Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:41

Senator Türkiyənin F-35 proqramına qaytarılmasını istəyir


Vladimir Putin (solda) və Recep Tayyip Erdogan Ankarada görüşür, 16 sentyabr, 2019-cu il
Vladimir Putin (solda) və Recep Tayyip Erdogan Ankarada görüşür, 16 sentyabr, 2019-cu il

ABŞ Senatoru Lindsey Graham Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə proqramına qaytarılmasını istəyir. O, Türkiyəylə azad ticarət sazişinin mümkünlüyündən də danışıb.

Cənubi Karolina ştatından olan senator sentyabrın 22-də Nyu Yorkda Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la görüşüb. Dünya liderləri bu həftə BMT Baş Məclisinin 74-cü sessiyasına yığışırlar.

“Ümid edirəm, Türkiyəylə daha strateji münasibət yarada bilərik. Bu vacibdir. Onları F-35 proqramına qaytarmağa çalışın”, – Graham jurnalistlərə deyib.

Lindsey Graham (sağdan öndə)
Lindsey Graham (sağdan öndə)

Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alandan sonra ABŞ NATO üzvü Türkiyəni bu proqramdan çıxarıb.

Vaşinqton Erdogan-a xəbərdarlıq edib ki, Rusiyadan havadan müdafiə sisteminin alınması Birləşmiş Ştatların Türkiyəyə qarşı avtomatik olaraq sanksiyaları işə salması deməkdir.

ABŞ və NATO rəsmiləri Türkiyənin S-400 almasına qarşı çıxır, bunun alyansın sistemlərinə uyğun gəlmədiyini, F-35 qırıcılarına təhlükə yarada biləcəyini deyib.

Türkiyə isə proqramdan çıxarılmasını “ədalətsiz” adlandırıb, ABŞ-a xəbərdarlıq edib ki, bu addım bərpaolunmaz ziyan vurar.

Təhlilçilərin fikrincə, Türkiyənin F-35 proqramından çıxarılması onu Rusiyanın ağuşuna daha çox sürükləyər. Erdogan ötən ay rusiyalı həmkarı Vladimir Putin-lə iki dəfə görüşüb.

Graham Türkiyənin Suriyada Birləşmiş Ştatlara göstərdiyi yardımı alqışlayıb, bu ölkəylə daha yaxşı ticarət münasibətinin mümkünlüyün qaldığını deyib.

“Birləşmiş Ştatlar “azad ticarət sazişi məsələsini qaldıra bilər, çünki Türkiyə təkcə Suriyada deyil, bütün regionda vacib müttəfiqdir”, – senator vurğulayıb.

XS
SM
MD
LG