Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Həbsdəki MTN generalı: “Elə qaçardım, izimi-tozumu da tapa bilməzdilər”


arxiv
arxiv

MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyev qapalı məhkəmə iclasında daha çox şeyi açıqlayacağını söyləyib

MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş, indi həbsdə olan general Elçin Quliyevin həyat yoldaşının da ölkədən çıxışına qadağa qoyulub. Bunu iyulun 17-də MTN generalının özü məhkəmədə söyləyib: "İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı?".

Elçin Quliyevin, eləcə də onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bu işdə zərərçəkənlərdən biri Maqsud Mahmudovdur. İttihama görə, onu MTN-ə çağırıb, bir qadınla intim münasibətlərinə dair video ilə şantaj ediblər. Həbs olunmamasından ötrü ondan 120 min manat alıblar. İstər Elçin Quliyev, istərsə Azər Mehdiyev bunun yalan olduğunu deyir. Onların sözlərinə görə, Maqsud Mahmudov başqa bir vətəndaşın şikayətinin araşdırılmasından ötrü MTN-ə çağırılıb və həmin şəxsdən pul alınmayıb.

Buna da bax: Zərərçəkən: 'Bir şərtim var, Eldar Mahmudov dindirilsin'

“Mağazamı satdıq, pulu MTN-ə apardıq”

İyulun 17-də məhkəmədə dindirilən Aslan Qəhrəmanov isə deyir ki, dostu Maqsud günlərin birində ondan kömək istəyib. Bildirib ki, onu MTN-dən şantaj edirlər, pulu çatdırmağa da bir gün vaxt veriblər: “Maqsudun da, mənim də obyektlərimiz vardı. Biz dost olmaqla yanaşı, həm də kirvəyik. Buna görə də aramızda pul söhbəri olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim balaca olduğundan onu təcili sataq, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində yerləşən mağazanı təcili satdıq, pulu götürüb MTN-ə getdik. Maqsud maşından düşüb onu gözləyən Azər Mehdiyevlə danışdı. Kənarda olduğuma görə pulun verilmə anını görməmişəm. Amma Maqsud geri qayıdanda dedi ki, pulu MTN-ə verdi”.

Şahidin sözlərinə görə, Maqsud Mahmudov ondan pulu tələb edənlər arasında Azər Mehdiyevlə yanaşı, Antiterror Mərkəzi rəisinin müavini, həbsindən iki ay sonra təcridxanada intihar edən İlqar Əliyevin və mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.

“Həyat yoldaşımın çıxışına da “stop” qoyulub”

Bu məqamda Elçin Quliyev deyib ki, Ayaz Gərayzadəni və MTN-in başqa bir əməkdaşı Ramin Hümmətovu məqsədli şəkildə aradan çıxarıblar, onların ölkədən çıxışına şərait yaradıblar:

“Bu epizodla bağlı İlqar Əliyevin ifadələrinə istinad edirlər. Guya İlqar Əliyev həbsindən sonra ifadə verib. Amma o ifadə ortada yoxdur. İfadəni görmək istədim, mənə deyirlər ki, həmin ifadə dövlət sirridir. Ayaz Gərayzadə və Ramin Hümmətov da guya könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər, sonradan yoxa çıxıblar. Bu adamlar cinayəti etiraf ediblərsə, deməli, ölkədən çıxmalarına “stop” qoyulmalı idi. Bəs niyə qadağa qoyulmayıb? Çünki onların ölkədən çıxmalarına şərait yaradılıb.

MTN-dəki hadisələrdən sonra da iki ay orada işlədim. Bir müddət sonra mənim və həyat yoldaşımın ölkədən çıxışına “stop” qoyuldu. İki uşaq anası hara qaçacaqdı? Cinayət törətdiyimi bilsəydim, mən də başqaları kimi qaçardım. Buna imkanım da vardı. Elə qaçardım, izimi-tozumu da tapa bilməzdilər”, - MTN generalı bu sözləri məhkəmədə dilə gətirib.

“Ukraynadakı Maydan hadisələrinə görə MTN-ə çağrılmışdı”

Qapalı məhkəmə iclasında daha çox şeyi açıqlayacağını söyləyən Elçin Quliyev onu da bildirib ki, zərərçəkən Maqsud Mahmudov MTN-ə Ukraynadakı Maydan hadisələrinə görə çağrılıb dindirilmişdi: “Sən özün də yaxşı bilirsən ki, MTN-ə niyə çağrılmışdın…”.

Maqsud Mahmudovdan MTN-ə şikayət yazdığını və həmin ərizə əsasında da onun nazirliyə dəvət olunduğu bildirən Marik Şamilov da məhkəmədə dindirilib. O təsdiqləyib ki, aldığı torpaq sahəsi ilə əlaqədar narazılıq yarandığı üçün MTN-ə şikayət edib: “Amma ünvanlı şəkildə, kiminsə tapşırığı ilə bu addımı atmamışam”.

Həbsdə olan MTN polkovniki Azər Mehdiyev deyir ki, Maqsud Mahmudovla bağlı məsələnin araşdırılmasına nazir Eldar Mahmudovun özü göstəriş verib: “Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Maqsuda zəng eləyib MTN-ə çağırdım, izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılmasından ötrü nazirin imzası olub. Mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var, onları qapalı iclasda açıqlayacağam”.

Məhkəmədə MTN generalı ilə zərərçəkmiş Maqsud Mahmudov arasında mübahisə yaranıb. Kəskin ifadələr səslənən bu mübahisəyə görə hakim onların hər ikisinə xəbərdarlıq edib.

Xatırlatma

E.Quliyevə CM-in 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələbetmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Amma general ittihamları qəbul etmir və heç kimdən hədə-qorxu ilə pul almadığını deyir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov 2015-ci ilin oktyabrında işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında iki ayrıca xidmət - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

XS
SM
MD
LG