Azərbaycan ATƏT-dən yeni bəyanat gözləyir
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk Füzulinin Alxanlı kəndində baş verənlərlə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır.
Bunu iyulun 5-də Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında deyib. Mətbuat konfransında Müdafiə Nazirliyi və Baş Prokurorluğun sözçüləri də iştirak ediblər.
H.Hacıyev xarici işlər naziri Elmar Məmmədyarovun Alxanlı kəndinin atəşə tutulması barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-ə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verdiyini bildirib. O, Bakının ATƏT-dən yeni bəyanat gözlədiyini əlavə edib:
«ATƏT-in bəyanatını köhnəlmiş hesab edirik. Kasprzyk-in ofisinin əməkdaşları məsələni araşdırmaq üçün hadisə yerindədirlər. Erməni hərbçilər yaşayış məntəqəsini minaatanlardan və iriçaplı silahlardan atəşə tutmağın nə ilə nəticələnə biləcəyini bilirdi. Bu, qəsdən atılmış addımdır. Biz ATƏT-dən yeni bəyanat gözləyirik».
XİN rəsmisi Azərbaycanın xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirliklərinə Bakının mövqeyini çatdırılması ilə bağlı təlimat verildiyini də söyləyib:
«Beynəlxalq təşkilatların mövqeyini gözləyirik».
Hikmət Hacıyev bir daha Bakının mövqeyini çatdırıb. Azərbaycanın münaqişənin substantiv danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınmadığını da bildirib.
'Meyitlərin bədənində qumbaraatan mərmilərinin qəlpələri aşkarlanıb'
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov iyulun 5-də keçirilən mətbuat konfransında belə söyləyib. O, Alxanlıda baş verənlərlə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlandığını bildirib.
«Hadisə yerinə və meyitlərə baxış keçirilərkən hadisə yerində, meyitlərin bədənində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir», - E.Sultanov deyib.
Nazirlik: Alxanlıda nə qərargah var, nə də atəş nöqtəsi
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, bu məsələdə Ermənistan dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayır:
«Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini deyirlər. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Dünən isə bu silahdan, ümumiyyətlə, istifadə olunmayıb».
Nazirliyin sözçüsü qarşı tərəfin itki verdiyini, ancaq bu məlumatları gizlətdiyini də söyləyib.
Erməni tərəfi təkzib edir
Qondarma dağlıq Qarabağ rejimi qoşunların təmas xəttində baş verən son toqquşmada 3 erməni əsgərinin yaralanması ilə bağlı Azərbaycan tərəfinin məlumatını təkzib edir.
Bu barədə iyulun 5-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.
Separatçı rejimin nümayəndəsi David Babayan həmçinin radioya müsahibəsində deyib ki, Ermənistan tərəfi mülki əhalini atəşə tutmur.
Səməd Seyidov: 'Avropa Şurası qiymət verməlidir'
İyulun 4-də cəbhə xəttində olanlarla bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, məsələ AŞPA-nın növbəti sessiyasında müzakirəyə çıxarılacaq. Nümayəndə heyətinin rəhbəri AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı bir sıra məsələlərin müzakirə olunacağını və bu hadisənin də həmin məsələlər arasında geniş yer tutacağını söyləyib.
S.Seyidovun sözlərinə görə, nəvə və nənənin ölümü ilə nəticələnən hadisə «müharibə qanunlarına sığmayan insanlıq əleyhinə cinayətdir».
«Təbii ki, Avropa Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar buna qiymət verməlidir», - deyə o əlavə edib.
Alxanlı sakinləri hadisəni danışırlar
Minsk qrupunun həmsədrləri bəyanat yaydı
ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti və Birləşmiş Ştatlardan Richard Hoagland Füzuli rayonunun Alxanlı kəndində ölümlə nəticələnmiş zorakılıqla bağlı bəyanat yayıb.
«Minsk qrupu həmsədrləri tərəfləri hərbi addımları dərhal dayandırmağa çağırır. Zorakılıq yalnız zorakılıq doğurur və heç nə vermir. Bu uzunmüddətli münaqişəni həll etməyin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır», – bəyanatda deyilir.
Həmsədrlər qurbanların ailələrini başsağlığı verib.
Cinayət işi açıldı
İyulun 4-də cəbhə xəttində baş verənlərlə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada deyilir.
Baş Prokurorluq Füzuli rayonunun Alxanlı kəndində ağır silahlar da tətbiq edilməklə mülki əhali və obyektlərin atəşə tutulduğunu, mülki əhalinin qəsdən öldürüldüyünü və vətəndaşların əmlaklarının qəsdən məhv edildiyini bildirir.
Bununla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 7 maddəsi ilə cinayət işi başlandığı və istintaq aparıldığı qeyd olunur.
XİN: Məsuliyyət Yerevanın üzərinə düşür
Cəbhə bölgəsində baş verənlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Nazirlik təhlükəli vəziyyətə görə məsuliyyətin Yerevanın üzərinə düşdüyünü bildirir.
Bəyanatda deyilir ki, Füzulinin Alxanlı kəndində əhaliyə və obyektlərə hədəflənən təxribat törədilib:
«Ermənistan Silahlı Qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun ikiyaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir».
Bəyanatda cəbhə xətti boyunca mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların sistematik xarakter daşıdığı və bunun beynəlxalq konvensiyalara zidd olduğu deyilir.
Azərbaycan tərəf hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq qurumlar Ermənistanın öz qoşunlarını tezliklə işğal olunmuş ərazilərdən çıxarmasını və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidir.
+++
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 4-də axşam saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyevadır.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva hərbi hospitala çatdırılaraq əməliyyat olunub.
Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.
Müdafiə Nazirliyi «qanlı təxribat»a görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edir.
Atəşkəslə bağlı 5 iyul açıqlaması
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 130 dəfə pozublar.
Bu zaman iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (27 mərmi) istifadə edildiyi deyilir.
Məlumatda Ermənistan tərəfdən Qazaxın, Tovuzun bir neçə kəndinin, eləcə də Azərbaycan ordusunun Gədəbəy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarındakı mövqelərinin atəşə tutulduğu qeyd olunur.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Tərəflər bir-birlərini, bir qayda olaraq, atəşkəs pozuntularında ittiham edirlər.