Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:27

"Nardaran məhbusu" "bədəninə tok yeridildiyini" deyir


Nardaranda, arxiv
Nardaranda, arxiv

İyulun 20-də Səbail Rayon Məhkəməsində Nardaran olaylarına görə mühakimə olunan Mehman Quliyevin işgəncə iddiasına baxılıb. Məhkəmə onun iddiasını təmin etməyib.

M.Quliyevin prosesdə iştirakı təmin edilməyib. Qarşı tərəf də iclasa gəlməyib. Bu haqda Azadlıq Radiosuna M.Quliyevin vəkili Zibeydə Sadqıova məlumat verib.

Məhkəməyə təqdim olunmuş şikayətə görə, M.Quliyev 2015-ci il dekabrın 1-də saxlanıb. Onun Nardaran qəsəbəsindəki evinə 15 nəfərdən çox qara maska geymiş şəxslərin hücum etdiyi bildirilir.Şikayətə görə, evdə azyaşlı körpə, habelə 88 yaşlı nənəsi olsa da evə səs və tüstü bombası atılıb. Nəticədə M.Quliyevin nənəsinin səhhətinin ağırlaşdığı bildirilir.

2 SAAT DÖYÜLDÜYÜNÜ İDDİA EDİR

Həmin tarixdə M.Quliyevi atası ilə birgə evdən aparıblar. Atası sonradan sərbəst buraxılıb. Sabunçu rayon Polis İdarəsinə gətirilən M.Quluyev orda 2 saat ərzində döyüldüyünü, bədəninə tok verildiyini iddia edir. Dekabrın 3-də Bakı İstintaq Təcridxanasına aprılan M.Quliyev şikayətində bildirib ki, təcridxanada bədənindəki xəsarət izlərini cəzasının yüngülləşdiriləcəyi bildirildiyindən qeyd etməyib.Bununla belə M.Quliyev Baş Prokurorluğa işgəncəyə məruz qalması ilə bağlı şikayət edib. Ancaq prokurorluq 2016-cı ilin avqustundacinayət işi başlamağa əsas görməyib. M.Quliyev məhkəməyə üz tutmalı olub.

Buna da bax: Hakimlərə ayaqqabı atıldı

Səbail rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda vəkil Z.Sadıqova bir neçə vəsatət qaldırıb. O, məhkəmədən xahiş edib ki, M.Quliyevin həbs edilərkən aparıldığı Sabunçu rayon Polis İdarəsinin müşahidə və təhlükəsizlik kameralarının görüntüləri istənilsin. Məhkəmədən əlavə şahidlərin, o cümlədən M.Quliyevin atasının, anasının, həyat yoldaşının dindirilməsi barədə qərar verməsi də istənilib.

Ancaq məhkəmə bütün vəsatətləri rədd edib.

Məhkəmə də baş prokurorun böyük köməkçisi Mübariz ƏhmədovunM. Quliyevin işgəncə iddiası üzrə qərarını da qüvvədə saxlayıb. Bununla daişgəncə şikayətini qəbul edilməyib.

Vəkil qərarı qanunsuz saydıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

M.Quliyev Nardaran olaylarına görə günahlandırılan üçüncü qrupa daxil olan şəxslərlə birgə mühakimə olunur.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları prosesdə dindirilmədə bu şikayətləri, bir qayda olaraq, təkzib ediblər.

XS
SM
MD
LG