İranın səhiyyə nazirliyi koronavirusdan daha 12 nəfərin dünyasını dəyişdiyini xəbər verir. Bununla da İranda koronavirus qurbanlarının sayı 66-ya çatıb, yoluxanlar 1501 nəfərdir.
İranın ali dini liderinə müşavirlik edən şuranın üzvü də ölənlər arasındadır, dövlət televiziyası martın 2-də bildirib.
Məsləhət Şurasının üzvü Mohammad Mirmohammadi Tehranda xəstəxanada virusdan vəfat edib. O, indiyədək İranda COVID-19 xəstəliyindən vəfat etmiş ən yüksək vəzifəli məmurdur.
Bu şura həm Ayətulla Ali Khamenei-yə məsləhətlər verir, həm də onunla parlament arasında vasitəçi kimi çıxış edir.
İranda indiyədək Vitse-prezident Masumeh Ebtekar, hökumətin koronavirusa qarşı işçi qrupunun rəhbəri Iraj Harirchi də virusa yoluxub.
Yaxın Şərqdə yeni koronavursa 1150 yoluxma halı var, çoxu da İranla bağlıdır.
Ekspertlər deyirlər ki, İranda ölüm hallarının yoluxmaya nisbəti 5,5 faizə yaxındır və bu, istənilən ölkədə olduğundan çoxdur. Yəni bu da yoluxmaların rəsmi rəqəmlərdən daha çox olması anlamına gəlir.
Martın 2-də Xarici İşlər Nazirliyi onlayn brifinq keçirib. Nazirliyin sözçüsü Abbas Musavi brifinqi açaraq ABŞ Dövlət katibi Mike Pompeo-nun İrana kömək təklifini rədd edib.
Britaniyanın Tehrandakı səfirliyi virusa görə təxliyəyə başladığını açıqlayıb.
“Ən vacib işləri görməli olan əməkdaşlar qalacaq”, – Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.