Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Trump WikiLeaks ‘havası’nı dəyişir - Qərb mediası


Donald Trump
Donald Trump

“WikiLeaks” barədə heç nə bilmirəm. ABŞ Prezidenti Donald Trump bunu qalmaqallı saytın yaradıcısı Julian Assange Ekvadorun Londondakı səfirliyində saxlanandan sonra deyib. “The Associated Press” agentliyi Trump-ın 2016-cı ildə prezident seçkisi kampaniyasının son həftələrində Assange-nın haker təşkilatını necə təriflədiyini yada salır.

“Bu mənim işim deyil… Onu barəsində heç nə bilmirəm”, – dünən – aprelin 11-də Ağ evdə Trump-dan səs-küylü həbs haqda soruşanda cavabı belə olub.

Ancaq agentlik qeyd edir ki, WikiLeaks 2016-cı ildə Demokratların namizədi Hillary Clinton-un yazışmalarını yayanda Trump bunu alqışlamışdı. Trump və müttəfiqləri Clinton-un kampaniya meneceri John Podesta-nın sızdırılmış yazışmalarından silah kimi istifadə elədi. Agentlik Trump-ın seçki kampaniyası müddətində WikiLeaks-i 100 dəfədən artıq təriflədiyini vurğulayır.

Julian Assange
Julian Assange

“WikiLeaks-i sevirəm”, – Trump Pensilvaniyada demişdi.

“Bu WikiLeaks qiymətli bir xəzinədir”, – Trump Miçiqanda söyləmişdi.

“WikiLeaks-i oxumağı sevirəm”, – o, Ohayoda vurğulamışdı.

Assange dörd il idi ki, ABŞ Ədliyyə Departamentinin də diqqətində idi, WikiLeaks-in minlərlə hökumət sirrinin yayılmasındakı rolu araşdırılırdı. O, xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqında əsas fiqur sayılırdı. Müstəntiqlər WikiLeaks-in demokratlardan oğurlanmış emailləri necə ələ keçirdiyi öyrənirdilər.

Ədliyyə Departamenti Assange-a kompüterə haker hücumundakı roluna görə ittiham irəli sürüb. Onun vəkili isə daha öncə demişdi ki, Birləşmiş Ştatların ittihamına qarşı mübarizə aparacaq.

Dünyada məhbus əməyi

Dünyada 11 milyon məhbus var və onların çoxu əməyə cəlb olunub. Ekspertlərdən kimsə bunu istismar kimi dəyərləndirir, kimsə də günahın yuyulması kimi. Bu haqda “Reuters” agentliyi yazır.

İllüstrativ foto
İllüstrativ foto

Məhbuslar əməyə əsrlər boyunca cəlb olunublar. İngiltərədə 18-ci əsrdə su kanalları qazıblar, sovet düşərgələrində silah hazırlayıblar.

Birləşmiş Ştatların məhbuslarla bağlı “Nelson Mandela Qaydaları”nda deyilir ki, məhbuslar “kölə” kimi saxlanmamalı, yaxşı maaş almalı, normal iş şəraiti ilə təmin olunmalıdırlar.

Ən çox məhbus Birləşmiş Ştatlar və Çindədir – uyğun olaraq, 2,1 milyon və 1,65 milyon. Çində həbsxanalarda məcburi əmək şəbəkəsi yaradılıb və ixraca məhsullar hazırlanır – ayaqqabıdan tutmuş, Milad bəzəkləri qədər. Bu haqda ABŞ hökumətinin hesabatında söz açılırdı.

ABŞ-da məhbusların bir saatlıq işinə 1 dollardan az maaş kəsilir. Məhbuslar 2018-ci ildə tətil edərək minimum əməkhaqqı, daha yaxşı iş şəraiti tələb etmişdilər.

Şimali Koreyada isə həbsxana düşərgələrində 200 minədək məhbus və onlar öz məzarlarını qazırlar. Bunu Amnesty International insan haqları təşkilatı bildirir.

IBM, J.C. Penney Victoria's Secret kimi brendlərin də həbsxana əməyindən istifadə edəcəyi bildirilir.

Prison Blues cins firması və Danimarkanın Carcel brendi məhbus əməyindən istifadə edirlər, ancaq məhbuslara az maaş verildiyini nəzərə alanda bu, ziddiyyət yaradıb.

Məhbuslarla bağlı bəzi innovativ layihələr də var. Məsələn, Britaniyada məhbuslara aşpaz təlimi keçilir. Efiopiyada məhbusların müstəqil kooperativ yaratmasına, azadlığa çıxandan sonra da işlə təmin olunmasına şərait yaradılır.

Şəhərlər öz ətrafını necə qurudur

Şəhərlərin genişlənməsi daha çox suyun işlənməsinə səbəb olur və bu da iqlim dəyişikliyi effekti yaradır, ətraf kənd ərazilərin “tozlu və səhralıq” məkanlara çevrilməsinə səbəb olur. Alimlər belə bir xəbərdarlıqla aprelin 11-də çıxış ediblər.

Qazaxıstanda bənd tikilir, mart, 2019-cu il
Qazaxıstanda bənd tikilir, mart, 2019-cu il

Beynəlxalq tədqiqatçılar qrupu hesablayıb ki, hər il şəhər kənarından şəhərlərə azı 16 milyard kubmetr su vurulur. Bu, Birləşmiş Ştatlarda Kolorado çayının illik axınına bərabərdir.

Digər tərəfdən, BMT-nin hesablamasına görə, 2050-ci ilədək şəhərlərə 2,5 milyard əlavə əhali köçəcək.

“Urbanizasiya şəhərlərlə kənd təsərrüfatı arasında rəqabəti gücləndirir”, – hesabatın əsas müəllifi, Oksfort Universitetinin Sahibkarlıq və Ətraf Mühit üzrə Smith Məktəbindən Dustin Garrick deyib.

Onun sözlərinə görə, dünya bu duruma yaxşı hazır deyil, əsas səbəb də məlumat çatışmazlığıdır. Bu, özünü əsasən Cənubi Amerika və Afrikada göstərir.

Hesabatda kəmər və bəndlərdən ibarət 100-dən artıq layihə dəyərləndirilib. Onlar vasitəsilə Şimali Amerika və Asiyada 69 şəhərə su yönləndirilib və 383 milyon nəfərin ehtiyacı dəstəklənib.

XS
SM
MD
LG