Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:47

Suriya qüvvələri Hələbə nəzarəti gücləndirir


Suriya hökumət qüvvələri Hələb yaxınlığında
Suriya hökumət qüvvələri Hələb yaxınlığında

Suriya ordusu bazar ertəsi bildirib ki, Hələbin şimal-qərb ətrafında onlarla şəhərə nəzarəti ələ alıb və silahlı qruplar “harada aşkarlanarsa” məhv ediləcək.

Daha öncə Prezident Bashar al-Assad qüvvələri silahlıları Hələblə Dəməşqi birləşdirən M5 magistralından çıxarıb, Suriyanın iki ən böyük şəhəri arasında sürətli marşrutu illər sonra yenidən açıb. “Reuters” bunun Assad üçün böyük strateji qələbə olduğunu yazır.

“Müharibənin sonu deyil, amma...”

Assad bazar ertəsi deyib ki, qüvvələrinin son qazancı onun devrilməsini hədəfləyən doqquz illik üsyanın sonucda məhvindən xəbər verir. Ancaq dövlət televiziyasında çıxışında münaqişənin hələ bitmədiyi xəbərdarlığını da edib.

“Bilirik ki, bu azadetmə müharibənin sonu, yaxud bütün sui-qəsdlərin dağıdılması, düşmənin təslim olması, terrorun sonu demək deyil, amma onların burnunu yaxşıca ovur”, – Assad deyib.

“Bu, müxalifət qüvvələrinin gec, ya da tez tam məğlubiyyətinin başlanğıcıdır”, – o, sözlərinə əlavə edib.

İlin əvvəlindən hökumət qüvvələri Rusiyanın intensiv raket zərbələri və iranpərəst silahlıların dəstəyilə Hələbin ətrafını və qonşu İdlib vilayətinin bəzi hissələrini ələ keçirməkdən ötrü kampaniya başladıb.

Dünən Rusiya və hökumət qüvvələri Türkiyə sərhədi yaxınlığında, Hələbdən 30 km şimalda yerləşən Darat İzzaya raket zərbələri endirib, bir neçə dinc sakin yaralanıb, iki xəstəxana işini dayandırmalı olub.

Yüzminlərlə suriyalı Türkiyəylə sərhədə doğru yol alıb.

900 min köçkün

BMT-nin bazar ertəsi bildirməsinə görə, dekabrın əvvəlindən əsasən qadınlar və uşaqlar olmaqla 900 min adam evindən didərgin düşüb. Bu, daha öncəki rəqəmdən 100 min çoxdur.

“Suriyanın şimal-qərbindəki böhran dəhşətli yeni səviyyəyə çatıb”, – BMT-nin humanitar məsələlər üzrə başçısı Mark Lowcock deyib.

O, köçkünlərin dondurucu havada çöldə gecələməyə məcbur olduğunu vurğulayıb, “çünki düşərgələr doludur. Analar uşaqlarını qızındırmaq üçün plastik yandırırlar. Körpələr və balaca uşaqlar soyuqdan ölürlər”.

BMT-nin sözçüsü David Swanson son dörd gündə 40 mindən çox adamın ancaq Hələbin qərbindən didərgin düşdüyünü deyib. Orada ağır döyüşlər gedir.

“Reuters” bazar ertəsi Türkiyə və Rusiyanın Moskvada danışıqların yeni raundunun başlamasına diqqət çəkir. Ankara dəfələrlə tələb edib ki, Assad qüvvələri geri çəkilsin və atəşkəs bərpa olunsun.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrovun sözlərinə görə, islamçı silahlılar Rusiya bazaları və Suriya mövqelərinə hücumları davam etdiriblər və “bunu cavabsız qoymaq mümkün deyil”.

“Suriyadakı, İdlibdəki Rusiya və Türkiyə qüvvələri bir-birilə daimi kontaktdadır, şəraitdəki dəyişikliklərə baxırlar. Onlar bir-birini tam anlayırlar”, – Lavrov vurğulayıb.

XS
SM
MD
LG