılması gözlənilir. Hazırda bu qadınlarda 60, kişilərdə 63 yaş həddindədir: «Layihəyə əsasən, 2021-ci ilə kimi kişilər, 2027-ci ilə kimi isə qadınlar üçün hər il pensiya yaşı 6 ay uzadılacaq. Beləliklə qadın və kişilər üçün pensiya yaşı 65 yaşa çatdırılacaq».
Müəllif vurğulayır ki, bununla da Azərbaycan vətəndaşları pensiyaya bir çox ölkələrin vətəndaşlarından da gec çıxacaqlar.
Müəllif hesab edir ki, bəzi vətəndaşlar bundan sonra, sadəcə, pensiya yaşına qədər yaşamayacaqlar: «Guya ölkədə orta ömür müddəti 65-70 yaşdır. Əslində isə bu rəqəm çoxdan 60 yaş həddinə enib. Ən azı kişilərin ömür müddətinin azalması dəqiqdir. Qadınlara gəlincə, tamamilə stress və həyəcan içində yaşamaqla 65 yaşa çata bilmək problemli görünür».
Müəllif yazır ki, neft dollarları «yağışı» dayanıb. Sosial Müdafiə Fonduna daxil olan vəsaitlərin həcmi kəskin şəkildə azalıb. Ancaq milyonlara sahib məmurların tamahları azalmayıb.