Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:27

Trump NATO başçısı ilə görüşdə alyans üzvlərini tənqid edib


Prezident Donald Trump (solda) və NATO-nun baş katibi Jens Stoltenberg
Prezident Donald Trump (solda) və NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg hərbi alyansa “qəti sədaqətinə” görə ABŞ prezidenti Donald Trump-a təşəkkürünü bildirib, hərçənd prezident müttəfiqlərin öz müdafiələri üçün daha çox pul ödəməli olduqları barədə tələblərini xatırladıb.

Trump aprelin 2-də Ağ Evdə NATO-nun baş katibi ilə görüşündə bunu da deyib ki, o, Rusiya ilə daha yaxşı münasibətlərin qurulacağına ümid edir.

Trump Qərbin Əfqanıstanda “böyük irəliləyişlərə” nail olduğunu bildirib, lakin oradakı müharibənin 18 il davam etməsini “təəssüf doğuran” və “axmaqlıq” adlandırıb.

Vaşinqtona NATO-nun yaradılmasının 70 illiyini qeyd etmək üçün səfər etmiş Stoltenberg deyib ki, Trump-ın alyans üzvlərinin də ABŞ-ın “yükünü bölüşdüməsinə” etdiyi çağırşlar NATO daxilində üzv ölkələrin müdafiə xərclərinin artmasına səbəb olub.

O deyib ki, indi bu sahədə əvvəlki illərdən qat-qat çox iş görülür:

“NATO güclü alyansdır, lakin güclü alyans kimi qalmaq üçün ədalətli olmalıdır. Buna görə də müttəfiqlər müdafiələrinə daha çox investisiya etməlidirlər”.

Lakin NATO üzvlərini öz müdafiə xərclərini razılaşdırılmış həddə, yəni ümumi daxili məhsulun 2 faizinə və “hələ bundan da artığına” çatdırmağa çağıran Trump deyib ki, alyansın əsas üzvləri bu hədəfə çatmayıblar.

Trump deyib: “Biz bəzi müttəfiqlərimizin öz paylarını ödəməsi üçün birlikdə çox iş görmüşük. Buna yükün bölüşdürlməsi deyirlər. Biz son iki ildə baş verənlərlə fəxr edirik...Başqa NATO ölkələri əlavə olaraq nəhəng pullar ödəyiblər”.

Lakin ABŞ prezidenti Birləşmiş Ştatların ən yaxın müttəfiqlərindən biri olan Almaniyanı misal gətirərək deyib ki, Berlin müdafiə xərclərini artırmaq barədə vədlərinə əməl etmir:

“Onlar ödəməli olduqları pulu ödəmirlər. 1 faizə yaxın ödəyirlər. Amma 2 faiz ödəməlidirlər”.

Trump daha sonra deyib: “ABŞ hərbçiləri Avropanı qoruyurlar. Biz Birləşmiş Ştatlardan sui-istifadə edən ölkələri müdafiə edirik”.

ABŞ prezidenti xatırladıb ki, NATO-nun maliyyə yükünü əsasən ABŞ çəkir.

Aprelin 2-də öz administrasiyasının “Rusiyanın alyansa və Birləşmiş Ştatlara təhlükə olaraq qalması” barədə bəyanatına baxmayaraq Trump deyib ki, o, Moskva ilə daha yaxşı münasibətlər istəyir:

"Mən ümid edirəm ki, Rusiya ilə yaxşı münasibətlərimiz olacaq. Düşünürəm ki, biz Rusiya ilə yola gedəcəyik”.

Bundan əvvəl keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi demişdi ki, Rusiyanın Qərb və ABŞ üçün təhlükə təşkil etməsi aprelin 4-də Vaşinqtonda keçiriləcək NATO görüşündə gündəliyin əsas məsələsi olacaq.

XS
SM
MD
LG