Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Media Liviyada onlarca rusiyalı döyüşçünün öldürüldüyünü yazır


AzadlıqRadiosunun Rus xidməti Rusiya və Qərb mediasına istinadən yazır ki, Liviya ərazisində davam edən vətəndaş müharibəsində 10-dan 35-dək rusiyalı muzdlu döyüşçü həlak olub.

Bu barədə Meduza nəşri “öz mənbələrinə” istinadən yazıb.

Liviyada həlak olmuş rusiyalıların sayına dair dəqiq rəqəmlər yoxdur.

Meduza yazır ki, Liviyada həlak olmuş rusiyalılar Krasnodar diyarından, Sverdlovsk və Murmansk vilayətlərindəndirlər.

Meduza onlardan bəzilərinin kimliyini müəyyənləşdirə bilib. Bunlar yekaterinburqlu, “Xalk” ləqəbli Artyom Nevyantsev, “Benya” ləqəbli İgnat Borchiyev-dir.

Krasnodar diyarından olan rusiyalının soyadını müəyyənləşdirmək mümkün olmayıb, lakin onun adı və ləqəbi məlumdur: Denis – “Vektor”.

Meyitlər soyuducularda saxlanır

Rusiyanın özəl hərbi şirkəti Vagner-dən olan müsahib Meduzaya deyib ki, muzdluların birinci dəstəsinin komandiri, “Ratibor” ləqəbli Aleksandr Kuznetsov ağır yaralanıb və Liviyadan Sankt Peterburqa gətirilib.

Mənbənin sözlərinə görə Vagner şirkətinin muzdlu dəstələrindən birinin vzvod komandiri Vadim Bekshenov itkin sayılır.

Meduza Liviyada həlak olmuş iki nəfərin qohumlarına istinadən yazır ki, Sverdlovsk vilayətinə itkilər barədə ilk məlumat sentyabrın 28-də çatıb.

Murmansk vilayətinə ölənlərdən birinin nəşinin gətirildiyi xəbər verilir. Onun yalnız ləqəbi bilinir – “Akademik”.

Bu da bildirilir ki, həlak olmuş döyüşçülərin ailələri onlarla əlaqələrini itiriblər.

Onlar nə Rusiyanın hərbi qurumlarından, nə də başqa strukturlardan məlumat ala bilməyiblər.

Meduza qeyd edir ki, ölənlərin cənazələri Rusiyaya yalnız oktyabrın sonlarında gətiriləcək.

Vagner şirkətinə bağlı mənbə bildirib ki, meyitlərin gətirilməsi Moskvada şəhər Dumasına seçkilərlə bağlı etiraz aksiyalarına görə ləngidilib.

Mənbə deyib ki, Liviyada rusiyalıların meyitlərini soyuducularda saxlayırlar. Onların sayının 30 olduğu bildirilir.

Donbasdan Liviyaya

Sentyabrın 27-də AzadlıqRadiosu rusiyalı muzdluların Liviyanın döyüş əməliyyatı bölgələrində çəkilmiş fotolarından yazmışdı.

Bu fotoşəkilləri ilk dəfə Conflict Intelligence Team (CIT) araşdrıma qrupu dərc etmişdi.

Fotolardan birində Buryatiya sakini Vladimir Andanovun olduğu iddia edilirdi.

“Vaxa” ləqəbi ilə tanınan bu şəxsin vaxtilə Ukraynanın Donetsk vilayətində separatçıların sırasında döyüşdüyü bildirilirdi.

Andanov-Vaxaya bənzəyən şəxsin şəklini ilk dəfə Necro Mancer adlı Twitter istifadəçisi görmüşdü.

AzadlıqRadiosu yazırdı ki, Vladimir Andanov qondarma Donetsk Xalq Respublikasında separatçıların tərəfində döyüşən ən məşhur rusiyalı hesab olunur.

Andanov Rusiya mediasına çəkinmədən müsahibələr verirdi. O Donbas Könüllüləri İttifaqının üzvüdür. 2018-ci ilin mayında Vladimir Putin Andanovu İgidiyinə görə ordeni ilə təltif edib.

Vladimir Andanov-Vaxaya Putin tərəfindən verilmiş orden
Vladimir Andanov-Vaxaya Putin tərəfindən verilmiş orden

Liviyada hərbi əməliyyatlar artıq bir neçə ildir ki, davam edir, lakin Rusiya bu münaqişədə iştirak etdiyini rəsmən etiraf etməyib.

Sentyabrın 25-də Bloomberg Liviyaya yüzdən çox Vagner muzdlusunun gətirildiyini yazmışdı.

Rusiyalı muzdlu hərbçilər Liviyanın beynəlxalq aləm tərəfindən tanınmış qanuni hökumətinə qarşı döyüşən general Khalifa Haftarın qoşunlarına dəstək verirlər.

Tripolidə oturan rəsmi hökumətə isə ABŞ başda olmaqla Qərb koalisiyası və Türkiyə kömək edir.

Martın əvvəllərində The Telegraph qəzeti yazmışdı ki, Liviyadakı Vagner döyüşçülərinin sayı 300-ü keçib.

Liviyada 2011-ci ildə Muammar Gaddafinin devrilməsindən bəri davam edən vətəndaş müharibəsində rusiyalıların iştirak etməsi barədə ilk dəfə 2017-ci ildə Reuters agentliyi xəbər vermişdi.

Ötən ilin noyabrında Moskvada Rusiya müdafiə naziri Sergei Shoigu ilə Haftar arasında keçirilən danışıqlarda, “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin də iştirak edirdi.

Vagner təşkilatını onun adı ilə bağlayırlar.

XS
SM
MD
LG