Bakıda 3 yeni ikidilli kitab işıq üzü görüb.
Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri və müxtəlif hekayələri əsasında tərtib olunmuş kitabların tərcüməçiləri «Xarici Dillər»in müəllimləri Cəfər Cəfərov və Əminə Əliyevadır.
Bu tərcümələr alman oxucusu üçün maksimal dərəcədə adaptasiya olunub.
«Həqiqi Lətifələr» kitabının tərcüməçisi və tərtibçisi Rafiq Məmmədli, redaktoru isə Arifə Kazımovadır. Kitabın adından da görünür ki, burada toplanmış lətifələr adi deyil, «həqiqi»dir, yəni dünyaca məşhur adamların başına gəlmiş, məzəli və müdrik əhvalatlardan ibarətdir.
AzadlıqRadiosu-nun oxucularının diqqətinə kitabdan bir lətifə çatdırırıq:
Moskvanın məşhur simfonik orkestri Londona gəlir. London və Moskva orkestrlərinin direktorları bir-biri ilə söhbət edərkən London orkestri direktoru o birindən soruşur: «Kolleqa, zəhmət olmasa deyin, doğrudur ki, sizdə hələ də antisemitizm hökm sürür?»
«Harada axı?», – rus cavab verir, «baxın, mənim orkestrimdə 63 musiqiçi var, onlardan 43-ü yəhudidir, indi siz deyin, sizin orkestrdə neçə yəhudi var?»
«Mən bilmirəm, biz onları heç vaxt saymamışıq...»
Kitabları «Ağac» yayınları və «Mammadli.az» nəşriyyatı hazırlayaraq çap edib.