Rusiya Kaliforniyada mənzillənən Google şirkətini Moskva etirazlarına görə günahlandırdığı Qərb qurumlarının siyahısına salıb. Kreml onları moskvalıları icazəsiz etirazlara çağırmaqda suçlayır.
Rusiyanın media tənzimləyicisi olan Roskomnadzor avqustun 11-də yaydığı bəyanatda Google-nun YouTube videopaylaşım platformasının yürüşləri təbliğ etdiyini bildirib. Bundan bir gün öncə isə son 8 ildə Kremlə qarşı ən böyük etiraz keçirilib.
ABŞ-da mənzillənən texnologiya şirkətinə məktubunda Roskomnadzor Google-dan xahiş edir ki, belə “qanunsuz kütləvi tədbirlər”in reklamını dayandırsın.
İttihamlar rədd olunur
“Əldə olunan informasiyaya görə, YouTube kanalı olan bir sıra qurumlar icazəsiz kütləvi tədbirlərə görə narahatedici informasiya yaymaq məqsədilə reklam alətləri alıblar…” – Roskomnadzor bəyanatında bildirir.
Kremlin hücumundan bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump deyib ki, Amerika seçkilərinə qərəzə görə “Google-nu çox diqqətlə izləyir”.
Moskva isə etirazları həvəsləndirdiyinə görə ABŞ hökumətini və Almaniyanın maliyyələşdirdiyi Deutsche Welle (DW) suçlayıb. İyulun sonundan hər həftə keçirilən yürüşlərdə Moskva bələdiyyə seçkilərinə müstəqil və müxalifət namizədlərinin qeydiyyata alınması tələb olunur.
Avqustun 9-da Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin yüksək çinli diplomatını çağırıb, ona 3 avqust yürüşünün marşrutu üçün təklif olunan xəritənin dərcinə görə etiraz bildirib.
Bir gün öncə isə Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili rusiyalı informatordan belə bir xəbər alıb ki, etirazlara iddia olunan çağırış “təkrarlanarsa, Rusiya Deutsche Welle-ni məsuliyyətə cəlb etmək hüququnu saxlayır”.
“DW bu iddiaları rədd edir, onların müxbiri Sergei Dik-in həbsiylə bağlı olduğuna inanır”, – DW bəyanatında bildirib. Müxbir 27 iyul yürüşünü işıqlandırarkən saxlanıb. Həmin yürüşü polis zorakılıqda dağıtmışdı.
Birləşmiş Ştatlar da iddiaları əsassız sayaraq rədd edib.
Avqustun 10-da Moskvada və azı beş başqa şəhərdə etirazlarda 60 minədək adam müstəqil namizədlərin bələdiyyə seçkilərinə buraxılmasını tələb edib.
Bir videoya 1,4 milyon baxış olub
Polis bu yürüşə 20 minədək adamın qatıldığını bildirib.
Bu yürüşdə əvvəlkilərdən 3 dəfə daha çox etirazçı iştirak edib. Bundan öncə populyar rusiyalılardan Youtube ulduzu Yury Dud, reper Oxxxymiron, komediyaçı Danila Poperechny sosial media səhifələrində milyonlarla abunəçini etirazlarda iştiraka çağırıblar. Dud və Oxxxymiron öncəki etirazların polis tərəfindən dağıdılmasını pisləyib.
Dud-un Youtube-da 5 milyon, Poperechny-nin 2,5 milyon, Oxxxymiron-un 1,3 milyondan çox izləyicisi var.
Rusiyalı jurnalist Ilya Varlamov-un 10 avqust etirazından dörd dəqiqəlik videoya Youtube kanalında 1,4 milyondan çox izləyici baxıb.
Rusiyada media orqanları dövlətin nəzarətində olduğundan hakimiyyət sosial medianı sıxışdırmağa çalışır. Google kimi internet şirkətlərindən tələb olunub ki, yerli istifadəçilər barədə informasiyanı ölkədə saxlasın. Google isə indiyədək bundan imtina edib və cərimələnib.