Köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, ərzaq məhsullarının bahalaşacağı ilə bağlı gözləntilər və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması bu gün (25 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...
ƏRZAQ 5 FAİZ BAHALAŞA BİLƏR
«Exo» qəzetində «Azərbaycanda ərzağın qiymətinin orta hesabla 5 faiz bahalaşacağı proqnozlaşdırılır» sərlövhəli məqalə oxumaq olar.
Ekspert Nəriman Ağayev qəzetə deyib ki, hazırda bahalanma daha çox özünü ətin, meyvə-tərəvəzin qiymətlərində göstərir.
O, bir sıra KİV-lərdə Qurban bayramı günlərində qoyun ətinin qiymətinin 5.59 manata enəcəyi barədə informasiyaları ciddi qəbul etmədiyini bildirib:
«Hazırda sümüklü qoyun ətinin qiyməti ən aşağısı 7.50 manatdır. Amma yenə də belə qiymətə alınan ət keyfiyyətli olmur. Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayaraq artır».
Ekspert hesab edir ki, ölkədə qiymət bahalaşmasının qarşısını inzibati üsullarla almaq mümkün deyil:
«Bu ilin üçüncü rübündə ərzaq mallarının qiymətləri 5 faizdən çox artacaq. Mövsümlə əlaqədar ucuzlaşma ancaq meyvə-tərəvəzdə ola bilər. Gələn aydan xiyar, pomidor, şaftalı və armud da bahalaşacaq. Bazarda bu məhsulların həcmi azalır və bahalaşma bu səbəb üzündən baş verəcək».
N.Ağayev təxmin edir ki, bundan başqa konserv, makaron məmulatlarının, günəbaxan, kərə yağlarının, pendir və balığın qiymətləri də artacaq. Üstəlik, o, ərzaq ilə yanaşı, qeyri-ərzaq mallarının da qiymətlərində artım gözləyir.
Ekspert vurğulayır ki, manatın sabitləşən məzənnəsi fonunda qiymət artımı dayanmalı idi. Amma bu baş vermir.
N.Ağayev diqqəti daha bir məqama yönəldir. O hesab edir ki, daxili bazarda məhsulun keyfiyyətinə aidiyyəti dövlət qurumları pis nəzarət edirlər.
«MEHMAN ƏLİYEVİN YEGANƏ CİNAYƏTİ...»
Azadliq.info saytında «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı bir neçə yerli və beynəlxalq reaksiya təqdim edilir.
«Mehman Əliyevin həbsi cəmiyyətə zərbə məqsədi daşıyır» sərlövhəli məlumatda baş verənlərlə bağlı Milli Şuranın münasibəti yer alır.
Milli Şura hesab edir ki, bu hadisə müstəqil fəaliyyət göstərən ən uzunömürlü agentliyə, dünya informasiya məkanın böyük etibar qazanmış bir media qurumuna, azad sözə və fəaliyyətə qarşı yönəlmiş repressiya siyasətidir:
««Turan» agentliyi öz doğru, dürüst, operativ fəaliyyəti ilə milli informasiya siyasətini formalaşdıran bir media orqanıdır».
Saytda «Sərhədsiz Reportyorlar» təşkilatının da M.Əliyevin saxlanmasına münasibəti təqdim edilir.
Təşkilat «Turan» İnformasiya Agentliyinə vergidən yayınma ittihamını qondarma sayır. Məlumatda xatırladılır ki, yaxın saatlarda məhkəmə M.Əliyev haqda həbs-qətimkan tədbirinin seçilməsi, yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir.
«Hökumət ona görə «Turan»a təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər», - Johann Bihr, «Sərhədsiz Reportyorlar»ın Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri deyib.
«Sərhədsiz Reportyorlar» təşkilatının təmsilçiləri hesab edir ki, M.Əliyev Azərbaycanda jurnalistikanın pionerlərindən biridir:
«Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir...».
KÖÇKÜNLƏR DİQQƏT MƏRKƏZİNDƏ
«Azərbaycan» qəzetində isə «Məcburi köçkünlərin sosial müdafiəsi diqqət mərkəzindədir» sərlövhəli məqalə yer alıb.
Müəllif yazır ki, köçkünlərin sosial müdafiəsində xüsusilə Birinci vitse-prezident Mehriban Əliyeva böyük işlər görür:
«Mehriban xanım Əliyevanın fəaliyyətində insanlara diqqət, qayğı, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas diqqəti məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltməsidir».
Yazıda qeyd edilir ki, Birinci vitse-prezident kimi M.Əliyeva ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr edib.
Müəllif mərasimdə çıxış etmiş M.Əliyevadan sitat da gətirir:
«Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlib».
Yazıda bildirilir ki, bu il Masazır qəsəbəsində «Yeni Bakı» yaşayış kompleksində 164, «Binəqədi Gənclər şəhərciyi»ndə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
Müəllif vurğulayır ki, son 23 ildə bu qəbildən olan insanların problemlərinin həllinə 6 milyard manatdan çox vəsait yönəldilib.