Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:51

'Xarici borc artır, nisyə dəftərlərində adlar çoxalır'


Bakıda məscid
Bakıda məscid

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr, adambaşına düşən xarici borcun artması, ərzaq mallarının bahalaşması və dəm qazından ölüm halları bu gün medianın aparıcı mövzusudur...

İSLAM BİRLİYİNƏ AZƏRBAYCAN TÖHFƏSİ

«Azərbaycan» qəzetində «İslam ölkələri arasında birliyin və əməkdaşlığın güclənməsinə töhfə» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri kəskinləşib: «Belə zərərli meyllər bəzi hallarda fenomen dəyərlərdən olan tolerantlığa da kölgə salır. Onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir».

Müəllifin fikrincə, belə hallarda müxtəlif mədəniyyətlərin qorunmasından ötrü dinlər və mədəniyyətlər arasında dialoqa böyük ehtiyac yaranır.

Yazıda bu müstəvidə Azərbaycanda xeyli iş görüldüyü vurğulanır və dövlət başçısı İlham Əliyevdən sitat gətirilir: «Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir».

Müəllif vurğulayır ki, Azərbaycan hazırda islam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsindən ötrü mühüm addımlar atır. Bu sırada bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları qeyd edilir.

Yazıda prezident İlham Əliyevin 2017-ci ili ölkədə «İslam Həmrəyliyi ili» elan etməsi isə ciddi kataklizmlərin yaşandığı bir vaxtda zamanın çağırışlarına cavab verən addım kimi dəyərləndirilir.

Dollar
Dollar

XALQA SAXLANAN «BORC MİRASI»

Azadliq.info saytında «Uzaqgörən siyasətin borc mirası» sərlövhəli məqalədə ölkədə adambaşına düşən xarici borcun artmasının səbəbləri təhlil edilir.

Müəllif yazır ki, hər dəfə statistik məlumatlar açıqlananda, ölkədəki acı durum bir az da aydınlaşır: «1994-cü ildə adambaşına düşən xarici borcumuz 9 dollar idisə, 2017-ci ildə bu rəqəm 737 dollara yüksəlib. Başqa sözlə, 23 ildən sonra xarici borc 80 dəfədən çox artıb».

Bu ara ölkəyə böyük neft pullarının da gəldiyini vurğulayan müəllifin fikrincə, hökumətin analoqsuz fəaliyyəti nəticəsində hər bir vətəndaşın çiyninə xeyli xarici borc düşüb: «Ölkəyə gələn neft pulunun 25 faizi gələcək nəsillərin sığortası olmalı idi. Hökumət isə yerdəyişmə edərək gələcək nəsillərə sığorta əvəzinə borc mirası qoyub. Həm dövlətin sərvəti talan edilib, həm də boşluqlar xarici borcun hesabına doldurulub».

Müəllifə görə, Azərbaycan kimi zəngin ölkənin külli miqdarda borclanması korrupsiyanın göstəricisidir.

Yazıda Azərbaycandakı korrupsiya halları ilə bağlı bir sıra beynəlxalq araşdırmalar xatırladılır. Müəllifin qeyd etməsinə görə, bir sıra araşdırmalarda vurğulanıb ki, son 17 ildə ölkədən 95 milyard vəsait çıxarılıb.

Yazıda deyilir ki, belə ağır bir duruma baxmayaraq, hakimiyyət yalanlarından da qalmır. Dünya «Azərbaycan modeli»ni öyrənməyə dəvət edilir: «Ölkə əhalisinin 2.5 milyon nəfəri kredit borcu ödəyir, 100 minlərlə vətəndaşın adı «nisyə dəftəri»nə düşüb. Şəxsiyyət vəsiqəsini, maaş, pensiya kartını girov qoyub pul götürənlərin sayı sürətlə artır. Göründüyü kimi, hakimiyyətin daxili və xarici siyasəti daxildən və xaricdən borclanmayla nəticələnib».

