Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Biyan neft kimi gəlirli ola bilərmi?


Şirinbiyan
Şirinbiyan

Oktyabrın 28-də Ağdaşda Biyan Sənaye Parkının açılışı olub. AZƏRTAC-ın məlumatına görə, açılışda rayonda səfərdə olan prezident İlham Əliyev də iştirak edib.

Bununla da Azərbaycanın, hazırda biyan emal edən azsaylı ölkələrin sırasına qoşulacağı gözlənir.

Azərbaycan müxtəlif vaxtlarda biyanı xammal kimi bir çox ölkələrə ixrac edib. Hətta, 1992-ci ilin prezident seçkilərində namizədlərdən biri, akademik Nizami Suleymanov biyanın Azərbaycana böyük fayda gətirə biləcəyindən danışırdı. O deyirdi ki, Azərbaycanda yabanı bitən bu bitki ölkəyə az qala neft qədər qazanc gətirə bilər.

Doğrudanmı Azərbaycan biyanın emalından yüksək gəlir əldə edə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan” agentliyinə bildirib ki, biyanın emalı çox gəlirli sahəyə çevrilə bilər:

"Vaxtilə biyanla bağlı bir şirkət yaradıldı, rəhbəri da təyin edildi, amma sonra bu məsələ qaldı. Biyan həqiqətən də çox əhəmiyyətli bir kənd təsərrüfatı məhsuludur və müəyyən preparatların komponenti kimi istifadə olunur, dünyada bu bitkiyə tələbat çoxdur. Onun emalı çox gəlir gətirən, ölkəyə valyuta gətirə biləcək sahələrdən biridir. Azərbaycanda onu istehsal etmək üçün ciddi maneə yoxdur. Qalmışdı yalnız onu emal etmək. İndi bu da olacaq. Biyan düzgün emal edilsə, əlbəttə ki, bu Azərbaycanda çox gəlir gətirən sahə olacaq".

“Pambıqçılıqla bağlı da deyirdilər ki…"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna deyib ki, biyan heç vaxt neft kimi gəlir gətirə bilməz və bu sahədən gözləntilər pambıqçılıqdakı kimi puç çıxa bilər:

"Hakimiyyət düşünür ki, hər sahədən yüksək gəlir əldə etmək olar. Lakin Azərbaycan şəraitində buna nail ola bilmirlər. Pambıqçılıqla bağlı da deyirdilər ki, o, nefti əvəzləyəcək. İndi belə çıxışlar bitdi. Ümumiyyətlə, biyan kökünü Mərkəzi Asiya ölkələrində və Azərbaycanda istehsal edirlər və bu, o qədər də gəlirli sahə deyil. Çünki biyana xammal kimi də Azərbaycanda tələb olmadı".

Ekspert qeyd edib ki, Azərbaycanda biyan yetişdirilməsinə də, becərilməsinə də lazımi diqqət yetirilmir:

"Bununla məşğul olan fermerlərin sayı kəskin şəkildə azalıb. Onun emalı Azərbaycanda yüksək səviyyədə təşkil edilməyib, o xammal kimi minimal həcmdə xarici ölkələrə satılır".

“2008-ci ildə fabrik açılıb, açılışında prezident iştirak edib”

Vaxtıilə Biyan İstehsal Birliyinin (İB) rəhbəri işləmiş Gülağa Aslanlı da AzadlıqRadiosuna deyib ki, 2008-ci ildə Azərbaycanda artıq Biyan Emalı Fabriki yaradılmışdı, lakin müəssisə işləmədi:

"90-cı illərdə Biyan Emalı Zavodu tikilməli idi. Bu bizim planımızda var idi. Sonra hakimiyyət dəyişdi. 2001-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə Biyan İB Açıq Səhmdar Cəmiyyətinə çevrilib və mən rəhbərlikdən uzaqlaşdırıldım. Müəssisənin taleyi da acınacaqlı oldu. Bundan sonra 2008-ci ildə fabrik açılıb, açılışında prezident iştirak edib. Müəssisəyə 10 milyon sərmayə qoyulub və fabrikdə 300 nəfər işçi çalışmalı idi. Lakin mən sonra maraqlandım, müəssisə işləmədi. Bu gün açılmış Biyan Sənaye Parkına üç ay vaxt verirəm. Dediyim müddətdən sonra o da işləməyəcək".

Gülağa Aslanlı qeyd edib ki, biyan strateji bir məhsuldur və onun emal edilməsi ölkədə çox vacibdir.

"Vacib olsa da, bununla lazımı səviyyədə məşğul olan yoxdur…”

Prezident: «Belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır»

Amma parkın rəhbərliyi başqa fikirdədir.

AZƏRTAC-ın xəbərinə görə, açılış zamanı Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov dövlət başçısına məlumat verib ki, bu park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək:

«Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu... daxildir».

Habelə bildirilib ki, müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir: «Zavodda Türkiyənin «Bigtem» şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur, qablaşdırılır».

Prezidentə o da deyilib ki, Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur:

«Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin «Made in Azerbaijan» brendi ilə ixracı planlaşdırılır».

Prezident İlham Əliyev isə vurğulayıb ki, belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır, iş yerləri, ixracyönümlü məhsul yaradır, ölkəyə valyuta daxil olur.

«Yəni, görün, bunun nə qədər böyük əhəmiyyəti və faydası var», - deyə dövlət başçısı qeyd edib.

Xatırlatma

Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Şirinbiyanın müalicəvi təsiri hələ çox qədimdən insanlara bəlli olub. Hazırkı dövrdə şirinbiyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə istifadə olunduğu bildirilir.

XS
SM
MD
LG