Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:07

Rusiyaya bəzi sanksiyalar ‘qaldırılsın’


Giuseppe Conte
Giuseppe Conte

İtaliyanın populist yeni baş naziri Giuseppe Conte deyir ki, hökumətinin prioritetləri qanunsuz miqrasiyaya son qoymaq və Rusiyayla əlaqələri möhkəmləndirmək olacaq.

“Rusiyaya qarşı açılımı təbliğ edəcəyik”, – deyən Conte “mülki cəmiyyətə” ziyan vuran Avropa Birliyi sanksiyalarına son qoymağın buraya daxil olduğunu sözlərinə əlavə edib.

O, parlamentin yuxarı palatasında çıxış edib. İyunun 5-də keçirilən səsvermədə parlament 171-117 səs fərqiylə yeni populist koalisiya hökumətini dəstəkləyib.

İyunun 6-da parlamentin aşağı palatasının da yeni hökuməti təsdiqləyəcəyi gözlənir.

İtaliyanın yeni liderləri iyunda iki mühüm tədbirdə iştirak edəcəklər. İyunun 8-9-da Kanadada Böyük Yeddiliyin sammiti keçiriləcək. AB-nin Brüssel sammitində isə regiondakı qaçqın böhranı, avro blokdakı islahatlar müzakirəyə çıxarılacaq.

Avstriyanın kansleri Sebastian Kurz və Rusiya prezidenti Vladimir Putin
Avstriyanın kansleri Sebastian Kurz və Rusiya prezidenti Vladimir Putin

Conte deyib ki, AB üzvləri ilə görüşlərdə sanksiyalar sisteminə yenidən baxılmasını istəyəcəklər. O, seçki kampaniyası zamanı Rusiyayla əlaqələrin yaxşılaşdırılacağını vəd edirdi.

POPULİST HÖKUMƏTLƏR VƏ PUTİN

Bu arada Rusiya prezidenti Vladimir Putin Avstriyaya səfəri zamanı deyib ki, “hər kəs sanksiyaların qaldırılmasında maraqlıdır, elə biz də”. Avstriyada da populist, rusiyapərəst hökumət hakimiyyətdədir.

Putin hökumətinin Avropadakı parçalanma yaratmağa çalışması barədə deyilənləri də səfər öncəsi təkzib edir. Moskvanın ifrat sağçı, populist partiyaları dəstəkləməklə bu yöndə iş apardığı iddia olunur.

Əslən macar olan amerikalı milyarder və filantropist George Soros Rusiyanın İtaliyada Liqa partiyasını maliyyələşdirməsi haqda bu həftə məsələ qaldırıb. Partiya və Kreml bu iddiaları təkzib edib.

Miqrantlar
Miqrantlar

Conte isə yeni hökumətin ilk növbədə miqrasiya məsələsi üzərində işləyəcəyini deyib. O, ölkədə ksenofobiyanın artması iddialarını rədd edib.

2013-cü ildən İtaliya 700 min miqrant qəbul edib. Onlardan çoxu Aralıq Dənizini keçməklə Afrikadan gəlib.

Conte hökuməti miqrant və qaçqınların AB üzvləri arasında bərabər paylanmasına çağırır. Şərqi Avropa ölkələri isə buna qarşı çıxır.

“İrqçi deyilik, heç vaxt da olmayacağıq”, – Conte vurğulayıb. O, ölkəyə qanuni şəkildə gələn hər bir miqrantın hüquqlarının müdafiə olunacağını bildirib.

Sağ qanad Liqa partiyasının lideri Matteo Salvini hazırda daxili işlər naziri postunu tutur. O, iyunun 2-də yürüşdə deyib ki, İtaliya “Avropanın qaçqın düşərgəsi”nə çevrilə bilməz, miqrantlar üçün “yaxşı həyat bitib” və onlar “çantalarını toplamalıdırlar”.

XS
SM
MD
LG