“Birinci mərtəbədə növbətçi hissənin arxasındakı dəhlizdə 30-a qədər adamı dizüstə üzü divara oturdub, əlləri boyunlarının arxasında saxlamışdılar. 7-8 nəfər “spetsnaz”ın polisləri də arxadan kürəklərinə, başlarına yumruq-təpiklə vururdu. Məni də onlara təhvil verdilər. Dedilər ki, “Samiri yıxan adam budur”. Onlar da məni yerə yıxıb belimə çıxdılar, ikisi belimdə tullanırdı. Məni o qədər döydülər ki, iki ay nə öskürə, nə də asqıra bildim...”, – Gəncə hadisələrinə görə həbs olunan Bəkrəm Əliyev məhkəmədə danışır.
O, Gəncədə ötən il iyulun 10-da keçirilən aksiya zamanı polis əməkdaşlarından Gəncə şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti taborunun rəis müavini Samir Bayramovu yerə yıxmaqda suçlanır.
Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə yerə bölünüb. Bəkrəm də daxil, 8 nəfərin işinə hazırda Sabunçu Rayon Məhkəməsində, ancaq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu qrupdakı təqsirləndirilən şəxslərdən Şahin Verdiyevin səhhətində yenə problem yaranıb. Bundan öncə də bir neçə dəfə Ş.Verdiyevin durumu məhkəmədə pisləşib, Təcili Tibbi Yardım çağrılıb. Onun sağlıq durumu prosesdə iştirakına imkan vermədiyinə görə, iyunun 25-də hakim yenə də məhkəməni təxirə salmaq məcburiyyətində qalıb.
"OTAĞA KİM GİRİRDİ, MƏNİ VURURDU"
Ş.Verdiyevlə birlikdə mühakimə olunan şəxslərdən B.Əliyev məhkəmədə işgəncələrdən danışıb. O bildirib ki, Bakıya gələndə postda saxlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şöbəsinə, oradan da Gəncənin Nizami Rayon Polis İdarəsinə aparıblar:
“İdarədə rəisin otağında mənə video göstərdilər. Soruşdular ki, videodakı sənsən? Dedim, bəli, mənəm. O polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim. Məni başqa otağa apardılar. Orada üç nəfər mülki geyimli vardı, başladılar məni döyməyə. Vura-vura yerə yıxıb təpiklədilər. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. Üç nəfər dayanmadan başıma, belimə, böyrəklərimə təpiklə vururdu. Sonra otağa başqa adamlar da gəlirdi. Gələn-gələn də soruşurdu ki, bu kimdi? Deyirdilər, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu. Samir Nizami rayonunun polisi olmuşdu, ona görə iş yoldaşları mənə zülm elədilər”.
Bəkrəm danışır ki, polis idarəsində olanda Samir Bayramov özü də ora gəlib, əlində çəlik olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, həm Samir özü, həm də onunla birlikdə gələn digər polislər də onu döyüb:
“Samir əlindəki çəliklə başıma, bədənimə, harama gəldi, vururdu”.
B.Əliyev bildirir ki, sonra onu birinci mərtəbədə növbətçi hissənin arxasındakı dəhlizdə başqa tutulanlarla birlikdə də döyüblər. Orada döyülənlərdən ikisinin huşunu itirdiyini, polislərin onları vedrə ilə soyuq su töküb ayıltdıqlarını deyən Bəkrəmin sözlərinə görə, sonra onu Kəpəz Rayon Polis İdarəsinə gətiriblər. Təqsirləndirilən şəxs orada da işgəncəyə məruz qaldığını, hətta polislərdən birinin ona qarşı nalayiq hərəkət etmək istədiyini, bu üzdən başını divara vurub partlatdığını bildirir.
"XOCALI ZÜLMLƏRİNİ ÖZ ÖLKƏMDƏ ÇƏKDİM"
B.Əliyevin dediyinə görə, Gəncənin Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçiləndən sonra istintaq təcridxanasına yox, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb:
“Bir otağa saldılar. Əllərim qandallı idi. İki nəfər mülki geyimli “dubinka” ilə döyməyə başladı. Halsız idim. Çeçelə barmağıma nəsə bağlayıb, tok verdilər. Qışqırmaqdan səsim batmışdı. Barmaqlarımın ikisinin əti parçalanmışdı. Orada biri vardı, saçımı yolub qabağıma tökürdü. Yeddi gün Nizami Rayon Polis İdarəsində, 15 gün də “banditizm”dəki işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər. Xocalıda ermənilərin bizim millətə etdiyi zülmləri görəndə, oxuyanda nə qədər pis oluruq. O zülmləri mən öz ölkəmdə çəkdim...”
Bu qrupun məhkəməsi təqsirləndirilən şəxslərdən Ş.Verdiyevin durumu ilə əlaqədar iyunun 27-nə təxirə salınıb.
Ş.Verdiyevin bacısı Nigar Verdiyeva AzadlıqRadiosu-na bildirib ki, qardaşının durumu hələ də düzəlməyib.
Bu üzdən iyunun 27-də də məhkəmədə iştirakının mümkün olub-olmayacağı məlum deyil:
“O, məruz qaldığı işgəncələr nəticəsində sağlamlığını itirib. Bir müddət öncə insult olmuşdu. Axır vaxtlar durumu yenə də pisləşib. Ağzı əyilib, əl-ayağı tutulub. Çətinliklə nəfəs alır”.
Ş.Verdiyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılır.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.