Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:14

'Xarici borcu bizdən sonrakı nəsillər ödəməli olacaq' - Media icmalı


Dövlət borcu. Karikatura
Dövlət borcu. Karikatura

Hökumətin sosial siyasəti, xarici borcun artması və dollara tələbatın yenidən yüksəlməsi bu gün (31 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...

DÖVLƏT BORCU DURMADAN ARTIR

«Novoye Vremya» qəzetində «Xarici borc artır, nə ilə ödəniləcək?» sualına cavab axtarılır.

Müəllif yazır ki, Azərbaycanın xarici borcu o qədər də yüksək deyil. Amma hər il borc artmaqdadır və bu məqam narahatlıq doğurmaya bilməz.

Yazının əvvəlində xarici borcun həcmi barədə rəsmi statistik rəqəmlərə yer verilir:

«Azərbaycanın xarici borcu bu ilin əvvəlindən 2.8 faiz artaraq iyulun 1-nə 7.1 milyard dollar təşkil edib. Adambaşına düşən xarici borcun həcmi də artaraq 1232.1 manata (təqribən 725 dollar) çatır».

Yazıda bildirilir ki, ümumilikdə, bu il iyulun 1-nə beynəlxalq maliyyə institutlarından 11.2 milyard dollar həcmində kredit alınmasına dair sazişlər imzalanıb. Bu da ilin əvvəlindən imzalanan müqavilələrə görə xarici borcun 285.4 milyon dollar və ya 2.6 faiz artması deməkdir.

Yazıda vurğulanır ki, artıq istifadə olunmuş kreditlərə görə (müqavilə üzrə daha çoxdur) xarici borc ÜDM-in 18.2 faizinə çatıb.

Müəllif hesab edir ki, yaxın- və ortamüddətli perspektivdə beynəlxalq kreditorlara borcların ödənilməsi asan olmayacaq. Çünki ödənişlər getdikcə artır:

«Bununla belə, yenə də kredit sazişləri bağlamaq lazım gələcək. Böhrana qədər isə dövlət borcu daha az idi. Başqa sözlə, ölkənin qızıl-valyuta ehtiyatlarının azalması xarici borcların artmasına təsir edib».

Yazıda vurğulanır ki, Azərbaycan bank sektorundakı böhran, ÜDM-də eniş bir çox sahələrdə maaşların verilməsində yubanmalara gətirib.

Müəllifi bu durumdan çıxış yolunu islahatlarda görür:

«Hökumət ən ağrılı islahatlara belə başlamalıdır. Əks halda, maliyyə durumu heç cür yaxşılaşmayacaq, amma xarici borc artacaq və borcları bizdən sonrakı nəsillər ödəməli olacaqlar».

Vüqar Bayramov
Vüqar Bayramov

EKSPERT: «DOLLARA TƏLƏBAT YÜKSƏLİR»

«Yeni Müsavat» qəzetində «Tanınmış iqtisadçıdan dollar-manat kursu ilə bağlı xəbərdarlıq» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, son 5 ayda manat dollara nisbətən dəyər qazanmaqdadır. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

İqtisadçı Vüqar Bayramov isə qəzetə deyib ki, son günlər valyuta bazarında dollara tələb artıb:

«Bu özünü valyuta bazarındakı məzənnədə göstərməkdədir. Əgər əvvəl 100 dollar almaq üçün 169 manat ödəmək lazım idisə, indi bu rəqəm 170 manatdan çoxdur».

İqtisadçının fikrincə, bahalaşma azdır, amma bu bahalaşma dollara olan tələbin artmasının göstəricisidir.

V.Bayramov hesab edir ki, valyuta bazarında dolların manata nisbətən bahalaşması ilə rəsmi kursun tərs mütənasib olması Mərkəzi Bankın mövcud məzənnə intervalını qorumasının göstəricisidir.

Ekspert deyib ki, dollara tələbin artacağı aylardan biri avqust, digəri isə dekabrdır. Avqustda yeni dərs ilinə hazırlıq başlayır:

«Dekabr isə xarici borc öhdəliklərinin ödənilməsi ayıdır. Digər tərəfdən, həmin ayda idxal və xarici səfərlər artır, bu da valyuta bazarında özünü göstərir. Bu baxımdan, avqust və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq».

Ekspertin fikrincə, Mərkəzi Bank manat və ya dolların kəskin bahalanmasında maraqlı deyil.

V.Bayramov hesab edir ki, növbəti iki ay, eləcə də dekabr Mərkəzi Banka elə də asan olmayacaq.

Qaçqın yataqxanası
Qaçqın yataqxanası

SOSİAL MƏSƏLƏLƏRİN UĞURLU HƏLLİ

«Azərbaycan» qəzetində «İqtisadi inkişafla yanaşı, sosial məsələlər də uğurla həll edilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif hesab edir ki, ölkə müstəqillik qazananda iqtisadi və sosial böhran yaşayırdı. Qaçqın və məcburi köçkün kateqoriyasından olan insanların sosial vəziyyətləri isə daha acınacaqlı idi.

Yazıda vurğulanır ki, keçmiş prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəni iqtisadi böhrandan çıxarmaq məqsədilə konsepsiya hazırlanıb. Bu konsepsiyanın əsasını yeni neft strategiyası təşkil edib:

«Aparılan uğurlu siyasət sayəsində 1994-cü il sentyabrın 20-də dünyanın ən qüdrətli transmilli neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. Ölkəmiz 1997-ci ildə ilk dəfə bu müqaviləyə əsasən hasil edilən neftdən pay almağa başladı. Beləliklə, Azərbaycanın yeni inkişaf dövrü başlandı».

Müəllif yazır ki, əldə olunan neft gəlirlərindən sosial vəziyyəti ağır olan qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə istifadə edildi. 200 mindən çox məcburi köçkün yeni, rahat və hər cür məişət şəraiti olan mənzillərlə təmin edildi. Eyni zamanda, onlara müxtəlif sosial müavinətlər ödənildi:

«Əldə edilən həmin vəsaitdən Azərbaycanda minlərlə məktəb, uşaq bağçası, xəstəxana və digər sosial obyektlər tikildi. Bu gün həmin uğurlu siyasətin nəticəsində ölkəmizdə inkişaf etmiş dövlətlərdə olduğu səviyyədə təhsil ocaqları və xəstəxanalar fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan vətəndaşının sosial rifahının yaxşı olmasına xidmət göstərir».

Müəllif hesab edir ki, ölkənin iqtisadi inkişafının təmin edilməsinin və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının əsas şərtlərindən biri də sahibkarlığın formalaşmasıdır. Yazıda bildirilir ki, sahibkarlara 2 milyard manatdan artıq güzəştli kreditlər verilib, nəticədə minlərlə istehsal və xidmət sahələri yaradılıb.

Daha sonra müəllif vurğulayır ki, bu ilin ilk yarısında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrünə nisbətən 7.3 faiz artıb.

XS
SM
MD
LG