Zimbabve prezidenti Robert Muqabe uzun müddətdən bəri müttəfiqi olan vise-prezidenti vəzifəsindən kənarlaşdırıb.
Politoloqlar bildirirlər ki, bu sərəncamı ilə prezident ölkənin birinci ledisi Qreys Muqabenin vise-prezident vəzifəsinə gətirilməsi üçün yol açıb.
Ölkə konstitusiyasına görə vise-prezident postunu tutan şəxs 93 yaşlı Muqabenin siyasi varisi sayılır.
Zimbabve İnformasiya Nazirliyinin bu barədə bəyanatına görə, Muqabe, Emmerson Mnanqaqvanı “qeyri-loyallıqda, hörmətsizlikdə, dönüklük və etibarsızlıqda” ittiham edib.
The Guardian və CNN xəbər verir ki, Mnanqaqvanın işdən çıxarılması Qreys Muqabenin hakim Zanu-PF partiyasının gələn ay keçiriləcək xüsusi qurultayında vise-prezident elan edilməsinin gözləndiyini göstərir.
Cənubi Afrika təhlilçisi Tinaşe Jakva deyib ki, “birinci ledi hakim Zanu partiyasının əhəmiyyətli dəstəyinə malikdir”.
Lakin problem bundan ibarətdir ki, hakim partiyanın nizamnaməsi vise-prezident vəzifəsinin qadınların gətirilməsinə icazə vermir.
Buna görə də gözlənilir ki, elə bu xüsusi qurultayda bu maneə nizamnaməyə düzəlişlə aradan qaldırılacaq.
Avqust ayında Qreys Muqabe Cənubi Afrika Respublikasında model Gabriella Engelsi elektrik məftili ilə döyməkdə ittiham edilmişdi.
Habelə birinci ledinin xaricdə aldığı dəbdəbəli mülklər və avtomobillərdən bəhs edən media xəbərləri çox yoxsul yaşayan sadə zimbabveliləri qıcıqlandırır.
Cənubi Afrikanın hüquq-mühafizə orqanları Zimbabve birinci ledisini ölkədən buraxmaq istəmirdilər. Ona qarşı cinayət təhqiqatına başlanmışdı.
Sonradan ərinin xahişi ilə azad edilən Qreys Muqabeyə diplomatik toxunulmazlıq da verilmişdi.
Lakin bu da xəbər verilir ki, birinci ledinin vise-prezidentlik yarışında rəqibi ola bilər.
Müdafiə naziri Sidney Sekermayinin vise-prezidentliyə namizədliyini verəcəyi gözlənilir.
O hakimiyyət nərdivanında “ən qaranlıq və müəmmalı fiqurlardan” biri sayılır.