Pensioner
Pensioner

SOSİAL YARDIMIN ƏHATƏSİ GENİŞLƏNDİRİLMƏLİDİR

«Exo» qəzetində «Azərbaycana bəzi məhsulların qiymətlərini dondurmağı məsləhət görürlər» sərlövhəli məqalədə ölkədə ərzaq bahalaşması ekspertlərlə müzakirə edilir.

Müəllif yazır ki, ölkədə ərzaq məsullarının qiyməti artmaqda davam edir. 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya həddi Avropa ilə müqayisədə yüksək olub. İqtisadçı-ekspert Seyfəl Əliyev qəzetə deyib: «Belə hallarda bəzi dövlətlərdə ən zəruri ərzaq malları kimi, çörəyə, makaron məhsullarına, qəndə, çaya, una fiksə edilmiş qiymətlər təyin edilir ki, bu qiymətlər heç zaman artırıla bilməz».

Ekspert hesab edir ki, Azərbaycanda aşağı gəlirli təbəqə və ilk növbədə pensiyaçılardan ötrü bu təcrübəyə əl atmaq olar.

İqtisadçı Fuad Əlizadə isə ölkədə aztəminatlı insanlardan ötrü ərzaq kartoçkaları tətbiq olunmasını bütün mümkün variantların ən pisi adlandırır.

F.Əlizadəyə görə, vətəndaşın əmtəə almaq seçimi olmalıdır. Odur ki, dövlət vətəndaşın pul gəlirlərini artırmalıdır: «Bu gün ola bilər ki, bu pul ona ərzaq almağa lazım olsun, sabah isə başqa bir məhsul və ya əksinə».

F.Əlizadə indiki halda ünvanlı sosial yardımın əhatəsinin genişləndirilməsini təklif edir.

Ekspert qeyd edir ki, ərzaq talonlarının tətbiqi sovetlər dönəmində heç də özünü doğrultmayıb.

Yazıda vurğulanır ki, 2016-cı ildə istehlak səbətinə daxil olan 30 növ əsas ərzaq məhsulları 18 faiz, bəziləri isə 20 faizdən 100 faizə qədər bahalaşıb.

Qaz
Qaz

DƏM QAZI CANLAR ALIR, MƏSULİYYƏT DAŞIYAN YOX

«Novoye Vremya» qəzetində «İnsanlar qazdan həlak olmaqda davam edir, amma buna görə günahkarları heç kəs axtarmır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, hər ilin payız-qış aylarında ölkədə tez-tez dəm qazından zəhərlənmələr və ölüm halları baş verir. Son vaxtlar havalar istiləşsə də, dəm qazından ölüm halları davam etməkdədir: «Təkcə 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 4-nə kimi ölkədə 11 insan dəm qazından boğularaq həyatını itirib».

Müəllif qeyd edir ki, hər qış ölkədə 100-lərlə belə hal baş verir: «Bu problem neçə illərdir davam edir. Amma heç kəs bunu görmək istəmir. Rəsmi qurumlar hər dəfə belə hallara görə qəti olaraq xalqı günahkar bilir».

Yazıda dəm qazından ölüm halları ilə bağlı rəsmi qurumların mövqeyi də çatdırılır. Rəsmi qurumlara görə, qaz cihazlarından istifadə zamanı texniki təhlükəsizlik qaydaları pozulur və hadisələr bu üzdən baş verir.

Müəllif isə hesab edir ki, hər bir insan ölümü ayrıca araşdırılmalıdır. Buna ümumi statistika kimi baxmaq faciədir: «Bu qədər ölümlər olmasına baxmayaraq, hələ indiyə kimi konkret bir təhqiqatın nəticəsi ortaya qoyulmayıb ki, günahın və günahkarların harada olması müəyyən edilə bilsin».

Yazıda vurğulanır ki, mənzillərə gələn qaz xətlərinin yoxlanılmaması, onun keyfiyyətinin araşdırılmaması, qaz verilməsində yaranan fasilələr, təzyiqdəki qeyri-sabitlik bu ölümlərin baş vermə səbəblərinə daxildir...

XS
SM
MD
LG