Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:59

Senatorlar Gürcüstanda demokratiyanın ‘geriləməsi’ndən narahatdırlar


Tbilisidə iyun etirazı, 2019-cu il
Tbilisidə iyun etirazı, 2019-cu il

ABŞ-ın iki senatoru Gürcüstanın Baş naziri Giorgi Gakharia-ya məktubunda ölkənin demokratik institutların qurulması öhdəliyi üzrə “geriləməsindən” narahatlıq ifadə edib. Son bir həftədə Tbilisiyə artıq ikinci belə məktub göndərilir.

“Gürcüstanda demokratiya və idarəçiliyin zəiflədiyini göstərən son hadisələrdən getdikcə daha artıq narahat oluruq”, – Senatorlar Jim RischJeanne Shaheen yanvarın 29-da yayılmış məktubda yazırlar.

Risch senatın xarici əlaqələr komitəsinin sədri, Shaheen isə Avropa və regional təhlükəsizlik əməkdaşlığı altkomitəsinin aparıcı üzvüdür.

Senatorların sözlərinə görə, “iki əsas məsələ parlamentin seçki islahatı öhdəliyini yerinə yetirməməsi və hökumətin dinc etirazları zorakılıqla yatırtmasıdır”.

“Anlayırıq ki, vəd olunan seçki islahatı Gürcüstan seçicilərinə proporsional təmsilçilik verəcəkdi, sistemin bir siyasi partiyaya fayda verməməsini təmin edəcəkdi. Hökumətinizin bu dəyişikliyi önləmək qərarı Gürcüstanın demokratik institutlar qurmaq öhdəliyi üzrə gerilədiyii göstərir”, – senatorlar yazırlar.

Müəlliflərin fikrincə, “müstəqil və demokratik Gürcüstanın beynəlxalq tərəfdarları çoxdur və biz ölkənizə köməyi davam etdirməyə həvəsliyik”.

“Ancaq Gürcüstanın iqtisadi və siyasi inkişafını yalnız bu ölkə sabit, etimadlı və demokratik tərəfdaş kimi qaldıqca dəstəkləməyə həvəsliyik”, – məktubda vurğulanır.

Konqresmenlər nədən yazırdılar

Bir həftə öncə Gürcüstan hökuməti Nümayəndələr Palatasının dörd üzvünün göndərdiyi məktubu açıqlamışdı. Konqresmenlər hökumətin demokratik islahatlar vədini yerinə yeirməməsindən, polisin etirazçıları zorakılıqla yatırtmasından narahatlıq ifadə etmişdi. Məktubu respublikaçı konqresmenlər Adam Kinzinger Michael McCaul, demokratlar Gerald ConnolyEliot Engel imzalamışdılar. Məktubda qeyd olunurdu ki, bu ilin sonuna planlaşdırılan parlament seçkisi öncəsi hakim Gürcü Arzusu partiyası Facebook-da “geniş hesablar şəbəkəsi”ni maliyyələşdirir və onlar “açıq-aşkar antidemokratik və antiqərb fikirlər yayırlar”.

“Gürcü Arzusunun təyin etdiyi prokurorların partiyanın opponentlərinə qarşı köhnə hüquqi işləri yenidən açması xəbərlərindən də narahat olmuşuq. Bu işlərdən bəzilərinin əsası ola bilər, ancaq digərləri müxalif siyasi fiqurları, xəbərçiləri, beynəlxalq korporasiyaları, vətəndaş cəmiyyəti üzvlərini hədəfə alır”, – məktubda vurğulanırdı.

Konqresmenlər ümidvar olduqlarını bildirirdilər ki, Gürcüstan hökuməti Birləşmiş Ştatlar, Avropa Birliyi, QHT-lər ilə işləyərək “demokratik institutları möhkəmləndirəcək, Gürcüstan xalqının iqtisadi rifahını yaxşılaşdıracaq və Gürcüstan hələ uzun illər Birləşmiş Ştatların strateji tərəfdaşı kimi qalacaq”.

Ötən yay Tbilisidə kütləvi etirazları polis zorakılıqla dağıtmışdı.

Müxalifət partiyaları ölkənin seçki sisteminin ədalətsiz şəkildə hakim Gürcü Arzusu partiyasını faydalandırdığını bildirir.

İyun və iyul aylarında Tbilisidə həftələrlə yürüş edən minlərlə adam 2020-ci ildən proporsional seçki sisteminin tətbiqini tələb edirdi.

Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “sakit və sayqılı dialoq” aparmağa çağırmışdı.

XS
SM
MD
LG