Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:42

Cahangir Hacıyevə yenidən hökm oxundu


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri, bundan öncə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevə sentyabrın 5-də yenidən hökm oxunub. Bu dəfə o, əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib.

2015-ci il dekabrın 4-dən həbsdə olan C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

Bu işdə təqsirləndirilən şəxslərdən keçmiş deputat Dünyamin Xəlilova 14 il 6 ay, C.Hacıyevin bacanağı, «Intertobacco» tütün zavodunun sabiq rəhbəri İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay həbs cəzası kəsilib.

Qalan 18 nəfərə isə 2 il sınaq müddəti təyin edilməklə, 5 ilə qədər şərti cəza verilib. Onlar istintaq və məhkəmə dövründə də həbsdə deyildilər. Şərti cəza alanlardan bir neçəsinin əmlakına həbs qoyulmuşdu. Məhkəmənin hökmüylə onların əmlakları üzərindəki həbs götürülüb.

Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə prezidentin sərəncamıyla yaradılan «Aqrarkredit» QSC də bu işdə zərərçəkən qismində tanınmışdı. Bu qurum təqsirləndirilən şəxslərə qarşı 4.1 milyard manatlıq mülki iddia qaldırmışdı. Həmin məbləğin müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulmasını istəyirdi. Məhkəmə mülki iddianı qismən təmin edib, həm də təqsirləndirilən 21 nəfərdən yalnız 3-nə münasibətdə. Yəni, məhkəmə mülki iddianın təmin olunan hissəsinin C.Hacıyev, D.Xəlilov və İ.Hidayətzadədən tutulmasına qərar verib.

C.Hacıyevə təqsirləndirildiyi maddələrdən ikisi - CM-nin 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cəza verilməyib. Hakim hökmdə göstərib ki, bu maddələrlə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

Vergilər Nazirliyi də məhkəmədə 1 milyon 750 min manatlıq mülki iddia qaldırmışdı. Nazirliyin mülki iddiası təmin edilməyib. Çünki D.Xəlilov haqqında bundan əvvəlki hökmdə həmin məsələ həll olunub.

C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəmişdi. D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG