Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun bəzi hissələrində uşaqların piylənmə səviyyəsi yüksəkdir və bununla mübarizə aparılır. ÜST-nin Avropa bölümü yeni hesabat açıqlayıb.
İkinci bir araşdırma isə göstərir ki, ana südüylə heç vaxt qidalanmayan, yaxud müntəzəm qidalanmayan körpələr uşaqlıq dövründə daha artıq piylənmədən əziyyət çəkirlər.
Avropa Piylənmə Konqresinin Qlazqoda açıqladığı hər iki araşdırmada deyilir ki, region boyunca uşaqların köklük problemi ilə mübarizə yavaş gedib, davamlı olmayıb.
Uşaqlarda kəskin piylənmə dərhal və uzunmüddətli ürək-damar xəstəliyi, həzm problemləri, sağlamlığa digər fəsadlar yarada bilər. Kök uşaqlarla kəskin piylənməsi olanları müqayisə edəndə sonuncuların daha pis kardio-metabolik risk faktoru ilə üzləşdiyi bəlli olur.
400 min uşaqda piylənmə gedir
ÜST-nin yeni araşdırmasına görə, Avropanın 21 iştirakçı ölkəsində 6-9 yaşlı 13,7 milyon uşağın demək olar, 400 minində kəskin piylənmə gedir.
Kəskin piylənmə ciddi ictimai xəstəlikdir və araşdırma Avropa regionunda xeyli sayda uşağın ondan əziyyət çəkdiyini göstərib. Onun təhsilə, səhiyyəyə, sosial müdafiəyə və iqtisadiyyata təsirini nəzərə alsaq, yeni hesabat köklüyün bir sıra yanaşmalarla yoluna qoyulmalı olduğunu vurğulayır, profilaktikadan tutmuş erkən diaqnoza və müalicəyə qədər.
İkinci hesabatda isə 22 ölkədə köklüklə ana südüylə qidalanma arasında əlaqə öyrənilib. ÜST körpənin ilk 6 ayında ancaq ana südüylə qidalanmasını tövsiyə edir. Ondan sonra körpələrə əlavə qidalar da verilməlidir, ancaq ana südüylə qidalanma 2 yaşınadək, hətta ondan sonra da davam etdirilə bilər.
Araşdırmaya görə, demək olar bütün ölkələrdə uşaqların 77 faizindən çoxu ana südü içib. Bəzi istisnalar da var. İrlandiyada uşaqların 46 faizi ana südünün dadını da bilməyib, Fransada 38, Maltada isə 35 faiz uşaq barədə bunu demək olar.
Yalnız dörd ölkədə uşaqların 25 faizindən çoxu 6 ay, yaxud ondan da artıq müddətə ana südüylə qidalanıb: Tacikistan (73%), Türkmənistan (57%), Qazaxıstan (51%) və Gürcüstan (35%).